Su festivalı Qusarda
Bizi izləyin

İdman

Su festivalı Qusarda

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 29-da Azərbaycanın şimal qapısı sayılan Qusarda davam edib.

Publika.az xəbər verir ki, axşam saatlarında Qusar şəhərindəki General Mahmud Əbilov adına parkda xoş anlarla yadda qalan su festivalı keçirilib.

Festivalın əvvəlində iştirakçılara “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları haqqında məlumat verilərək bildirilib ki, beynəlxalq idman yarışında 57 ölkənin 3 mindən çox idmançısı təmsil olunacaq. 12 gün sonra start veriləcək İslam Həmrəyliyi Oyunlarının təşkilinin əsas məqsədi İslam ölkələri arasında həmrəylik və əməkdaşlıq ruhunun möhkəmləndirilməsi və müsəlman gəncləri arasında əlaqələrin inkişaf etdirilməsidir.

Daha sonra festival iştirakçıları “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan səhəngi qusarlı uşağa təhvil verməsi görüntülərini izləyiblər. Xəzər dənizindən götürülmüş suyun keçdiyi səyahət yoluna, o cümlədən Qusar mərhələsinə nəzər salınıb.

Görüntüləri izlədikdən sonra su qabını daşıyan respublikanın Əməkdar Məşqçisi Carulla Şinqarov, buzadırmanma idmanı üzrə dəfələrlə Azərbaycan çempionu adını qazanmış alpinist Renat Rəhimxanov, şahmat həvəskarı Mətin Bədəlov səhnəyə dəvət olunublar.

Qusar sakinləri və şəhərin qonaqları bir neçə saat ərzində əsl bayram ab-havasında keçən festivalda bir birindən maraqlı çıxışlar izləyiblər. “Mirvari” rəqs qrupunun, müğənni Cəmilə Zalovanın çıxışlarını tamaşaçılar alqışlarla qarşılayıblar. Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb.

Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı Quba şəhəri olacaq.

Xatırladaq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Qusar mərhələsinə aprelin 29-da Laza kəndi yaxınlığındakı şəlalədən suyun götürülməsi ilə start verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm