Rauf Əliyev “Keşlə”yə qayıdacaq?
Bizi izləyin

İdman

Rauf Əliyev “Keşlə”yə qayıdacaq?

Futbol üzrə milli komandanın sabiq üzvü Rauf Əliyev Albaniyanın "Kukesi" klubundan ayrılıb.

Publika.az xəbər verir ki, R.Əliyev Albaniya təmsilçisini dil baxımından problem yaşadığı üçün tərk edib.

Futbolçunun karyerasını Azərbaycanda davam etdirmək istədiyi iddia olunub. Ancaq UEFA-nın qaydalarına əsasən, bir futbolçu bir mövsümdə üç klubda oynaya bilməz. Rauf Əliyev isə bu mövsüm həm “Keşlə”, həm də “Kukesi”də forma geyinib. Buna görə də o, başqa bir kluba transfer oluna bilməz.

Beləliklə, R.Əliyevin qarşısında iki seçim qalır: ya yenidən “Keşlə”yə transfer olunmalı, ya da 6 ay klubsuz qalmalıdır. Lakin onun keçmiş komandası ilə münasibətlərinin gərgin olması ilk ehtimalı şübhə altında qoyub.

“Keşlə”nin mətbuat xidməti Səbuhi Məmmədov isə Publika.az-a verdiyi açıqlamada klub rəhbərinin məsələyə müsbət baxdığını deyib:

“Zaur Axundov deyib ki, Rauf Əliyev transferlə bağlı müraciət etsə, onun məsələsinə baxılacaq. Təbii ki, müəyyən şərtlər daxilində.

Rauf Azərbaycan futboluna böyük töhfələr verən bir oyunçudur. Keçən il “Keşlə”də forma geyinərkən çempionatın bombardiri olub.Yenidən milli komandaya çağırılmaq ehtimallarını nəzərə alaraq “Keşlə” Raufu yenidən heyətinə qata bilər. Doğrudur, o komandamızdan xoşəgəlməyən tərzdə ayrıldı və bizi çətin vəziyyətdə qoyub getdi. Onun getdiyi dövrdə komandanın transfer qadağası var idi. O isə klubla problemlərini mətbuat üzərindən həll etməyə cəhd göstərdi. Ancaq buna baxmayaraq, “Keşlə” onun yenidən transfer edilməsinə şərait yaradacaq. Klub rəhbərləri bu işə müsbət yanaşırlar”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm