Çempion üçün ilk ciddi sınaq: "Qarabağ" - "Qəbələ"
Bizi izləyin

İdman

Çempion üçün ilk ciddi sınaq: "Qarabağ" - "Qəbələ"

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun son 2 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, meydana 3 şərikli liderlə hələlik 3 xalla 5-ci pillədə qərarlaşmış "Sumqayıt" çıxacaq.

"Gənclik şəhəri" təmsilçisini ilk pillədə qərarlaşmış "Zirə" qəbul edəcək. Əvvəlki 2 matçından qalib ayrılan Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv ötən mövsüm Avropa Liqasına vəsiqəni son turlarda Samir Abasovun rəhbərlik etdiyi "Sumqayıt"ın əlindən alıb. Buna görə də Abasovun Abbasovla intriqası dərinləşməkdədir.

İndiyədək bu komandalar çempionatda 8 dəfə üz-üzə gəliblər. Bunların yarısında "Zirə" qalib gəlibsə, 2 dəfə "Sumqayıt" üstün olub və eyni sayda heç-heçə qeydə alınıb. Topların nisbəti də "Zirə"nin xeyrinədir - 8:5. Digər tərəfdən, son 5 oyundan 4-də 1 qol vurulub. “Zirə” öz meydanında yalnız 1 dəfə uduzub.

Turun son oyunu isə artıq prinsipial rəqiblərə çevrilmiş "Qarabağ" və "Qəbələ" komandaları arasında olacaq. "Azərsun Arena"da keçiriləcək matça meydan sahibləri Çempionlar Liqasının qrup mərhələsinə tarixi vəsiqədən doğan yüksək motivasiya ilə çıxacaqlar. Avropa Liqasında mübarizəni erkən dayandırmış "qırmızı-qaralar" isə bütün diqqətlərini Premyer Liqaya yönəldiblər. Hər iki komanda ilk turu qələbə ilə başa vurub.

Əvvəlki 36 matçda isə "Qarabağ" 16, "Qəbələ" 9 qələbə qazanıb, 11-də heç-heçə qeydə alınıb. Topların nisbəti də ağdamlıların xeyrinədir - 46:34. Son 5 oyunda meydan sahibi olan tərəf uduzmayıb. “Qarabağ” son 4 ev matçında yenilməyib.

Azərbaycan Premyer Liqası, 3-cü tur

26 avqust (şənbə)

18:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Məhəmməd Məmmədov

Zirə İdman Kompleksinin stadionu

20:30. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Əli Hüseynov

“Azersun Arena”

Hər iki oyun “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, ilk oyun günündə "İnter" "Səbail"i 1:0 hesabı ilə yenib, "Neftçi" - "Kəpəz" matçında qalib müəyyənləşməyib - 0:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm