Mustafa Dənizli min bir bəhanə gətirdi
Bizi izləyin

İdman

Mustafa Dənizli min bir bəhanə gətirdi

Mustafa Dənizli min bir bəhanə gətirdi

“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizlinin istəyi ilə “Hilton” otelində keçirilən mətbuat konfransı başa çatıb.

Publika.az xəbər verir ki, türkiyəli çalışdırıcı bir sıra önəmli məqamlara toxunub. O, qardaş ölkədə baş verən məlum faciənin qurbanlarının xatirəsini birdəqiqəlik sükütla yad edəndən sonra nitqə başlayıb:

“Adətən mən mətbuat konfranslarını mövsümün sonunda keçirirəm ki, mövsümün yekunlarına nəzər salım və planlarım haqda danışım.Bura mövsümün ortalarında gəlmişəm. Biz o zaman birinci yerdən uzaq idik. Oyun ərzində orta hesabla bir xal qazanırdıq. Qarşıma kubokda uğur qazanmaq tapşırığı qoyuldu. Təəssüf ki, “Qəbələ”yə qarşı yarımfinal oyunlarında hər şey planlaşdırdığımız kimi getmədi. Biz ən yaxşı vəziyyətdə deyildik. Etiraf edim ki, tapşırıqların öhdəsindən gələ bilmədik. Ancaq biz yerli çempionatı yaxşı öyrəndik. Növbəti mövsümdən öz oyunçularımız çox olmalıdı. Əcnəbilər bizə, böyük ehtimalla, gərək deyil. Özümüzünküləri dəvət edəcəyik. Mövsümqabağı hazırlıq proqramı hələlik tərtib edilməyib. Hələ növbəti mövsümün nə vaxt başlayacağını bilmirik”.

Dənizli komandanı gec götürdüyünü önə çəkib: “Xəzər Lənkəran”ın düşdüyü vəziyyət mənim özümə də xoş gəlmir. Mən həmişə liderlər qrupunda olmaq istəmişəm. Ancaq biz təslim olmamalıyıq. Buna rəğmən, mən bu barədə çox mütəəssirəm. Əgər mən komandanı mövsümün əvvəlində qəbul etsəydim, indi nə isə haqda danışmaq olardı. Qeyd etdiyim kimi, biz liderlər qrupundan çox geri qalırdıq. Ən uzağı üçlüyə düşmək olardı”

Dənizli etiraf edib ki, komanda azarkeşlərin etimadını itirib: “Boş tribunalar? Belə nəticələrlə bu, normaldı. Ancaq yaxşı nəticələr azarkeşləri tribunalara qaytara bilər”.

Baş məşqçi 35-ci tur çərçivəsində “Simurq”a qarşı keçirdiyi oyunda iştirak etməməsinin səbəbini də açıqlayıb: “Mən özümü pis hiss edirdim və belə bir səfəri özümə rəva görə bilməzdim. “İnter” - “Qəbələ” oyununda idim. Ala biləcəyimiz futbolçulara baxırdım. Ümumilikdə, dörd-beş nəfər”.

Zaldan “Bəlkə rəhbərliyi öz köməkçiniz Oğuz Çətinə verəsiniz?” sualı və “Sizsiz o, dörd oyunda məğlubiyyət görməyib” atmacası səslənib. Türk mütəxəssis cavabında gülərək “Oğuzla aramızı vurmayın. Yaxşısı budu ki, ondan necə məğlub olmamağı bacardığını soruşun. Elə məqamlar var ki, oyunçularla yumşaq davranmaq lazım gəlir. Oğuz bu məqamları yaxşı hiss edir. Uğur ancaq yumşaqlıqdan ibarət olsaydı, həmişə elə olardım” söyləyib.

“Son dəfə rəhbərliklə nə vaxt görüşmüşəm? Ötən həftə. Gələcək barədə danışdıq. Onlara siyahı təqdim etdim. Görək, onlar bunu nə dərəcədə yerinə yetirə biləcəklər. Buna rəğmən, istəklərim yerinə yetirilməsə belə, bu, o demək deyil ki, tərəflər ayrılmalıdı. Siyahıda göstərilmiş yerli futbolçuların sıralarımıza keçmək istəyinin nə dərəcədə olduğunu araşdırmaq vacibdi. Yeri gəlmişkən, buna alternativ də var” cümlələriylə fikrini yekunlaşdıran mütəxəssis bu mətbuat konfransıyla işində qalacağını bəyan etmiş olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm