Baş məşqçi: Bakıda qələbə qazanmaq asan olmayacaq
Bizi izləyin

İdman

Baş məşqçi: Bakıda qələbə qazanmaq asan olmayacaq

Bütün həyatım boyu futbolçu və məşqçi kimi hər zaman qələbəyə inanmışam. Hava və digər məsələlər məğlubiyyətə səbəb ola bilməz. Azərbaycana uduzsaq, səbəbkar özüməm.

Publika.az xəbər verir ki, bu fikirləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi “Avro-2020”-nin seçmə mərhələsində Azərbaycanla oyun öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.

55 yaşlı mütəxəssis kağız üzərində qarşılaşmanın favoriti olduqlarını deyib: "Bəzən meydanda çox şey fərqli olur. Qələbə üçün yüksək səviyyədə çıxış etməliyik. Azərbaycanın komandasına hörmət edirik. Rəqib və futbolçular barədə mümkün qədər məlumat əldə etmişik. Bakıda qələbə qazanmaq asan olmayacaq".

İtaliyalı məşqçi Macarıstanın son olaraq 2016-cı il Fransadakı Avropa çempionatında iştirak etdiyini söyləyib: "Budapeşt də Bakı kimi “Avro-2020”-nin təşkilatçı şəhərlərindən biridir. İstəyirik ki, azarkeşlərimizin önündə Avropa çempionatının final mərhələsində oynayaq. Əla stadionumuz var. İndidən final mərhələsinə çıxa biləcəyimizi deyə bilmərəm. Final mərhələsi arzumuzdur. Növbəti oyuna hazırlaşırıq və qələbəni düşünürük. Qrupumuzda aşkar favorit Xorvatiyadır. İlk növbədə, sabah qalib gəlib Uelslə matçı düşünməliyik".

Rossi heyətdə zədəli futbolçuların olduğunu bildirərək deyib: "Heyətin əvvəlki oyunla eyni olması mümkün deyil. Tomaş Kadar meydanda olmayacaq. Sabah ən yaxşı futbolçuları meydana çıxarmağa çalışacağam. Bütün komandanın motivasiyası yüksək səviyyədədir. Qələbə qazanmaq istəyirik".

Mütəxəssis "Neftçi"nin baş məşqçisi Roberto Bordini tanıdığını da bildirib: "Onu yaxşı tanıyıram. Biz birlikdə çıxış etmişik. Amma mənə Azərbaycan komandası ilə bağlı məlumat vermədi. Hər halda ehtiyat edir”.

Qeyd edək ki, Azərbaycan-Macarıstan matçı iyunun 8-də "Bakcell Arena"da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm