"Arsenal"ın baş məşqçisi: “Çelsi” bütün imkanlardan istifadə etdi
Bizi izləyin

İdman

"Arsenal"ın baş məşqçisi: “Çelsi” bütün imkanlardan istifadə etdi

Bilirdik ki, çətin oyun olacaq. Premyer Liqada da hədəflərimizə daha yaxın idik. Lakin ona nail ola bilmədik. Bizim ikinci şansımız UEFA Avropa Liqasında qalib olmaq idi. Ancaq biz bu hədəfə də çata bilmədik. Finalda “Çelsi” daha yaxşı oynadı. Bu qələbəyə görə rəqib komandanı təbrik edirəm.

Publika.az xəbər verir ki, bunu “Arsenal” komandasının baş məşqçisi Unai Emeri UEFA Avropa Liqasının finalında “Çelsi”yə 1:4 hesablı məğlubiyyətdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Komandasının birinci hissədə təhlükəli vəziyyətlər yarada bilmədiyini vurğulayan baş məşqçi deyib ki, ikinci hissədə “Çelsi” əlverişli vəziyyətlərdən yaxşı istifadə etdi:

"Birinci qoldan sonra biz sakit oynamalı idik. Ancaq səhvə yol verdik. “Çelsi” futbolçuları isə daha yaxşı oynayaraq, bütün imkanlardan istifadə etdilər. İkinci qoldan sonra bizim üçün daha çətin oldu".

“Çelsi” komandasının çox güclü futbolçulara malik olduğunu vurğulayan Unai Emeri deyib: “Çelsi” komandası ikinci hissədə öz potensialından daha yaxşı istifadə etdi. Bizim heyətimizdə gənc futbolçular var və bu təcrübəsizlik oyunda özünü göstərdi. Azarkeşlərimizə bildirmək istəyirəm ki, yeni mövsümdə daha yaxşı oynayacağıq. Düzdür, biz məyusuq. Düşünürəm ki, biz bu oyunda rəqabət apara biləcək komanda olduğumuzu nümayiş etdirdik”.

“Arsenal”ın köklü klublardan olduğunu vurğulayan mütəxəssis qeyd edib: “Bizim komandanın heyətində bir çox gənc oyunçularımız var. Onların bəziləri ilk dəfə belə önəmli oyunda – finalda iştirak edirdilər. Hesab edirəm ki, qarşıdakı görüşlərdə onlar öz təcrübələrini artıra və gələcəkdə daha yaxşı oyun göstərə biləcəklər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm