Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının bağlanış mərasimi keçirildi
Bizi izləyin

İdman

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının bağlanış mərasimi keçirildi

Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) bağlanış mərasimi keçirilib.

“Report” xəbər verir ki, Bakı Kristal Zalında baş tutan tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca iştirakçı 48 ölkənin bayraqlarının keçidi olub və 21 - 27 iyulu əhatə edən yarışla bağlı videoçarx nümayiş edilib.

Baş nazirinin birinci müavini, Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin rəhbəri Yaqub Eyyubov çıxış edərək, Azərbaycan xalqını, medal qazanan idmançıları və onların məşqçilərini təbrik edib: "Yüksək əhval-ruhiyyə və mehriban mübarizə şəraitində keçən Avropa Gənclər Yay Olimpiya Festivalı başa çatır. Bu Festivalın yüksək səviyyədə təşkili bir daha Azərbaycanın nəhəng yarışlara məharətlə ev sahibliyi etməsinin sübutdur. İlk növbədə Prezident İlham Əliyevə təşəkkür edirəm. Azərbaycan gəncləri festivallar tarixində ən böyük uğurlarını Bakıda əldə etdilər. Təbii ki, nəticəsindən asılı olmayaraq, yarışa qatılan hər bir idmançını da təbrik edirəm. Festivalda iştirakın özü bir qələbədir".

Sonra Avropa Olimpiya Komitələrinin vitse-prezidenti Nils Nayqard yarışı yüksək səviyyədə keçirdiyi üçün Azərbaycana təşəkkür edib: "Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının maraqlı həftəsini keçirdik. Bu, Avropa idmanının, qitəmizin ən yaxşı gənc idmançılarının bayramı oldu. Bütün idmançıları təbrik edirəm. Ümidvaram ki, burada əldə olunan təcrübə gələcəkdə həm idman, həm də digər sahələrdə onların köməyinə gələcək. Azərbaycanlı dostlarımıza və təşkilatçılara minnətdarıq. Könüllülərə xüsusi təşəkkür edirəm. Avropa Festivalı gənclərin bayramıdır. Əldə olunan nəticələr daim yaddaşlarda qalacaq. İdman müxtəlif xalqları birləşdirməyə qadir bir qüvvədir. Sağ ol, Bakı! Sağ ol, Azərbaycan!".

Ardınca Y. Eyyubov, N.Nayqard və EYOF-un növbəti ev sahibi - Slovakiyanın Banski Bistritsa şəhərinin meri Yan Noskonun iştirakı ilə Avropa Olimpiya Komitələrinin bayrağı endirilib və qonağa təqdim olunub.

Slovakiyanın Dövlət Himni səsləndikdən sonra Y.Nosko çıxış edərək, Banski Bistritsanın özəlliklərindən söz açıb: "Yaxşı bir ideyam var. Mən sizi öz cazibədarlığı ilə seçilən bir məkana dəvət etmək istəyirəm. Kiçik bir yer olsa da, orda böyük potensial gizlənir. Zdeno Kara kimi idmançılar orada dünyaya göz açıb. Şəhər Slovakiyanın tam mərkəzində yerləşir və ora hər bir yerə yaxındır. Olimpiya və dünya çempionlarının şəhəridir. Fotbolçu Marek Hamşek, biatlonçu Anastasiya Kuzminova bu şəhərdə dünyaya gəliblər".

Mərasim bədii hissə ilə davam etdirilib.

Növbəti Yay Festivalı 24 iyul - 1 avqust 2021-ci ildə keçiriləcək.

Qeyd edək ki, EYOF-un qalibi ümumilikdə 66 medal - 28 qızıl, 17 gümüş və 21 bürünc qazanan Rusiya yığması olub. Böyük Britaniya komandası 11 qızıl, 12 gümüş və 2 bürünc medalla 2-ci yeri tutub. Aktivində 11 qızıl, 6 gümüş və 10 bürünc medal olan Türkiyə yığması isə 3-cü pillədə qərarlaşıb. Hesabında 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan millisi isə festivalı 4-cü sırada başa vurub.

Azərbaycan millisinə ən çox medalı güləşçilər qazandırıb. Ümumilikdə 23 medaldan 16-sı pəhləvanların payına düşüb. Fərid Sadıqlı, Qurbanov Qurban, Elmir Əliyev, Həsrət Cəfərov, Xasay Həsənli (hamısı yunan-Roma güləşi), Murad Haqverdiyev, Kənan Heybətov, Cəbrayıl Hacıyev (hamısı sərbsət güləş), Hüseyn Məmmədov və Turan Bayramov (hər ikisi cüdo) qızıl medal götürüb.

Gültəkin Şirinova, Elnurə Məmmmədova, Mərziyə Sadıqova (hamısı qadın güləşi), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi sərbəst güləş), Səməd Məmmədli (idman gimnastikası) və Vüqar Talıbov (cüdo) gümüş medala layiq görülüb.

Şükran Zamanlı, Məhərrəm İmamverdiyeva, Gülşən Bəşirova (hamısı cüdo), Mircavad Nəbiyev (sərbsət güləş), Nihat Məmmədli (yunan-Roma) və Nigar Mirzəzadə (qadın güləşi) isə bürünc medal qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm