"Neftçi"nin futbolçusu: "Onlar təhlükəli rəqibdir"
Bizi izləyin

İdman

"Neftçi"nin futbolçusu: "Onlar təhlükəli rəqibdir"

"Neftçi”nin futbolçusu Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib.

Publika.az xəbər verir ki, Azərbaycan milli komandasının düşərgəsindən yeni qayıdan 26 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə "Qəbələ” ilə keçiriləcək oyun haqqında fikirlərini bildirib: "Hələ ki özümü bir az diskomfort hiss edirəm, amma bu, "Qəbələ”yə qarşı oynamağıma heç bir problem yaratmamalıdır. Komandada hər şey yaxşıdır. Bizim üçün hər oyun vacibdir. Bunu hamımız anlayırıq".

E.Mahmudov bütün oyunlara ciddi hazırlaşmalı olduqlarını deyib: "Hər bir rəqibi düzgün qiymətləndirmək və məşqçinin tapşırıqlarını yerinə yetirmək lazımdır. Onda hər şey istədiyimiz kimi olacaq. Daha çox çalışmalıyıq, üzərimizdə işləməliyik. Liderliyi qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik".

Yarımmüdafiəçi "Qəbələ”nin turnir cədvəlindəki mövqeyinin komandanın əsl gücünü əks etdirmədiyini söyləyib: "Qəbələ” çox yaxşı komandadır. Çətin vaxtlar hamıda olur. Onlar təhlükəli rəqibdir. Yaxşı futbolçuları var. Buna baxmayaraq, biz öz oyunumuzu oynayıb lazım olan nəticəni əldə etməliyik".

E.Mahmudov ötən mövsüm "Qəbələ”yə uduzduqları oyun barədə də danışıb. "Bu rəqib üzərində qələbələrimiz olsa da, daha çox 2:3 hesabı ilə məğlub olduğumuz oyunu xatırlayıram. Həmin matçda "Neftçi”nin heyətində ilk qolumu vurmuşdum. Üstəlik, hakim bizi iki penaltidən məhrum etmişdi ki, həmin epizodlardan birində mənə qarşı qayda pozulmuşdu. Təbii ki, hesabda geridə olmağımıza rəğmən, 2:1 hesabı ilə qalib gəldiyimiz oyun da yadımdadır. Ümumiyyətlə, "Qəbələ” ilə hər görüşümüz maraqlı alınır. Ümid edirəm, şənbə gününə planlaşdırılmış oyun da istisna olmayacaq".

Qeyd edək ki, oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Neftçi" matçı saat 17:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm