Daxili Qoşunların hərbi qulluqçusu dünya kubokuna sahib oldu - FOTO
Bizi izləyin

İdman

Daxili Qoşunların hərbi qulluqçusu dünya kubokuna sahib oldu - FOTO

Ukraynanın Belqorod-Dnestrovski şəhərində qarışıq döyüş növləri (MMA) üzrə dünya kuboku yarışı keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, 32 ölkədən 700-dək idmançının qatıldığı bu mötəbər yarışda Azərbaycan yığması da iştirak edib. Komandanın tərkibində qələbə uğrunda mübarizə aparan DİN Daxili Qoşunlarının hərbi qulluqçusu, baş leytenant İlqar Nəcəfli (85 kq) yüksək fiziki və texniki hazırlığı ilə seçilib. O, bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və növbəti dəfə dünya kubokunun sahibi olub.

Təmsilçimizi bu yarışa DİN İdman Cəmiyyətinin əməkdaşı, qarışıq döyüş növləri üzrə dünya, Avropa, Asiya çempionatlarının, Qafqaz Qran-Prisinin qalibi olan polis mayoru Aydın Həşimov hazırlayıb. Döyüş sambosu üzrə beynəlxalq dərəcəli idman ustası olan A.Həşimov kik-citsu üzrə peşəkarlar arasında “Ən texnikalı idmançı” adına layiq görülüb.

DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki, Olimpiya, dünya və Avropa çempionu Zemfira Meftaxetdinova qazandığı növbəti nailiyyətlə əlaqədar İ.Nəcəfli və onun məşqçisi ilə görüşərək onları təbrik edib. Z.Meftaxetdinova hər bir uğurun ölkəmizin idman ictimaiyyətini sevindirdiyini diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm