Azərbaycanlı cüdoçu dünya çempionatında gümüş qazandı
Bizi izləyin

İdman

Azərbaycanlı cüdoçu dünya çempionatında gümüş qazandı

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib.

Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin üç üzvü tatamiyə çıxıb.

İdmançılarımız mundialın ilk günündə yığmamızın medal hesabını açıb. Xanım idmançılarımız ilk görüşdə uduzubsa, Orxan Səfərov dünya çempionatının gümüş medalını qazanıb.

Kişilər

60 kq

Millimizin bu çəki dərəcəsindəki lideri Orxan Səfərov mundiala 1/16 finaldan başlayıb. O, öncə bolqarıstanlı Yanislav Çerçevi mübarizədən kənarlaşdırıb. Həmyerlimizə qələbə üçün 49 saniyə kifayət edib.

1/8 finalda portuqaliyalı Qonsalo Mansinyo ilə görüşən Orxan rəqibini 30 saniyəyə məğlub edib. Yarımfinala vəsiqə uğrunda döyüşdə 26 yaşlı Səfərov Eldost Smetovla (Qazaxıstan) üz-üzə gəlib. Olimpiya Oyunlarının gümüş mükafatçısı da təmsilçimiz qarşısında aciz qalıb. Orxan bu dəfə də vaxtından əvvəl qələbə qazanıb və Rio-2016-nın yarımfinalındakı məğlubiyyətin revanşını alıb.

Dünya və Avropa çempionatlarının mükafatçısı olan təmsilçimiz yarımfinalda özbəkistanlı Diorbek Urozboyevlə qarşılaşıb. Cüdoçumuz bu dəfə də ipponla qələbə qazanıb. 2 dəqiqə 10 saniyəyə finala yüksələn təmsilçimiz yığmamızın ilk medalını təmin edib.

Orxanın həlledici qarşılaşmada rəqibi Naohişa Takato olub. Rio-2016-da bürünc uğrunda döyüşdə uduzduğu asiyalıdan revanş almağa çalışan Orxan bunun öhdəsindən gəlməyib. İpponla uduzan Səfərov mundialı gümüş mükafatla bitirib.

Qadınlar

48 kq

Bu çəki dərəcəsində yığmamız iki idmançı ilə təmsil olunub. 1/32 finaldan mübarizəyə qoşulan Bazarraqça Erdenebat ilk görüşdə rumıniyalı Aleksandra Popla qarşılaşıb. Milliləşən legionerimiz tatamini məğlubiyyətlə tərk edib.

Bazarraqça kimi Leyla Əliyevanın da DÇ-dəıki çıxışı 1 döyüşdən ibarət olub. O, 1/16 finalda yaponiyalı Funa Tonakiyə uduzub. Sonda da məhz “Gündoğar ölkə” təmsilçisi çempion adını qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması Macarıstana 17 cüdoçu (9 kişi, 8 qadın) ilə yollanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm