"Futbolçular arasında anlaşma lazımi səviyyədə deyil" - Qurbanov
Bizi izləyin

İdman

"Futbolçular arasında anlaşma lazımi səviyyədə deyil" - Qurbanov

Rəqibi qələbə münasibətilə təbrik etmək istərdim. Bu komanda hər iki oyunda intizamlı oyun sərgilədi. Baxmayaraq ki, biz də yaxşı təsir bağışladıq. Komandamdan razıyam.

Publika.az Sportnet.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Belarusda BATE ilə 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.

İlk görüşdə 0:1 hesabı ilə uduzması səbəbindən Avropanın ən nüfuzlu klub turnirində mübarizəni dayandıran Azərbaycan təmsilçisinin baş məşqçisi bildirib ki, artıq hər şey keçmişdə qalıb. O, Avropa Liqasının pley-off qarşılaşmalarına hazırlaşmağın gərəkliyini vurğulayıb. Qurbanov hakimlərin oyunun tempini aşağı salan mübahisəli qərarlarından bəhs etmək istəməyib: "Hakimlik barədə danışmağı sevmirəm. Gəlin, irəliyə doğru gedək".

Baş məşqçi "Qarabağ"ın qapısına vurulan hər iki qolun müdafiədən çıxış zamanı vurulduğuna dair sualı isə belə cavablandırıb: "Deyiləsi bir söz yoxdur. Adətən, qollar səhvlərdən sonra vurulur. Heyətimizin yeniləndiyini və futbolçular arasında anlaşmanın lazımi səviyyədə olmadığını nəzərə almalıyıq".

Qeyd edək ki, BATE Çempionlar Liqasının "pley-off" mərhələsində Hollandiya PSV-si ilə qarşılaşacaq. "Qarabağ" isə Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə görüşəcək. Moldovadakı ilk matçda "Şerif" 1:0 hesabı ilə qalib gəlib. İslandiyadakı cavab oyunu avqustun 16-da olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm