Atletlər kəndində 13 bina inşa edilib
Bizi izləyin

İdman

Atletlər kəndində 13 bina inşa edilib

Azərbaycan möhtəşəm bir yarışmaya, ilk dəfə Bakıda keçirilməsi planlaşdırılan Avropa oyunlarına hazırlaşır.

ANS TV-nin məlumatina görə, 2015-ci il Avropa Olimpiya Oyunlarının keçiriləcəyi Atletlər kəndi, ümumilikdə 382 min 397 kvadratmetr sahəni əhatə edir. Atletlər kəndi Avropa Oyunlarının keçiriləcəyi əsas idman komplekslərinə - Olimpiya Stadionuna, Su İdmanı Növləri Mərkəzinə, Gimnastika Kompleksinə yaxın ərazidə yerləşir. 13 yaşayış binası, yardımçı binalardan ibarət kompleksdə 2 - 3 və 4 otaqlı olmaqla, ümumilikdə 1161 mənzil var.

Ərazidə inşa edilən 1100 şagird yerlik yeni məktəb binasında isə hazırda Bakı Avropa Oyunları Koordinasiya Komitəsi çalışır. Təşkilatçılar idmançılar üçün hər cür şəraitin yaradıldığını deyirlər.

Atletlər kəndinin direktoru Donna Taylorun sözlərinə görə, burada olimpiya standartlarından da yüksək şərait yaradılb: “Hər 2 atlet bir vanna otağından istifadə edəcək. Ümumilikdə, mənzildə olan otaqların sayı qədər vanna otağı var. Oyunlarda iştirak edəcək qadınlar da unudulmayıb və onlar üçün kosmetoloji xidmətlər də göstəriləcək. Mərkəzdə kənd plaza deyilən bir ərazi olacaq ki, orada idmançılar istirahət edə biləcək və kafelər fəaliyyət göstərəcək. Eyni anda 2500 insanın yemək yeyə biləcəyi böyük yeməkxana da var”.

Gələn ilin yayında baş tutacaq oyunlarda 6000-dən çox atletin iştirak edəcəyi gözlənilir. Atletlər kəndində nümayəndə heyətlərinin üzvləri də yerləşdiriləcək. Ümumilikdə, atletlər kəndində 9 min nəfərin yerləşdirilməsi planlaşdırılır.

Avropa oyunlarının açılış və bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Olimpiya Stadionunda hazırda tikinti işləri davam edir. Stadionun 2015-ci ilin fevralında təhvil veriləcəyi gözlənilir. Ümumilikdə Avropa oyunlarında yarışlar 19 idman növü üzrə olacaq. Hazırda yarışların keçiriləcəyi məkanların hazırlanması prosesi davam edir.

Bunun üçün 4 obyekt tikilir, 5-sı isə artıq istismara hazırdır. 11 müvəqqəti istismar üçün nəzərdə tutlmuş obyekt isə oyunlara az qalmış quraşdırılacaq. Bakıda isə tarixdə ilk dəfə keçiriləcək Avropa oyunlarının geri sayımına start verilib. Oyunlara 343 gün qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm