Tanınmış simadan AFFA-ya SƏRT SÖZLƏR: "Canı çıxsın..."
Bizi izləyin

İdman

Tanınmış simadan AFFA-ya SƏRT SÖZLƏR: "Canı çıxsın..."

“AFFA futbol oynamır, futbolçu yetişdirən qurum deyil, ölkə ərazisində futbol turnirlərinin təşkilinə məsul olan qurumdur”. Biriniz bu sözləri deyən AFFA sözçüsünə çatdırsın ki, bildiyi məsələlərdən danışsa, daha yaxşı olar”.

Publika.az xəbər verir ki, bunu idman jurnalisti Natiq Muxtarlı qeyd edib.

Milli komandanın AVRO-2020 seçmə mərhələsi çərçivəsində Macarıstan (3:1) və Slovakiya (5:1) yığmalarına biabırçı məğlubiyyəti ətrafında aparılan müzakirələrə münasibət bildirən jurnalist bildirib ki, ölkədə futboldan məsul olan qurum məhz federasiyadır:

“Əgər AFFA 8 klubdan 6-sına tam sahibdirsə, "canı çıxmalıdır", futbolçu yetişdirməlidir. Üstəlik, bütün ölkələrdə futbolun inkişaf strategiyasını hansısa klub yox, məhz federasiya müəyyənləşdirir və klublar da bunun əsasında inkişaf edirlər. Məsələn, o AFFA sözçüsünə deyin ki, 1998-ci ildə Almaniya futbolunda yaşananlar barədə oxusun”.

Jurnalist futbolda inkişafa nail olmaq məsələsinə Almaniyanı nümüunə gətirib:

“Almaniya Futbol Federasiyası DÇ-1998-dəki uğursuzluqdan sonra Vayzenin təklifini həyata keçirmək qərarına gəldi. 121 regional mərkəzin yaradılması üçün 3,2 milyon alman markası (1,6 milyon avro) dəyərində vəsait ayrıldı. Bu mərkəzlərdə hər həftə 13-17 yaş aralığında olan 4 min oyunçuya məşqçilərin nəzarəti altında 2 saatlıq fərdi texniki çalışmalar keçirilirdi. Həmçinin 12 yaşadək olan 10 min uşaq elit məşqçilərin yanında futbolun sirlərini öyrənəcəkdi. Layihənin illik xərci 5,2 milyon alman markasına (2,6 milyon avro) bərabər idi. Almaniya Futbol Federasiyasının gənclərin inkişafı üzrə məsul şəxslərindən olan Frants Bekkenbauer demişdi: "Bir müddət idi ki, bu plan üzərində çalışırdıq. Bir-iki xırda detalı dəyişdikdən sonra planı həyata keçirmək qərarına gəldik”. Bu plan, təxminən 10 ildən sonra Almaniyanı dünya çempionu etdi. Planı isə “Bavariya” yox, Almaniya Futbol Federasiyası hazırlamışdı. Almaniyada federasiya, “oyunları təşkil edirik” adı altında pul “yumur”, ölkə futbolunun inkişaf strategiyasını müəyyənləşdirir, futbolçu yetişdirir”.

Qeyd edək ki, AFFA Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla musavat.com-a açıqlamasında Azərbaycan-Slovakiya oyunundan sonra bu sözləri demişdi:

“İstefa” şüarlarını stadionda bizlər də eşidirdik. Azarkeşlərin öz fikirlərini ifadə etmək hüquqları var. Ona görə də, bu cür münasibət sərgilədilər. Amma maraqlısı odu ki, azarkeşlər “istefa” qışqırdıqları vaxt Azərbaycan millisi qol vurdu. Ondan sonra stadion “bir daha” qışqırmağa başladı. Heç kəs istəmir ki, azarkeşlik etdiyi klub və ya milli komanda məğlub olsun.

AFFA-nın günahkar hesab olunmasına gəlincə, onu deyə bilərəm ki, milliyə baş məşqçinin AFFA-nın İcraiyyə Komitəsinin Məşqçilər Komitəsinin tövsiyyəsi əsasında təyin edilməsinin burada böyük rolu var. Belə fikirlər formalaşır ki, məğlubiyyətdə əsas günahkar AFFA-dır. Bunu nəzərə almaq lazımdır ki, AFFA futbol oynamır, futbolçu yetişdirən qurum deyil, ölkə ərazisində futbol turnirlərinin təşkilinə məsul olan qurumdur. İl ərzində ölkə ərazisində çoxsaylı futbol turnirləri keçirilir. 10 yaşdan 19 yaşa qədər uşaq və gənclər liqalarını qeyd edə bilərəm. Peşəkar liqaları da göstərə bilərəm. Milli komandanın şəraiti ilə bağlı heç bir problem yoxdur. Səfər oyunlarında komanda ən yaxşı yerlərdə yerləşdirilir. Yəni təşkilatı məsələlərlə bağlı komandanın çıxışında heç bir problem yoxdur. AFFA üzərinə düşən məsələləri yerinə yetirir. Rüşvət ittihamları çox ciddidir. Bunu sübut etmək üçün hüquq müstəvisində danışmaq lazımdır. Sübut olmadan kimisə rüşvətdə ittiham etmək doğru deyil. Bunun özü cinayət məsuliyyəti daşıyan bir məsələdir.

Sözün açığı konkret olaraq, AFFA rəhbərliyində təmsil olunan kiminsə ünvanına bu ittihamın səsləndirildiyinə rast gəlməmişəm. Yuxarıda adını çəkdiyim kimi, AFFA-nın Məşqçilər Komitəsi adlı bir qurumu var. Azərbaycanda kifayət qədər tanınmış futbol mütəxəssislərindən təşkil olunmuş bir qurumdur. Sədri həm də AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Vaqif Sadıqovdur. Eyni zamanda, digər təmsilçilərdən Ağasəlim Mircavadov, Şakir Qəribov, Şahin Diniyev və Yaşar Vahabzadə müxtəlif vaxtlarda əsas milli komandalarımızda məşqçi olublar. AFFA-da elə bir rəsmi şəxs yoxdur ki, çıxıb desin, filankəsi filan yerə təyin etməlisiniz. Sistem var. Məşqçilər Komitəsi tövsüyyələrini verir, namizədi göstərir. İcraiyyə Komitəsi bundan sonra baxıb qərarını verir. Bu, tək bir adamın iradəsindən asılı olan məsələ deyil. Bu cür ağır məğlubiyyətdən sonra AFFA-da ab-hava yaxşı ola bilməzdi. Hamı məyus, kədərli idi. Baş məşqçinin göndərilməsi ilə bağlı hər hansı bir söhbət olmayıb. Sadəcə olaraq, ardıcıl iki oyunda bu cür məğlubiyyətlərin yaşanmasının səbəbləri barədə İcraiyyə Komitəsinin üzvləri tərəfindən suallar verildi. Baş məşqçi bildirdi ki, böyük hesabat hazırlamağa vaxtı olmayıb. Yurçeviç oyundan sonrakı mətbuat konfransında qısa şərh vermişdi. Orada qeyd etmişdi ki, yaxın vaxtda hesabat təqdim edəcək. Baş məşqçisinin uzaqlaşdırılması məsələsi gündəmdə deyil. 20-dən çox azarkeşin saxlanılması barədə şərh verə bilmərəm. Bununla bağlı hüquq-mühafizə orqanları daha dəqiq məlumat verə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm