• USD 1,7000 0,00% EUR 1,9550 -0,51%
    • GBP 2,2267 -0,57% RUB 0,0259 -0,39%

Gəncədə “İradənlə tarix yaz”

Gəncədə “İradənlə tarix yaz”

“Bakı Marafonu” son illərdə keçirilən ən uğurlu layihələrdən biri kimi tarixə düşüb desək, yanılmarıq. Paytaxtımız düz iki dəfə möhtəşəm marafona ev sahibliyi edib. On mindən çox gənc şəhər küçələrinə axışıb, könüllü olaraq qaçış meydançasında öz bacarığını sınayıb. Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə təşkil edilən marafonda hətta ölkə prezidentinin qızlarının da iştirak etməsi bu əzəmətli yarışa marağı daha da artırıb. Fondun vitse-prezidenti Leyla Əliyevanın sosial şəbəkələrdə bütün gəncləri marafonda iştiraka səsləməsi və özünün də onlarla birgə qaçışa qoşulması böyük əks-səda yaradıb.

“Küləyə qalib gəl” şüarı altında keçirilən və 13 min insanı ətrafına toplayan marafonun məqsədi gənclərdə təkcə sağlam həyat tərzini təşviq etməkdən ibarət deyildi. Həmçinin Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanları xeyirxah məqsədlər naminə bir araya gətirmək və pozitiv enerji yaratmaq da marafonun məqsədləri sırasında idi. Bu ideyanın belə kreativ şəkildə həyata keçirilməsini çoxları rəğbətlə qarşıladı. Ən əsası odur ki, bu qeyri-adi tədbir nəinki gənclərin, eləcə də yaşlı insanların sağlam həyat tərzinə qoşulmasında inanılmaz rol oynadı, onlarda qaçışa olan sevgini oyatdı.

Bu möhtəşəm marafon bir neçə ay bundan öncə baş tutsa da, cəmiyyətdə yaratdığı səs hələ də müzakirə olunur. Məhz bu səbəbdən də təşkilatçılar layihənin coğrafiyasını daha da genişləndirmək, marafonu artıq regionlarda da reallaşdırmaq qərarına gəliblər. Buna səbəb həm də “Bakı marafonu”na təkcə paytaxt sakinlərinin deyil, Azərbaycanın bölgələrindən də əhalinin olduqca böyük maraq göstərməsi, iştiraka can atmasıdır. Statistikaya nəzər salsaq, sonuncu marafonda müxtəlif ölkələrdən 1000-dən çox əcnəbi, Azərbaycanın ayrı-ayrı bölgələrindən isə 600-dək nümayəndə iştirak edib. Marafonun artıq regionlara da ayaq açmasının və bu ilin sentyabr ayının 17-də qaçış həvəskarlarını Gəncəyə toplamasının başlıca səbəbi elə budur. Qədim tarixə sahib Gəncə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edəcək ilk şəhər olacaq.

Layihə regionlarda idmanın inkişafına dəstək, sağlam həyat tərzini, eləcə də Azərbaycanın ayrı-ayrı bölgələrində müxtəlif yaşda insanlar arasında xeyirxah amallar naminə həmrəylik ideyalarını təbliğ etmək məqsədi daşıyır. Bu qaçış yarışı kütləviliyi, daha çox iştirakçını əhatə etməsi ilə də digərlərindən fərqlənəcək.

Artıq hazırlıq işlərinə başlanılan marafonda dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar, ictimaiyyət nümayəndələri, tələbələr və turistlərin də iştirak edəcəyi gözlənilir.

Layihənin ən müsbət cəhətlərindən biri də odur ki, burada yaş məhdudiyyəti yoxdur. Yaşı 16-dan yuxarı olan hər kəs qaçış meydançasında öz məharətini göstərə bilər. Məsələn, ikinci yarışmanın ən yaşlı iştirakçısı bu vaxtadək müxtəlif ölkələrdə 40-dək marafona qoşulan 78 yaşlı Tarverdi Əliyev olub. Bu fakt özü layihənin möhtəşəmliyini və heç kimi diqqətdən kənarda qoymadığını bir daha sübut edir.

Qeyd edək ki, “Gəncə Marafonu –2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur.

Marafonun icrasını “Sport Marketing Group” şirkəti həyata keçirir.

Layihənin eksklüziv tərəfdaşı "Azercell Telekom" şirkətidir. Yeri gəlmişkən, bu, “Azercell Telekom”un dəstəyi ilə keçirilən ikinci belə layihədir. Bir neçə il bundan əvvəl baş tutan “Siqaretsiz həyat daha gözəldir” sosial layihəsinin də məqsədi sağlam həyat tərzinə dəstək olmaq idi. Məhz bu sosial layihənin şüarı altında 2 gənc - Adil Məmmədli və Rüfət Nəcəfov - Bakıdan respublikanın şimal sərhədinədək qaçış edərək, siqaretə “yox” demişdi. Bakı-Şabran-Quba-Qusar-Samur buraxılış məntəqəsi istiqamətində marafon qaçışı edən gənclər bu təşəbbüslə hər il dünyada minlərlə insanın ölümünə səbəb olan siqaretdən uzaq durmağa səsləmişdi. Gənc nəslin siqaretin zərəri barədə məlumatlandırılmasına yönələn bu mühüm layihənin də kifayət qədər böyük faydası olmuşdu. Ümumiyyətlə, bu cür marafonlar maarifləndirici xarakterə malikdir və indiyədək London, Paris, Boston, Nyu-York, Berlin, Barselona və İstanbul kimi dünyanın iri şəhərlərində də təşkil olunub. Sevindirici haldır ki, Azərbaycanda keçirilən bu mühüm layihə xeyriyyə xarakteri daşıyır. Belə ki, fiziki şəxslər və korporativ yarışçılar heç bir ödəniş etmədən marafonda iştirak edə bilərlər.

Təxminən bir aydan sonra möhtəşəm layihəyə ev sahibliyi edəcək Gəncədə hazırda qızğın hazırlıq işləri gedir. Qaçış üzrə yarış şəhərin “Zəfər Tağı”ndan start götürəcək. Marafon Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edəcək. Marşrut boyu hər iki kilometrdən bir yaradılmış yardım məntəqələri marafonçuları su, sanitar qovşaq və ilkin tibbi yardımla təmin edəcək. Marafon iştirakçıları Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni qət etməlidirlər. İnsanlarda stimul yaradan bu marafona qoşulan hər kəsə öz potensialını yoxlamaq və birincilik uğrunda mübarizə aparmaq şansı veriləcək.

Finiş xəttini ilk keçən qaçışçıların əməyi yüksək qiymətləndiriləcək. Kişi və qadın iştirakçıları ilk 3 yer uğrunda mübarizə aparacaqlar. Mükafatlandırma mərasimi 2 kateqoriyada olacaq. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 manat, 2-ci yerin qalibi 2 000 manat, 3-cü yerin qalibi isə 1 000 manat məbləğində mükafat və hədiyyələrlə təltif olunacaq. Qaliblərə medal və sertifikatların da təqdim olunması nəzərdə tutulub. Bundan əlavə, marafon günü hər kəs üçün açıq olan fan-zonalar təşkil olunacaq. Burada iştirakçılar üçün müxtəlif əyləncə, konsert və şənlik, oyunlar, lotereyalar keçiriləcək. Fan-zonanın hər bir ziyarətçisi marafonun finişinə çatan qaçışçıları şəxsən qarşılamaq və qalibləri təbrik etmək imkanı qazanacaq.

Hər kəsin böyük maraqla gözlədiyi möhtəşəm “Gəncə Marafonu-2017” qaçış yarışmasında iştirak etmək üçün qeydiyyatdan keçməyə tələsin!

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>