Krespo: "Bakıda keçiriləcək Avropa Liqasının finalını izləmək istərdim"
Bizi izləyin

İdman

Krespo: "Bakıda keçiriləcək Avropa Liqasının finalını izləmək istərdim"

"Bu, Bakıya ilk səfərimdir. Təəssüf ki, burada qısa müddətdə olacağam. Gələn dəfə çalışacağam ki, daha çox vaxtım və şəhəri gəzmək imkanım olsun".

"Report"un məlumatına görə, bunu Bakıda səfərdə olan məşhur argentinalı futbolçu Ernan Krespo jurnalistlərə açıqlamasında deyib.

Hazırda yerli "Banfild" komandasının baş məşqçisi olan 43 yaşlı sabiq hücumçu digər sualları da cavablandırıb...

2019-cu il mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final matçını izləyəcəksiniz?

- Bəli, olacağam. Bu yaxınlarda Argentinanın "Banfild" komandasına baş məşqçi təyin olunmuşam. Ola bilsin, işlə əlaqədar gəlməyim. Amma imkan olsa, alınsa, gələcəyəm.

Finalda hansı komandanı görmək istərdiniz?

- (gülür) "Çelsi", İnter", "Latsio". Çox istərdim ki, bu 3 komandadan hansısa Bakıda olsun. Çünki bu komandalarda özüm də çıxış etmişəm və onlara simpatiyam var.

Adlarını çəkdiyiniz komandalardan 2-si ilə Azərbaycan təmsilçiləri də qarşılaşıblar. Həmin oyunları izləmisiniz?

- Xeyr, o oyunları izləyə bilməmişəm. Amma digər komandaları izləmişəm. Deyə bilərəm ki, Avropa Liqası xüsusən bu mövsümdən çox güclü turnirə çevrilib və orada çox yaxşı komandalar mübarizə aparırlar.

Yeni avrokubok yarışı yaradıldıqdan sonra Azərbaycan klublarının şansları daha da azala bilər...

- Bu haqda bir söz deyə bilmərəm. Necə olacağına özümüz şahidlik edəcəyik.

Təşkilatçılıq və finala hazırlıqla bağlı sizdə hansı təəssüratlar yarandı: Bakı Olimpiya Stadionunda oldunuzmu?

- Hələ stadionda olmamışam. Hava limanından birbaşa bura gəlmişəm. Təşkilatçılıq isə çox yüksək səviyyədədir. Hər kəsə - bura gələn və mənimlə söhbət edənlərə çox təşəkkür etmək istərdim. Bundan çox böyük həzz aldım. Məni görmək istəyən bu qədər insanın olacağını düşünmürdüm.

Hazırda "Banfild"də çalışırsınız. Gələcəkdə hansı komandaya rəhbərlik etmək istərdiniz?

- Bu haqda düşünürəm. Amma hər şeyi gələcək göstərəcək. Əlbəttə, çalışmaq istədiyim komanda var. Bəlkə Azərbaycana gələcəyəm? Bilmək olmaz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm