ÇL-dən Qitə Birinciliyinə, "Formula 1"dən Milli Komandaya uzanan 2017 - Ən unudulmaz HADİSƏLƏR
Bizi izləyin

İdman

ÇL-dən Qitə Birinciliyinə, "Formula 1"dən Milli Komandaya uzanan 2017 - Ən unudulmaz HADİSƏLƏR

20017-ci il Azərbaycan idmanı üçün unudulmaz anlarla yaddaşlara yazıldı. Məhz bu ildə bir çox ilklərin sevincini yaşadıq. Dünya mediası məhz bu il Azərbaycanın şanlı keçmişinə, işğal olunmuş torpaqlarına yaşıl meydançalardan və damalı taxtalardan yola çıxaraq işıq saldı. Bütün bu hadisələr isə dövlətimizin idman sahəsinə ayırdığı xüsusi qayğı hesabına baş verdi.

Publika.az 2017-ci ildə ölkəmizin idman sahəsində baş verən ən yaddaqalan idman hadisələrini təqdim edir.

ÇEMPİONLAR LİQASI

“Qarabağ” komandası ölkə tarixində ilk dəfə olaraq dünyanın ən nüfuzlu idman yarışı olan Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Təmsilçimiz bu liqada çox sayda ilklərə və rekordlara imza atdı. Belə ki, “Qarabağ”- “Çelsi” qarşılaşmasında ilk dəfə ölkənin ən böyük xoreoqrafiya şousu təşkil edildi. Həmçinin eyni matçda qrup mərhələsinin rekord tamaşaçı sayı (67100) qeydə alındı və s.

ŞAHMAT TURNİRİ

Şahmat üzrə kişilərdən ibarət milli komandamız bu il 3-cü dəfə Avropa çempionu adına yiyələndi. Yığmamız bu nailiyyətə Yunanıstanında keçirilən yarışda imza atdı. Turnirdə birinciliyə təmsilçimizlə yanaşı, Rusiya yığması da yiyələndi. Ancaq millimiz əlavə göstəricilərdə üstünlük qazandığı üçün turnirin qalibi oldu.

Həmçinin, dünyaca məşhur qrossmeyster Şəhriyar Məmmədyarov bu il FIDE qurumunun elan etdiyi reytinq siyahısında 3-cü pilləyə yüksəldi. Təmsilçimiz 2799 xalla norveçli çempion Maqnus Karlsen və ermənistanlı Levon Aronyandan geridə qalıb.

GÜLƏŞ

Fransanın paytaxtı Parisdə keçirilən güləş üzrə dünya çempionatında "Neftçi İdman Klubu"nun sərbəst güləşçisi Hacı Əliyev qızıl medala sahib oldu. 61 kq çəki dərəcəsində mübarizə aparan ikiqat dünya çempionu H.Əliyev bütün rəqibləri üzərində qələbə qazanaraq finala yüksəldi. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı Hacımurad Rəşidov oldu. Bu qarşılaşmada qazandığı qələbə nəticəsində Hacı Əliyev Azərbaycan sərbəst güləş tarixinə üçqat dünya çempionu olan ilk güləşçi kimi adını yazdırdı.

MİLLİ KOMANDA

Bu il həm də “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanovun Futbol üzrə Milli Komandanın baş məşqçisi postuna təyin edilməsi ilə yadda qaldı. Ölkədə geniş əks-səda doğuran bu qərar bütün futbolsevərlərin ürəyincə oldu. Q.Qurbanov həmçinin, bir neçə qurumun təşkil etdiyi müsabiqə və səsvermələrdə ilin ən yaxşı məşqçisi tituluna layiq görüldü.

“İSLAM HƏMRƏYLİYİ”

Ölkəmiz bu il həm də nüfuzlu turnirlərdə olan “İslam həmrəyliyi” oyunlarına ev sahibliyi etdi. 56 ölkədən 3000-ə yaxın idmançının iştirak etdiyi turnirdə təmsilçilərimiz 75-i qızıl olmaqla, 162 medal qazandı və turnir cədvəlinin ilk pilləsində qərarlaşdı.

“FORMULA 1”

Doğma vətəndə təşkil edilən daha bir mötəbər turnir isə “Formula 1” sürət yarışı oldu. Paytaxt yollarında təşkil edilən bu müsabiqə turnir tarixinin ən yaxşısı seçildi. Qalib isə “Red Bull” komandasının üzvü Daniel Rikardo oldu.

“KEŞLƏ” BÖHRANI

2017-ci ildə idmandakı coşğulu uğurlarla yanaşı, bəzən xoş olmayan hadisələr də baş verdi. Bu hadisələrdən ən üzücüsü də “Keşlə” komandasının 2 futbolçusunun ömürlük futboldan kənarlaşdırılması oldu. “Neftçi” komandası ilə keçirilən qarşılaşmada iştirakçısı olduğu oyunun idman nəticəsinin manipulyasiyasına görə "Keşlə”nin futbolçuları - Nizami Hacıyevə və Mirhüseyn Seyidova futbola aid hər hansı məşğuliyyət ömürlük qadağan edildi.

AVROPA GİMNASTİKASININ UĞURU

2017-ci ilin ən uğurlu hadisələrindən biri də Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbovun Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi oldu. F.Qayıbov 28 səs toplamaqla, bu vəzifəyə digər namizəd - 20 səs toplamış sloveniyalı rəqibini geridə qoydu.

3-CÜ ÇEMPİON

Bu il növbəti uğuruna imza atan daha bir çempionumuz isə Məhəmmədrəsul Məcidov oldu. Təmsilçimiz Almaniyada kişi boksçular arasında keçirilən dünya çempionatında 91 kiloqram çəki dərəcəsində qalib kürsüsündə yer alıb.

Bununla da 3-cü dəfə dünya çempionu tituluna yiyələnib. Qeyd edək ki, M.Məcidov daha əvvəl DÇ-2011 və DÇ-2013-də mundialın qızıl medalını qazanmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm