“Minsk 2019”un beşinci günündə Azərbaycan idmançıları - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

İdman

“Minsk 2019”un beşinci günündə Azərbaycan idmançıları - FOTO (YENİLƏNDİ)

İyunun 25-də - “Minsk 2019”un beşinci günündə Azərbaycan atletləri idmanın 8 növü üzrə - güləş, boks, cüdo, tramplin gimnastikası, kamandan oxatma, badminton, velosiped idmanı və atıcılıq yarışlarında mübarizə aparıblar.

Publika.az xəbər verir ki, “Minsk 2019”da güləş yarışlarının birinci günündə idmanın dörd növü üzrə mübarizə aparılıb. Azərbaycan yığması güləş yarışlarının birinci günündə dörd növün hər biri üzrə təmsil edilib. Güləşçilərimiz mübarizəyə səkkizdəbir final mərhələsindən başlayıblar. Mahir Əmiraslanov (57 kq) bütün görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib. Finalda pəhləvanımızın rəqibi serbiyalı Stevan Misiç olacaq. Həlledici qarşılaşma iyunun 26-da keçiriləcək.

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və nümayəndə heyətimizin digər üzvləri güləşçimizin qarşılaşmasını izləyiblər.

Pəhləvanlarımızdan Aleksandr Qostiyev (86 kq) və Cəmaləddin Maqomedov (125 kq) yarımfinalda uduzublar. Səkkizdəbir finalda Hacımurad Qadcıyevin (74 kq) uduzduğu türkiyəli Söner Demirtaş finala vəsiqə qazandığı üçün idmançımız bürünc medal qazanmaq üçün şans qazanıb. Beləliklə, güləş yarışlarının birinci gününün yekununda Azərbaycan güləşçilərindən biri qızıl, üçü isə bürünc medal uğrunda mübarizə aparmaq imkanı əldə ediblər.

Gün ərzində boksçularımızdan Rufət Hüseynov (49 kq) dörddəbir, Cavid Çələbiyev (60 kq) və Loren Alfonso Domingez (81 kq) səkkizdəbir final mərhələsində mübarizə aparıblar. C.Çələbiyev Moldova təmsilçisi Dorin Buksa, Loren Alfonso Domingez isə Belarus boksçusu Mixail Dauqaliavetsə 5:0 hesabı ilə qalib gəliblər. R.Hüseynov isə dörddəbir finalda uduzaraq “Minsk 2019”da mübarizəni dayandırıb. Dörddəbir finalda C.Çələbiyev Gürcüstan təmsilçisi Otar Eranosyan, L.Domingez isə Belçika boksçusu Ziyad El Mohor ilə qarşılaşacaqlar.

“Minsk 2019”un cüdo yarışlarının sonuncu günündə qarışıq komandalar mübarizə aparıblar. Cüdoçularımız səkkizdəbir finalda Fransa seçməsinə uduzublar – 0:4. Komandamızın heyətində Larisa Florian (57 kq), Nuriyə Axundova (70 kq), Rüstəm Orucov (73 kq) və Uşangi Kokauri (+90 kq) çıxış ediblər. Bununla da cüdoçularımızın ikinci Avropa Oyunlarındakı mübarizəsi başa çatıb. Azərbaycan cüdoçuları “Minsk 2019”da fərdi yarışlarda beş medal qazanıblar. Medalların biri gümüş, dördü isə bürüncdür. Gümüş medalı komandamızın aktivinə “Minsk 2019”da yığma komandamızın bayraqdarı Rüstəm Orucov (73 kq) yazdırıb. Bürünc medallara isə Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və İrina Kindzerska (+78 kq) sahib olublar.

İkinci Avropa Oyunlarının badminton yarışlarında ölkəmizi təmsil edən Ezmi Qovimuramadhoni iyunun 25-də G qrupunda ikinci oyununda lüksemburqlu Robert Manna iki setdə qalib gəlib – 21:15, 21:18. Bu qələbə sayəsində Ezmi Qovimuramadhoni çıxış etdiyi G qrupunda liderliyə yüksəlib. O, sabah keçiriləcək növbəti görüşdə qrupun digər favoriti Vladimir Malkov (Rusiya) ilə üz-üzə gələcək. Yarışın reqlamentinə əsasən, qrup mərhələsində ilk iki yeri tutan badmintonçular səkkizdəbir finala vəsiqə qazanacaqlar.

Tramplin gimnastikası üzrə yarışların sonuncu günündə kişilərin fərdi mübarizəsində ölkəmizi Ruslan Ağamirov və İlya Qrişunin təmsil ediblər. Yarışda R.Ağamirov 65,485 xalla 20-ci, İ.Qrişunin isə 56,860 xalla 21-ci yerdə qərarlaşıblar.

“Minsk 2019”da kamandan oxatma üzrə yeganə təmsilçimiz Ozay Qasımova qadınların yarışında otuzikidəbir finalda almaniyalı Elena Rixterə uduzaraq mübarizəni dayandırıb.

Velosiped yarışında iki idmançımız - Samir Cəbrayılov və Elçin Əsədov iştirak ediblər. Otuz doqquz velosipedçinin qatıldığı yürüşdə E.Əsədov 29-cu, S.Cəbrayılov isə 31-cü olublar.

Nigar Nəsirova 25 metr məsafəyə atəşaçma üzrə təsnifat yarışında 273 xal toplayaraq sonuncu – 35-ci pillədə qərarlaşıb.

“Minsk 2019”un beşinci günündə medal siyahısına Rusiya komandası başçılıq edir. Rusiyalı idmançıların aktivində 53 (24-13-16) medal var. İkinci yerdə Belarus (14-9-18), üçüncü pillədə isə Gürcüstan (6-5-9) yığmaları qərarlaşıblar.

***

25 iyun 21:16

"Minsk 2019" II Avropa Oyunlarında çıxış edən Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni 1/8 finala yüksəlib.

Bu, kişilərin fərdi mübarizəsində qrup mərhələsinin II turunun qarşılaşmalarından sonra məlum olub.

Qovimuramadhoni G qrupunda ikinci matçında lüksemburqlu Robert Mannı üstələyib.

O, görüşün taleyini iki setdə həll edib – 2:0 (21:15, 21:18). Bu qələbə azərbaycanlı idmançıya 1/8 finala vəsiqə qazandırıb.

Turnirin reqlamentinə əsasən, qrup mərhələsində ilk 2 yeri tutan badmintonçu 1/8 final mərhələsinə vəsiqə qazanır. Hərəyə iki qələbə qazanan E.Qovimuramadhoni və Rusiya idmançısı Vladimir Malkov rəqibləri üçün əlçatmaz olub.

Qeyd edək ki, 1/8 finala vəsiqəni təmin edən badmintonçular sabah keçiriləcək son turda üz-üzə gələcəklər. Əlavə göstəricilərə görə lider olan təmsilçimiz mövqeyini qorumaq üçün qalib gəlməlidir.

***

“Minsk 2019” ikinci Avropa Oyunlarının boks yarışlarında dörddəbir finalda mübarizə aparan Rufət Hüseynov (49 kq) italiyalı Federiko Serra ilə qarşılaşıb.

Görüşdə 0:5 hesabı ilə uduzan boksçumuz “Minsk 2019”da mübarizəni dayandırıb.

Dəri əlcək ustası səkkizdəbir finalda İsrail təmsilçisi David Alaverdiyanı 4:0 hesabı ilə məğlubiyyətə uğratmışdı.

Qeyd edək ki, ikinci Avropa Oyunlarının beşinci günündə Cavid Çələbiyev (60 kq) və Loren Alfonso Domingez (81 kq) də mübarizə aparıblar. Səkkizdəbir final mərhələsində rinqə çıxan hər iki boksçumuz dörddəbir finala yüksəliblər. Səkkizdəbir finalda Moldova təmsilçisi Dorin Buksanı 5:0 hesabı ilə məğlub edən C.Çələbiyevin dörddəbir finalda rəqibi Gürcüstan təmsilçisi Otar Eranosyan olacaq.

L.Domingez isə eyni hesabla Belarus boksçusu Mixail Dauqaliavetsə qalib gələrək adını dörddəbir finala yazdırıb. O, dörddəbir finalda Belçika təmsilçisi Ziyad El Mohor ilə qarşılaşacaq.

Hər iki boksçumuz növbəti görüşlərini iyunun 26-da keçirəcək.

***

19:35

İyunun 25-də ikinci Avropa Oyunlarının sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan pəhləvanı Mahir Əmiraslanov (57 kq) finala yüksəlib.

Publika.az xəbər verir ki, güləşçilərimiz yarımfinalda Rusiya təmsilçisi Zavur Uquyev ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada M.Əmiraslanov hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək görüşü qələbə ilə başa vurub – 3:2.

Finalda pəhləvanımızın rəqibi serbiyalı Stevan Misiç olacaq. Final sabah keçiriləcək

Xatırladaq ki, M.Əmiraslanov (57 kq) səkkizdəbir finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gəlib. İdmançımız dörddəbir finalda isə Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm