AFFA: Azərbaycan UEFA-nın tələb etdiyi bütün lazımi zəmanətləri verib
Bizi izləyin

İdman

AFFA: Azərbaycan UEFA-nın tələb etdiyi bütün lazımi zəmanətləri verib

Henrix Mxitaryanın UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçında “Çelsi”yə qarşı keçiriləcək oyunda iştirak üçün komandası ilə gəlməyəcəyi barədə “Arsenal” klubunundan bəyatından məyusuq.

Publika.az xəbər verir ki, bu barədə AFFA-nın yaydığı açıqlamada deyilir.

“Növbəti həftənin çərşənbə günü UEFA Avropa Liqasının final oyununda “Çelsi” ilə qarşılaşacaq “Arsenal” komandasının futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı klubun açıqlaması, anladığımız qədər “Arsenal”, futbolçu və onun ailəsi tərəfindən kollektiv şəkildə verilmiş bu əsaslandırılmamış qərar bizi təəssüfləndirdi.

Futbolçunun ölkəmizə gəlməməklə bağlı şəxsi qərarını anlasaq da, bir daha bildiririk ki, UEFA-nın tələblərinə uyğun olaraq, Azərbaycan finalın ev sahibi kimi Mxitaryanın şəxsi təhlükəsizliyinə təmin olunmasına zəmanət verdi. Azərbaycan tərəfinin verdiyi zəmanətin ciddiliyini şübhə altına salmaq üçün heç bir səbəb yoxdur. Ötən illər ərzində Azərbaycan öz ərazisində keçirilmiş beynəlxalq idman tədbirlərində çoxsaylı erməni əsilli idmançıların problemsiz iştirakını təmin edib.

Nəhayət, hesab edirik ki, bu təəssüf doğuran açıqlama səbirsizliklə gözlədiyimiz final oyununun keyfiyyətinə və möhtəşəmliyinə heç bir şəkildə mənfi təsir göstərməyəcək. Tezliklə Bakıya təşrif buyuracaq hər iki komandanı qarşılamağa tam hazırıq”, - açıqlamada qeyd edilib.

Xatırladaq ki, “Arsenal” klubu erməni futbolçu Henrix Mxitaryanı Bakıya gətirməyəcəyi barədə rəsmi açıqlama yayıb. Açıqlamada Mxitaryan və ailəsinin təhlükəsizliyinin qorunması məqsədilə bu qərarın verildiyi qeyd olunub.

“Arsenal” klubunun baş məşqçisi Unai Emeri isə keçirdiyi mətbuat konfransında deyib ki, bu çox şəxsi bir məsələdir və Henrix Mxitaryanın şəxsi qərarıdır.

Mətbuat konfransında Azərbaycan hökumətinin Mxitaryanın Bakıda təhlükəsizliyinə təminat verildiyi qeyd olunub. Baş məşqçidən bunun nə dərəcədə inandırıcı olmasına münasibət öyrənilib.

İspaniyalı mütəxəssis bildirib ki, təhlükəsizliklə bağlı təminata inanır: “Mən onlara inanıram. Ancaq bu səhər Mxitaryanla da danışdım. Bu şəxsi qərardır. Mən ona hörmət edirəm. Onun bizimlə olmasını istəyərdim. Onun ailəsi və özüylə danışıldıqdan sonra belə bir qərar verildi. Onu özümüzlə gəlməyə məcbur edə bilmərəm. Çünki mən ona və qərarlarına hörmət edirəm. Bu mənim əlimdən gələn bir şey deyil”.

Qeyd edək ki, Avropa Liqasının Bakıda keçiriləcək finalında "Arsenal" "Çelsi" ilə oynayacaq. Matç mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm