İdman
İnsan iradəsinin sərhəd tanımadığını DÜNYAYA GÖSTƏRƏN AZƏRBAYCANLI GƏNC
Günümüzdə, idman həm də fiziki məhdudiyyətli insanların mənəvi reabilitasiyası, cəmiyyətə uyğunlaşması üçün böyük əhəmiyyət kəsb edir. Nəcib maraqlar 1960-cı ildən bu yana ali səviyyədə əksini tapır. Çox qürurludur ki, Azərbaycan paralimpiya hərəkatının geniş təbliğ olunduğu ölkələrdəndir. Dövlətimizin paralimpiyaçılara göstərdiyi diqqət və qayğı dünyada nümunəvi model kimi təqdim edilir.
Alman neyrocərrah Lüdviq Quttmanın başlatdığı hərəkat, bu gün
minlərlə fiziki məhdudiyyətli insan kimi, hipofizar nanizm
sindromundan - başqa sözlə, qısaboyluqdan əziyyət çəkən Pərvinin də
qəhrəman xarakterini ortaya çıxarmaq üçün əvəzsiz fürsətə
çevrilib.
Dərslərini yaxşı oxumasa da...
Məmmədov Pərvin Rasim oğlu 1995-ci ildə Bakıda dünyaya göz açıb.
Mübarizə apardığı xəstəliklərlə əlaqədar olaraq, orta məktəbə iki
il gec gedib. Dərslərini yaxşı oxumasa da, uşaqlıqdan rəsm bacarığı
ilə diqqət mərkəzində olub. Bu səbəbdən, orta təhsilini 9-cu
sinifdən başa vuraraq, sənədlərini Rəssamlıq Akademiyası nəzdində
İncəsənət Kollecinə verib. Qabiliyyət imtahanından məqbul qiymət
alan Pərvin, testdən lazım olan balı toplaya bilməyib. Bununla
belə, sevdiyi sənətdən uzaqlaşmayıb. O, bir ara hətta portret
sifarişləri də qəbul edib.
Telefon ustasının məsləhəti
Pərvin, bəhs olunan dövrdə rəssamlıqla yanaşı, idmanın karate növü
ilə də məşğul olub. Pauerliftinqə gəlişi isə təsadüfi alınıb. Belə
ki, bir gün telefon təmiri üçün müraciət etdiyi usta, ona bu idman
növü haqqında məlumat verir, tanıdığı mütəxəssisə yönləndirir.
Pərvin, əvvəlcə atası ilə məsləhətləşir. Lakin Rasim bəy ehtiyat
edir, bir müddət istəyinə qarşı çıxır. Çox təkid etdiyini gördükdə,
ata, həkimlə məsləhətləşir və məlum olur ki, səhhəti üçün heç bir
təhlükə yoxdur. Beləliklə, Pərvin məşqlərə başlayır. Cəmi üç ay
sonra isə o, Ağsuya - ölkə çempionatına yollanır. 49 kiloqram çəki
dərəcəsində yarışan Məmmədov, yekunda 80 kiloqramı ram etməklə,
gümüş medal qazanır. Debütdəcə qazanılan nailiyyət həvəsini birə
beş artırır. Beləliklə, bütün diqqətini bu idman növünə yönəldir.
Gün keçdikcə, özündə həm psixoloji, həm də fiziki-texniki planda
ciddi irəliləyiş hiss edir. "Qaldırdığım yük xoşbəxtlik olsun,
yorulmaz qollarım” deyərək, böyük uğurlara doğru inamla addımlayır.
Növbəti iki ildə Sumqayıtda təşkil olunan Azərbaycan
çempionatlarında nəticəsini bir xeyli yaxşılaşdırmaqla, fəxri
kürsünün ən yüksək pilləsində dayanır. Bununla da, Milli
Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə baş məşqçisi
İlqar İbişov fitri istedadı yığmaya cəlb edir.
"İroniya”ya tutarlı cavab
Bu hadisə 2016-cı ilin sonlarına təsadüf edib. Növbəti ilin
təqvimində isə öncə dünya kuboku, ardınca isə dünya çempionatı yer
almışdı. Hər iki yarışa qatılmağı hədəfləyən Pərvin, ilk günlərdən
bütün potensialını ortaya qoymağa çalışır, əzmkarlığı, işinə
məsuliyyəti ilə İbişovun nəzərini üzərinə çəkməyi bacarır.
Beləliklə, çalışdırıcı onu may ayında Macarıstanın Eger şəhərində
keçirilən dünya kubokuna aparır. Bu yarışı İlqar bəy şərh edir:
"İlk beynəlxalq təcrübəsi idi deyə, birinci cəhddə riskə getmədim.
Şəxsi göstəricisindən xeyli az, 110 kiloqram sifariş verdim. Pərvin
çox rahatlıqla, qüsursuz şəkildə bunu qaldırsa da, hakimlər nədənsə
hesaba almadılar. Səbəbini soruşanda, kənardan ukraynalılar ironiya
ilə cavab verdi ki, çox yaxşı qaldırdı, ona görə. Açığı, çox pisimə
gəldi. Öz-özümə dedim, indi baxarsınız. Baxdım ki, Pərvinin də
əhvalı korlanıb. İkinci cəhddə 125 kiloqram sifariş etdim. Bu
hərəkətini bütün hakimlər qeydə aldı. Nəticədə dördüncü yerə
yüksəldi. Çox istəyirdi ki, medalla qayıtsın. Bütün ehtimalları
nəzərə alıb, 131 kiloqram sifariş elədik. Bu çəkini də ram edib,
yekunda bürünc medal qazandı. Əla nəticə idi. Bu cür yarışlara ilk
dəfə qatılıb, medal qazanmaq çox az idmançıya nəsib olur".
Haqsızlıqla üzləşir
Sentyabrda ölkə çempionatına qatılan Məmmədov, bu dəfə də rəqib
tanımır. Növbəti dayanacaq isə Meksika idi. Bu, Pərvinin ilk
mundialı olsa da, o, ən güclülərin yer aldığı A qrupunda
qərarlaşmışdı. Məmmədov, yekun nəticədə 136 kiloqramlıq nəticə ilə
səkkizinci nəticə göstərir. Burada da ona qarşı haqsızlıq edilir.
Son yanaşmasında 145 kiloqramı ram etsə də, hakimlər bu çəkini
qeydə almır. Nəticə qeydə alınsaydı, o, "beşlik"də qərarlaşacaqdı.
Haşiyə çıxaraq bildirək ki, qaydalara görə, protest üçün 100 avro
tələb olunur, üstəlik, bunu münsiflər heyətinin 5 üzvü də
təsdiqləməlidir. Belədə, çox nadir hallarda hakimlərin qərarında
dəyişiklik edilir.
Avropa çempionluğu!
2018-ci ilin proqramında sadəcə, bir mötəbər yarış yer alırdı ki,
bu, Avropa çempionatı idi. Pərvin, 143 kiloqram nəticə ilə
beynəlxalq arenada ən yüksək göstəricisini müəyyənləşdirərək,
qitənin ən güclüsü adını qazanır. Yarış həm də açıq status
daşıdığından, burada digər qitə təmsilçiləri də mübarizə aparırdı.
Məmmədovun bu göstəricisi hamı üçün əlçatmaz olur, nəticədə o,
vətənə bir deyil, iki qızıl medalla dönür.
Ötən həftə isə Pərvin, 146 kiloqram nəticə ilə yenidən Azərbaycan
çempionu olub. Qeyd edək ki, onun 49 kiloqram çəkidə imza atdığı bu
göstərici, yuxarı çəkilərdə qalib adını qazananların bir neçəsindən
yüksəkdir.
Hər şeyə rəğmən...
Pərvin, hər bir idmançı kimi, olimpiya zirvəsini fəth etmək
arzusundadır. O, hazırda dünya reytinqində ilk "səkkizlik"dədir.
Zirvə yarışına da sadəcə, səkkiz yer lisenziya verir. Növbəti il
isə pauerliftinqçiləri üç mühüm yarış gözləyir. Odur ki, qətiyyən
arxayınlaşmaq olmaz. Pərvin, fevral və may aylarında, müvafiq
olaraq, Birləşmiş Ərəb Əmirlikləri və Macarıstanda baş tutacaq
dünya kubokunda, iyulda isə Qazaxıstanda təşkil ediləcək dünya
çempionatına qatılıb, həm beynəlxalq yarış təcrübəsini artırmaq,
həm də reytinqdəki mövqeyini yaxşılaşdırmaq niyyətindədir.
Paralimpiya, məram etibarilə nə qədər möhtəşəmdirsə, bir o qədər də
kənar maraqların dövr etdiyi yerdir. Əlillik kateqoriyalarının
müəyyənləşdirilməsində saxtakarlıqlar qeydə alınır, yarışlar idman
prinsiplərindən kənar formada təşkil olunur. Məsələn, cüdoda tam
görmə məhdudiyyətli insanlar 30-40 faiz civarında görmə imkanına
malik şəxslərlə birgə mübarizə aparırlar. Eləcə də, pauerliftinqdə
insanların imkanları nəzərə alınmır. Pərvin kimi qısaboylu
atletlər, ayaqları anadangəlmə mövcud olmayan və ya bir və ya hər
iki ayağını qəza nəticəsində itirmiş paralimpiyaçılarla yarışır.
Belədə, çəki balansı itir, üstəlik, qısaboyluların əllərinin
normadan xeyli kiçik olması, ştanqa yanaşmada böyük uyğunsuzluq
yaradır. Bunun nəticəsidir ki, hipofizar nanizm sindromlu
pauerliftinqçilər çox az hallarda dördilliyin zirvə yarışında
fərqlənirlər. Çempionluq isə ümumiyyətlə, nadir hallarda qeydə
alınır. Tarixə düşmək istəyən Pərvinin potensialı mütəxəssislər
tərəfindən kifayət qədər yüksək qiymətləndirilir. Bir sözlə,
fenomenlə vətəndaşlıq şərəfini bölüşürük.
Məmmədov, Tokioda qazanacağı digər əyyarlı medalla pauerliftinq
üzrə ilk mükafatçımız kimi, adını Azərbaycan paralimpiya tarixinə
yazdıra bilər. Buna qədər cüdo, atletika, üzgüçülükdə onlarla medal
qazansaq da, təəssüf ki, pauerliftinqçilərimiz zirvə yarışında
fərqlənə bilməyib. Dünya rekordçusu Elşən Hüseynovla üç dəfə buna
yaxın olsaq da, talesizlik nəticəsində sonda əliboş qalmışıq.
"Əminəm ki, birinci yeri tutar"
Pərvin haqqında yığmamızın baş məşqçisi İlqar İbişov danışır: "Onu
ilk dəfə Ağsuda keçirilən respublika çempionatında görmüşdüm.
Komandaya çağırmağımı məsləhət gördülər, razılaşmadım. Fikirləşdim
ki, hələ çox tezdir. Dedim, bir-iki il gözləyək, bədəni bir az da
möhkəmlənsin. İki il sonra yığmaya dəvət etdim. Pərvin, iki ildə on
ilə planlaşdırılan nəticələri göstərib. İdmançı xarakterinə söz ola
bilməz. Bizim bütün diqqətimiz Paralimpiya Oyunlarına yönəlib. Ona
görə də Pərvini və digər uşaqları çox yükləmək istəmirəm. Yoxsa o,
bu gün 143-146 deyil, 160 kiloqramı da rahatlıqla ram edə bilər.
İstəyirəm, digər millilər elə bilsin ki, bizim iddiamız yoxdur. Bir
növ, kəşfiyyatçı mövqeyi tutmuşuq. Biz komanda olaraq, sözümüzü
Tokioda deyəcəyik. Pərvin orada medal qazanmasa belə, inanıram ki,
sonrakı oyunlarda fərqlənəcək. Hələ çox gəncdir, uzun yolun
başlanğıcındadır. Bu gün, dünya çempionatı və Paralimpiya
Oyunlarında boy məhdudiyyətli insanlar üçün ayrıca kateqoriya
müəyyənləşdirilsə, əminəm ki, Pərvin orada birinci yeri tutar".
Rəssamlıqdan ayrı qala bilmir
Pərvin, idmançı karyerası ilə əlaqədar rəssamlığı ikinci plana
keçirib. Amma yenə də imkan düşdükcə, əlinə karandaş, kağız
götürüb, sevimli sənəti ilə məşğul olur. Daha çox natürmortlara,
peyzajlara üstünlük verən qəhrəmanımızda portret janrı da pis
alınmır. Qalereyasında ümummilli lider Heydər Əliyevin və bir sıra
məşhur simaların portretləri yer alır.
Bodibildinq sevgisi
İki ildir ki, həm də bodibildinqlə məşğuldur. Sosial şəbəkə hesablarını da məhz bu yöndə istifadə edir. Fitnessə yeni başlayanlara məsləhətlər verir, bildiyi sirləri paylaşır. Bodibildinqə meyllənməsinin səbəbkarı kumiri, dünyaca məşhur bodibildinqçi, səkkizqat mister olimpiya çempionu Ronni Kolemandır. Fiziki məhdudiyyətli insanlar üçün imkanlar yaransa, Pərvin, gələcəkdə bu növdə də özünü sınamağı düşünür.
Portret
Yarışlarına baxdıqda, ilk növbədə simasındakı soyuqqanlılıq diqqəti cəlb edir. Hisslərini ustalıqla cilovlayan Pərvin, meydana əsl məğlubedilməz kimi çıxır. Əminliklə, "mən, olimpiya çempionu olacağam", deyir. Əzmi, durmadan artan göstəriciləri ona bu inamı aşılayıb. Həkimlərin barəsində "onsuz da yaşamayacaq, boşuna ümid etməyin" dediyi balaca Pərvin, bu gün Avropanı fəth edib, daha böyük zirvələrə iddialıdır. O, insan iradəsinin qüdrətini bütün dünyaya nümayiş etdirmək niyyətindədir. (kaspi.az)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!