"Qarabağda böyük qələbənin müjdəçisi" - MİLLƏT VƏKİLLƏRİ TARİXİ QƏLƏBƏDƏN DANIŞDILAR
Bizi izləyin

İdman

"Qarabağda böyük qələbənin müjdəçisi" - MİLLƏT VƏKİLLƏRİ TARİXİ QƏLƏBƏDƏN DANIŞDILAR

Dünən gecə Azərbaycanın futbol tarixində bir ilk baş verdi. “Qarabağ” futbol klubu Danimarka təmsilçisi “Kopenhagen” ilə keçirilən iki oyunun nəticəsinə görə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi. Azərbaycan xalqı böyük qələbəni coşqu ilə qeyd etdi.

Publika.az tarixi qələbədən sonra ölkənin tanınmış ictimai-siyasi xadimlərinin matç haqqındakı təəssüratlarını öyrənib.

Millət vəkili Gövhər Baxşəliyeva bildirib ki, “Qarabağ”ın qələbsi bütün Azərbaycan xalqı kimi onu da hədsiz sevindirib. Millət vəkili arzu edib ki, bu qələbə daha böyük qələbənin, Qarabağa qayıdışımızın müjdəçisi olsun:

“Hamımızın istəyi odur ki, Qarabağın, Azərbaycanın adı daha da yüksəlsin, qələbə soraqlarımız dünyanın böyük arenalarından gəlsin. Hamımızın canımızdan çox sevdiyi Azərbaycanın yüksəlməsi hər birimizin arzusudur. Oyundan dərhal sonra insanlar böyük qələbənin coşqusu ilə paytaxt küçələrinə çıxdılar. Bu göstərdi ki, insanlar bu qələbəni nə qədər arzulayırdılar. Bu qələbəni hamımız gözləyirdik”.

Millət vəkili “Qarabağ” komandasına da qarşıdakı oyunlarda uğurlar arzulayıb:

“Qoy, “Qarabağ” komandası qarşıdakı oyunlarda xalqımızın bütün gözləntilərini doğrultsun. Mən həmçinin komandanın bütün üzvlərinə, onun rəhbərliyinə təşəkkür edirəm ki, xalqımızı sevindirdilər. Hər bir qələbənin arxasında yüzlərlə insanın böyük əməyi dayanır. Bir daha təkrarlayıram ki, bu qələbə Qarabağda daha böyük qələbənin müjdəçisi olsun”.

Millət vəkili Flora Qasımova qeyd edib ki, “Qarabağ”ın mötəşəm qələbəsi Azərbaycanı bir daha tanıtdı, Qarabağın Azərbaycanın ərazisi olduğu faktını təsdiqlədi.

Millət vəkilinin sözlərinə görə, “Qarabağ” Azərbaycana uzun illərdir ki, yaşamadığı bir futbol qələbəsinin sevincini yaşadıb:

“Qarabağ” dünən mübariz oyunla ümidlərimizi doğrultdu. Komandaya və baş məşqçisi Qurban Qurbanova daha böyük uğurlar arzulayıram. Zəhmətləri hədər getmədi. Gələcək oyunlarında komandaya müvəffəqiyyətlər arzulayıram. Bu, böyük zəhmət və əməyin nəticəsi idi. O günlər olsun, Qarabağda böyük qələbə xəbərlərini eşidək. Bu qələbə böyük qələbələri bizə daha da yaxınlaşdırsın”.

O, insanlar böyük qələbəni paytaxt küçələrinə çıxaraq qeyd etməsindən böyük qürur hissi keçirdiyini söyləyib:

“Xalqımız onların qələbəsinə böyük coşğu ilə cavab verdi. Komanda heyətinin hava limanında böyük sevinclə qarşılanmasından qürur hissi keçirdim. Qurban Qurbanovun göz yaşlarını gördüm. Qarabağın adını daşıyan bir komandanın qələbəsi əlbəttə ki, düşmənlərimizi kədərləndirdi. Onlar əmin oldular ki, Azərbaycan Qarabağ uğrunda qələbələri də belə qarşılayacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm