Xəzərdən başlayan səyahət Naxçıvana yetişdi - - FOTOLAR
Bizi izləyin

İdman

Xəzərdən başlayan səyahət Naxçıvana yetişdi - - FOTOLAR

Səyahət 15 bölgəni əhatə edəcək.

Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu Naxçıvana yetişib.

Publika.az xəbər verir ki, Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

Bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Şahbuz rayonunun dağlıq ərazisində yerləşən şəffaf, göz yaşı kimi dupduru suyu ilə tanınan, gözəl və mənzərəli Batabat gölü ətrafında tədbir keçirilib. Batabat gölü Naxçıvan şəhərinin şimal istiqamətindən bir saatlıq məsafədə yerləşir. Yumşaq torf adacıqları onun üzərində bir neçə gün ərzində “üzərək”, iki-üç metrlik məsafəni qət edir.

Su mərasimi, şahmat həvəskarı Murad Əliyarov, Avropa çempionatının cüdo üzrə bürünc medal mükafatçısı Orxan Quliyev və Bakı 2015 Avropa Oyunlarının boks üzrə bürünc medal mükafatçısı Tayfur Əliyev tərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirilib. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.

Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində İlham Əliyev adına Olimpiya İdman Kompleksində möhtəşəm bir layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədi ilə məktəblilər arasında təşkil olunan müsabiqədə İslam Oyunlarının idmançı səfiri Hacı Əliyev də iştirak edib. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşadıb.

Mərasim axşam saatlarında Heydər Əliyev Parkında keçirilən Su festivalı tədbiri ilə davam edib. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri Mirvari rəqs qrupu, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyev və Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının ifasından, möhtəşəm lazer şou və atəşfəşanlıqdan zövq alıblar.

Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Naxçıvan sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olunub.

Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən Bakı 2015 Avropa Oyunlarının boks üzrə bürünc medal mükafatçısı Tayfur Əliyev deyib: “Çoxları fikirləşə bilər ki, idmançı kimi bizim işimiz yalnız yarışlarda iştirak edib medal qazanmaqdır. Ancaq biz, eyni zamanda tədbirin simalarından biri olmaqla tək yarış meydanında deyil, təşkilati məsələlərdə də iştirak edib tədbirin ölkəmizə verəcəyi töhfələri diqqətə çatdırmaq istəyirik.”

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 9 aprel tarixində Astara rayonu olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm