Deputatlarla jurnalistlər oynadı, Qurban Qurbanov izlədi - FOTOREPORTAJ
Bizi izləyin

İdman

Deputatlarla jurnalistlər oynadı, Qurban Qurbanov izlədi - FOTOREPORTAJ

Dünən Tofiq Bəhramov adına Respublika Stadionunda Milli Məclisin deputatları ilə parlament jurnalistləri arasında futbol yarışı keçirilib. Baş tutan yoldaşlıq oyunu Ölkə başçısının ad gününə həsr olunub.

Apasport-un məlumatına görə Milli Məclisin futbol komandasına qanunverici orqanın gənclər və idman komitəsinin sədri Fuad Muradov rəhbərlik edib. Ötən il Türkiyədə parlamentlərarası futbol oyununda ikinci yeri tutan komandanın ilkin heyəti belə idi: 1. Fuad Muradov, 2. Mahir Abbaszadə, 3. Siyavuş Novruzov, 4. Elşad Həsənov, 5. Şahin İsmayılov, 6. Tahir Mirkişili, 7. Azər Badamov, 8. Eldəniz Səlimov, 9. Zahid Oruc, 10. Ülvi Quliyev, 11. Adil Əliyev, 12. Kamran Nəbizadə.

Rəqib düşərgədə isə bu jurnalistlər yer almışdı: 1. Rəşad Baxışəliyev, 2. İlkin Pirəli, 3. Anar Kəlbiyev, 4. Mirmahmud Kazımoğlu, 5. Elşad Paşasoy, 6. Aqil Camal, 7. Aqil Aslan, 8. Anar Bayramoğlu, 9. Əli İbrahimov, 10. Nardar Bayramlı, 11. Elçin Cəfərov, 12. Vasif Həsənli.

FİFA dərəcəli referi Orxan Məmmədovun idarə etdiyi matçda meydandakı mübarizə qədər, onun kənarına da kifayət qədər böyük maraq var idi. Çünki idmanın müxtəlif sahələrinin tanınmış simaları – AFFA-nın baş katibi Elxan Məmmədov, futbol üzrə milli komandamızın və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, Azərbaycan Teokvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, sərbəst güləş üzrə yığmanın baş məşqçisi Firdovsi Umudov, həmçinin veteran futbolçular İsgəndər Cavadov, Səməd Qurbanov, Oqtay Abdullayev, Asim Xudiyev, Dmitri Kramarenko, güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov, eləcə də şou-biznes nümayəndələri Rafael İsgəndərov və Coşqun Rəhimov də kənardan oyuna tamaşa edirdilər.

Deputatlardan ibarət komandaya kənardan dəstək verən millət vəkili Adil Əliyev xüsusi fəallığı ilə seçilirdi. Əliyev sanki baş məşqçi kimi, hər epizoda reaksiya göstərir, bəzən isə hakimə etiraz edirdi. Hətta bir epizodda referidən penalti tələb edən siyasət adamı hakim-inspektor Asim Xudiyevə də iradını çatdırıb. Xudiyev isə öz növbəsində “bu məsələyə komitədə baxılacaq” deyərək, zarafatından qalmayıb.

İlk hissədə deputatların heyətinə cəlb olunan Səməd Qurbanov yaşının çoxluğuna baxmayaraq, jurnalistlərə necə futbol oynamaq lazım olduğunu göstərirdi. Onun driblinqləri matça xüsusi gözəllik qatırdı. Gərgin keçən birinci yarını deputatlar 2:1 hesabı ilə öndə bitirdilər.

Fasilədən sonra millət vəkilləri daha bir futbolçu “transferi” ilə komandanı gücləndirdilər. Millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlu əlcəkləri taxaraq, yeni ampluada - çərçivədə özünü sınadı. Bununla kifayətlənməyən komanda futbolda yeniliyə əl ataraq, ikinci hissəyə 12 nəfərlə başlamağa cəhd etdi. Lakin baş hakimin xəbərdarlığından sonra Toğrul Əsgərov kənara çağırıldı. Buna baxmayaraq, komanda son dəqiqələrdə hakimlərin diqqətsizliyindən yararlanıb, istəyini həyata keçirdi.

Meydandakı say azlığına baxmayaraq, qarşılaşmanın sonlarında bir neçə qol şansını əldən verən jurnalistlər 2:3 hesablı məğlubiyyətlə barışmalı oldular. Hər hissəsi 30 dəqiqədən ibarət olan oyunun qəhrəmanı isə dubla imza atan deputatların hücumçusu Fuad Muradov oldu. Milli Məclisin komandasının heyətində digər qola isə Adil Vəliyev imza atdı.

Fuad Muradov (millət vəkili): “Bu gün idman sahəsində olan inkişaf hər birimizi sevindirir. Təbii ki, bu uğurların başında cənab prezident İlham Əliyev dayanır. Bizim təşkil etdiyimiz bütün beynəlxalq tədbirlər dünyaya səs-küy salıb. Bu tədbiri keçirməkdə məqsədimiz cənab prezidentə təşəkkürümüzü bildirməkdi. Ölkə başçımızın bir fikri var ki, sağlam həyat tərzi ən önəmli məsələlərdən biridi. Bu baxımdan belə bir qərar qəbul etdik. Mən həmçinin Azərbaycan Gənclər və İdman Nazirliyinə, AFFA-ya, “Qarabağ” klubuna və şəxsən Qurban Qurbanova, Parlament Jurnalistlər Birliyinə, Milli Məclisin deputatlarına, tanınmış idmançılarımıza təşəkkürümü bildirirəm ki, səsimizə səs veriblər. Simvolik oyun oldu. Kimin qalib gəlməsi önəmli deyildi. Əsas odu ki, cənab prezidenti qarşıdan gələn ad günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il münasibətilə təbrik edək. İnanıram ki, məhz belə tədbir cənab prezidentə, Azərbaycan xalqına uyğundu. Gələn il üçün də böyük planlarımız var. Regionlararası idman yarışları keçirmək istəyirik. Bununla bağlı danışıqlar gedir”.

Adil Əliyev (millət vəkili): “Çox gözəl yoldaşlıq görüşü keçirildi. İnşallah, bu kimi tədbirlər mətbuatla deputatlar arasında ünsiyyətin daha sıx olmasına, Azərbaycanda idmanın təbliğinə xidmət edəcək. Belə oyunların sayı çox olmalıdı. Təkcə millət vəkilləri ilə jurnalistlər yox, başqa komitələr də bu ənənəyə qoşulmalıdılar. Azərbaycanda idmana dövlət səviyyəsində dəstək verilirsə, təbii ki, bütün məmurlarımız inkişafa öz töhfələrini verməlidilər. O ki qaldı ilin yekununa, 2017-ci il Azərbaycan idmanı üçün olduqca uğurlu, düşərli keçdi. İdmançılarımız həm Bakıda təşkil edilən yarışlarda, həm də dünya arenalarındakı böyük turnirlərdə gözəl nəticələr əldə etdilər. Bu da onu göstərir ki, uşaq idmanına göstərilən qayğı ildən-ilə öz bəhrəsini verir. Bu cür dəstək davam edərsə, idmançılarımız daha çox nailiyyətlər qazanacaqlar”.

Elxan Məmmədov (AFFA-nın baş katibi): “Belə bir yoldaşlıq oyunu keçirmək çox gözəl təşəbbüsdü. Milli Məclisin deputatları və jurnalistlər bu görüşü çoxdan planlaşdırırdılar. Hava soyuq olsa da, gözəl oyun izlədik. Ümid edirəm ki, bu cür tədbirlər gələcəkdə ənənəvi hal alar. Bu, sağlam həyat tərzidi. Ümumiyyətlə, idmanımız üçün fərqli il oldu. Azərbaycanda İslam Həmrəyliyi Oyunları kimi böyük tədbir təşkil edildi. Bütün idman növlərindəki komandalarımız yaxşı nəticələr göstərdilər. Bu da gənc nəslin idmana marağını daha da artırır. Sevindirici haldı ki, futbol üzrə yığmamız da qızıl medal qazandı. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardı. Bunu çoxdan gözləyirdik. Nəhayət ki, bu il Çempionlar Liqasının məşhur himnini Bakıda eşitmək qismət oldu. Bu, hər bir azarkeş üçün böyük sevinc idi”.

Firdovsi Umudov (sərbəst güləş üzrə yığmanın baş məşqçisi): “İlk növbədə həm öz adımdan, həm də yığma komandamızın adından cənab prezidenti ad günü münasibətilə təbrik edirəm. Bu yarışın təşkili bizi çox sevindirdi. Hər iki komandaya dəstək olmağa gəlmişdik. İdman sahəsində qazanılan nailiyyətlərin hamısı ölkə başçısının adı ilə bağlıdı. 2017-ci il idmançılarımız üçün uğurlu alındı. İslam Həmrəyliyi Oyunlarının, həmçinin ölkəmizdə təşkil edilən dünya və Avropa çempionatlarının yüksək səviyyədə təşkili, “Qarabağ”ın Çempionlar Liqasında, güləşçilərimizin qitəmiqyaslı yarışlarda qazandığı uğurlar buna əyani sübutdu. Əlbəttə ki, arxayınlaşmamalı, uğurlu çıxışlarımızı davam etdirməliyik”.

İsgəndər Cavadov (veteran futbolçu): “Belə bir oyunun təşkili xoş haldı. Təbii ki, bu, ölkə başçısı İlham Əliyevin ad günü ilə bağlıdı. Möhtərəm prezidentimizi təbrik edirəm, ona can sağlığı arzulayıram. Belə oyunlar daha çox olmalıdı. Mətbuat nümayəndələri, deputatlar futbolun necə çətin olduğunu, yəqin ki, başa düşərlər. Kənardan baxıb fikir bildirmək asandı. Hər iki komandaya azarkeşlik edirdim. Bu cür yoldaşlıq görüşlərinin sayını artırmaq lazımdı”.

FOTO Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm