Sabah “Qarabağ”ı nə gözləyir? - ŞƏRHÇİLƏRİN RƏYLƏRİ
Bizi izləyin

İdman

Sabah “Qarabağ”ı nə gözləyir? - ŞƏRHÇİLƏRİN RƏYLƏRİ

Sabah doğma “Qarabağ”ımız Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanı təmsil edən “AS Roma” komandası ilə qarşılaşacaq.

Publika.az xəbər verir ki, tarixi matç saat 20:00-da başlayacaq.

Çempionlar Liqası çərçivəsində ilk ev oyununa çıxan komandamızın oyundakı şanslarını dəyərləndirmək məqsədilə məşhur şərhçilərin fikirlərini öyrəndik.

Şərhçi Emin Abbasov:

“Bu matç barədə geniş təfərrüatlara ehtiyac yoxdur. Sadəcə deyə bilərəm ki, sabah istər “Qarabağ”, istərsə də Azərbaycan futbol tarixi üçün əhəmiyyətli bir gecə olacaq.

Hər kəs anlayır ki, Çempionlar Liqasının qrup mərhələsində 1 və ya 3 xal almaq üçün ən ideal rəqibimiz “AS Roma” komandasıdır. Bunu qrupdakı rəqibilərimizin müqayisələri sayəsində görürük. Matçın səfərdə deyil, evdə keçirilməsi də bizim ikinci avantajımızdır. Bu mənada "Roma" ilə oyundan xal qazanmaq daha realdır, nəinki “Çelsi” və “Atletiko Madriddən”.

Bir neçə gün öncə baş məşqçi Qurban Qurbanov “AS Roma”nın oyununu izləmək üçün İtaliya çempionatına qatılmışdı. Məhz bunun sayəsində baş məşqçinin rəqibi diqqətli analiz etdiyini deyə bilərəm.

Sabahkı oyunda “Qarabağ”ın diş göstərəcəyinə və bütün gücü ilə mübarizə aparacağına inanıram. Sabahkı oyun bəlkə heç-heçə və bəlkə "1-0"-lıq qələbə ilə başa çata bilər.

Sabah, həmçinin, “Çelsi” ilə keçirdiyimizdən daha yaxşı oyun izləyəcəyimizə əminəm. Çünki “Çelsi” “AS Roma”ya nisbətən qat-qat güclü və prestijli komandadır. İkincisi isə, “Çelsi” ilə keçirdiyimiz matç səfərdə idi və komandamızın Çempionlar Liqasında ilk oyunu idi. Buna görə komandaya həyəcan, qorxu, təcrübəsizlik, azarkeş dəstəyinin olmaması kimi nüanslar böyük təsir göstərirdi. Ancaq bəxtimiz gətirdi ki, "Roma" ilə ilk oyun evdə keçiriləcək. Çünki “Qarabağ” evdə daha rahat və hücuma köklənmiş oyun oynayır. Həm də komandamız səfər oyunlarındakı səhvlərindən dərs çıxarmağı bacarır deyə, bu oyunda daha mükəmməlləşmiş komanda görmək şansımız var.

“Çelsi” ilə keçirilən oyundakı qoların əksəriyyətini öz səhvlərimiz ucbatından buraxdıq. Ancaq burada bir nüansa diqqət etmək lazımdır ki, komanda rəqibin imkan verdiyi tərzdə oynayır. Yəni “Çelsi” “Qarabağ”ı səhv etməyə məcbur edirdi. Lakin mən inanmıram ki, "Roma" təmsilçisi “Qarabağ”a ilk rəqibi qədər təzyiq göstərə biləcək.

Qurban Qurbanovun start heyəti və taktikalar mövzusunda riskə gedəcəyini zənn etmirəm. Çünki o, evdə daha soyuqqanlı oyun tərzi sərgiləməyi sevir. Düşünütəm ki, “Qarabağ” bu dəfə özünəməxsus oyununu oynasa, yəni topa nəzarəti və oyunun diqtəsini öz əlində saxlasa, imkan daxilində təhlükəli hücum qursa, heç-heçəyə və ya minimum qələbəyə ümid etmək olar.

İlk turlarda qrupdakı rəqib komandaların mövqeyi dəyişkən olduğu üçün “Qarabağ”ın bu matçdan sonra tutacağı yer o qədər də önəmli deyil. Önəmli olan əldə etdiyi pillədə möhkəmlənməkdir.

Ancaq bizim hələ ki, son məqsədimiz qrupda yer tutmaq deyil, yaxşı oyun göstərmək, təcrübə toplamaq və reytinq qazanmaqdır”.

Şərhçi Pərviz Musayev:

“Bu matçın ilk oyuna nisbətən daha rahat olacağını düşünürəm. Çünki hazırda daxil olduğumuz qrupun favoriti “Çelsi” və “Atletiko Madriddir”. Bu fikir kimin üçünsə yeni kəşf olunmuş Amerika deyil. Həm də səfər oyunu olmadığına görə komandada bir qədər arxayınlıq olacaq.

Çox şükür ki, bütün biletlər satılıb. Bu da komandamızı daha yaxşı və həvəsli oynamağa sövq edəcək. Ancaq təbii ki, 68 min insanın qarşısında oynamaq da ayrıca bir məsuliyyət və stressdir.

Qurban Qurbanov “Qarabağ” - “Kəpəz” oyunundan sonra canlı yayımda müsahibə vermişdi. Baş məşqçi həmin müsahibədə “Çelsi”yə məğlub olduqdan sonra futbolçularda gərginlik və ruh düşkünlüyü yarandığını söyləmişdi. Çox istərdim ki, bu psixoloji gərginlik komandanın sabahkı əhval-ruhiyyəsinə təsir etməsin.

Ancaq mənə elə gəlir ki, sabah “Qarabağ” Roma təmsilçisi ilə rahat şəkildə heç-heçə edə biləcək. Əlbəttə ki, qələbə qazanacağı da istisna deyil.

“AS Roma” ilk matçını heç-heçə ilə başa çatdırıb. Məlum məsələdir ki, o da qrupdan çıxmaq istəyir. Buna görə də xüsusilə,“Qarabağ”la oyunlarda təzyiq göstərəcəyi ehtimal edilir. Qrupdakı rəqiblərimizdə belə bir təəssürat yaranıb ki, “Qarabağ” ilk dəfə Çempionlar Liqasında iştirak edir və ondan xal qoparmaq daha asandır. Roma təmsilçisi də bu fikrə köklənərək arxayın oyun sərgiləyə və oyunun diqtəsini özündə saxlaya bilər. Buna görə də düşünürəm ki, “Qarabağ” sabahkı rəqibinə qarşı açıq oyun nümayiş etdirsə, böyük risk altına girmiş olacaq. Hər halda baş məşqçinin ən yaxşı versiyanı ortaya qoyacağına əminəm.

Bütün ehtimalları nəzərə alıb, “Qarabağ”ın vəziyyətdən asılı olaraq qapalı, yəni müdafiə oyunu sərgiləyəcəyini gözləyirəm.

Təmsilçimizin rəqibinə tətbiq edəcəyi üstünlüklər də var. Məsələn “Qarabağ” topla oynamağı və topu özündə saxlamağı çox yaxşı bacarır. Düşünürəm ki, “AS Roma” ilə oyunda bu üstünlük effektiv ola bilər”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm