“Qarabağ” çempionluğuna ləkə vurmaq istəmirsə...
Bizi izləyin

İdman

“Qarabağ” çempionluğuna ləkə vurmaq istəmirsə...

“Qarabağ” çempionluğuna ləkə vurmaq istəmirsə...

Azərbaycan Premyer Liqasında 35-ci turun oyunları bu gün keçiriləcək.

Publika.az xəbər verir ki, çempionatdakı bütün müəmmalara böyük ölçüdə aydınlıq gəlib. Çempion məlumdu, avrokuboklara gedəcək komandalar da bəllidi. Qalır bəzi detalların yerinə oturması. Bürünc medalın taleyi hələ də müəyyənləşməyib. Son 2 turda “Qəbələ” və “Neftçi” bunun üçün mübarizə aparacaq.

Bir də qalır sonuncu pillənin sahibini müəyyənləşdirmək. AFFA növbəti dəfə qeyri-peşəkarlıq etməsə, elitanı kimsə tərk etməlidi axı... Bax, son 2 turda o “kimsə”nin hansı komanda olacağı maraqlandıracaq hər kəsi.

Bu, onun haqqıdı, ancaq...

Ya “Rəvan”, ya da “Sumqayıt”. Elə növbəti tur haqda yazıya da bu komandaların qarşılaşmaları ilə başlamağı vacib bildik. 35-ci turda “Sumqayıt” çempionluğu təmin etmiş “Qarabağ”ı qəbul edəcək.

“İnter”lə oyundan sonra Qurban Qurbanov bildirdi ki, son 2 turda gənclərə şans verəcək. Bu, baş məşqçi kimi onun haqqıdı. Ancaq Qurban müəllim qərar verərəkən Azərbaycan Premyer Liqasının reallığını da nəzərə almalıdı. “Qarabağ”ın gəncləri “Sumqayıt”a məğlub olsa, söz-söhbət aləmi götürəcək, hələ desən “Qarabağ”ın çempionluğunu da ləkələyəcəklər. Bütün bunları nəzərə alıb, əlavə söz-söhbətə rəvac verilməməlidi. “Qarabağ” “Sumqayıt”la oyunda qələbə qazanmalıdı. Özü də mütləq şəkildə. Yoxsa... Yoxsa, “Qarabağ”a “PFL-in prezidenti Ramin Musayevin tapşırığı ilə Elxan Məmmədova işlədi” damğası yapışdırılacaq.

Ardı da olmalıdı mütləq

Elitada qalmaq üçün çarpışan “Rəvan”ın işi isə çətindi. “Rəvan” “Neftçi”nin qonağı olacaq. Tam əmin olmaq lazımdı ki, “Neftçi” bu qarşılaşmada bütün qüvvəsini ortaya qoyacaq ki, “Rəvan”ı məğlub etsin. Ortada Böyükağa Hacıyevin komandasının “Sumqayıt”a müəmmalı məğlubiyyəti var. “Neftçi” Elxan Məmmədova bir oyunluq işləməyib ki... Ardı da olmalıdı mütləq.

Nəzərə alsaq ki, Elxan Məmmədovla Ramin Musayev bir ittifaqda birləşiblər, onda hakimlərin də “Rəvan”ı son 2 turda olmazın sıxma-boğmaya salacağı gözləniləndi. “Rəvan” yalnız və yalnız özünə güvənməlidi.

Bu qarşılaşma prinsipial mübarizə vəd edir

Nisbətən prinsipiallıq kəsb edən qarşılaşmalardan biri də “Şəfa”da baş tutacaq. “Qarabağ”dan sarsıdıcı zərbə alan “İnter” son turlar qələbələri sıralayan “Qəbələ”ni qəbul edəcək. Nəzəri cəhətdən Syominin yetirmələrinin 2-cilik şansı qalır. Ancaq qələbə təqdirində. Məğlubiyyət “Qəbələ”ni hazırda qərarlaşdığı 3-cü pillədən də edə bilər. Tsxadadze ötən turdakı məğlubuyyətdən sonra futbolçularını toparlaya biləcəkmi? Unutmayaq ki, “bankirlər” hazırda həm fizki, həm də nənəvi cəhətdən yorğundurlar. “Qəbələ”də isə əksinə, komandanın sanki 2-ci nəfəsi açılıb. Bütün hallarda, bu qarşılaşma prinsipial mübarizə vəd edir.

“Xəzər Lənkəran” kiçik təsəlli tapacaq?

Çempionatda heç bir iddiaları olmayan 2 komanda – “Simurq” və “Xəzər Lənkəran” Zaqatalada üz-üzə gələcəklər. Bu komandaların dueli yalnız 6-cı pillə uğrunda mübarizə üçün müəyyən maraq kəsb edir. “Xəzər Lənkəran” 2 turdu ki, meydana Dənizlinin yox, Oğuz Çətinin rəhbərliyi altında çıxır. Və 2 oyuna 8 qol vurur. “Simurq” isə son turlar qol vurmaqda çətinlik çəkir. Cənubluların hücum arsenalı Zaqatalada da işə yarayacaqmı? Hər halda, “ağ-yaşıllar” bu qarşılaşmada qalib gəlməklə 6-cı pillədəki yerini təmin etmiş olacaq. Üstəlik mövsümün qapısını da möhkəm çırpacaq. Məhz bu amil “Xəzər Lənkəran” üçün kiçik təsəlli ola bilər.

“Bakı”da acından ölən futbolçular...

Turun daha bir qarşılaşmasında “Bakı” AZAL-ı qəbul edəcək. Hafiz Məmmədovun komandası ətrafında olmazın söz-söhbət gəzir. Əslində bu tip söz-söhbətlər bu günün işi deyil. Məmmədov bütün diqqətini Fransaya yönəldəndən sonra onun haqqında müəmmalı xəbərlər yayılmağa başladı. Bu xəbərlərin fonunda da “Bakı”nın çöküşü baş verirdi. Bu da nəticəsi. Hafiz Məmmədov özü haqqında yayılan məlumatlara münasibət bildirmək hayında deyil, can üstündə olan “Bakı” necə yadına düşsün? Pantiçin komandadakı problemlərlə bağlı bir neçə tur əvvəl dediyi fikirlər ötən tur “Qəbələ” ilə oyundan əvvəl çılpağlığı ilə isbatlandı. “Bakı”da sözün həqiqi mənasında qiyam baş verdi. Futbolçuların məvacibləri hələ də verilməyib. “Bakı”dakı maliyyə böhranı o həddə çatıb ki, klub ondan FİFA-ia şikayət edən və qalib gələn futbolçunun da borcunu ödəməyə vəsait tapa bilmir. Maraqlıdı, “Bakı”da acından ölən futbolçular AZAL-la oyuna hansı əhval-ruhiyyə ilə çıxacaqlar?

12 may

İnter - Qəbələ

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Munis Abdullayev, Mahir Məmmədov.

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Hakim-inspektor: Şahin Cəfərov.

“Şəfa” stadionu. Saat 18.00.

Neftçi - Rəvan

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Ramiz Abdullayev.

Hakim-inspektor: Məlik Həsənov.

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 18.00.

Sumqayıt – Qarabağ

Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Coşqun Həsənov, Sərxan İsmayılov.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Akif Məmmədov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 18.00.

Simurq - Xəzər Lənkəran

Hakimlər: Elvin Əsgərov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Hüseynli.

AFFA nümayəndəsi: Maşallah Əhmədov.

Hakim-inspektor: Kərim Ağayev.

Zaqatala şəhər stadionu. Saat 18.00.

Bakı – AZAL

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Namiq Hüseynov, Ramiz Məhərrəmov.

Əlavə köməkçi hakimlər: Alik Yunusov, Ramil Diniyev.

AFFA nümayəndəsi: Adil Nadirov.

Hakim-inspektor: Səfər Haşımov.

"Bakı"nın təlim-məşq bazasının stadionu. Saat 18.00.

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm