Baş məşqçi: Bakıda "Qarabağ"a qalib gələ bilərik
Bizi izləyin

İdman

Baş məşqçi: Bakıda "Qarabağ"a qalib gələ bilərik

"Faiz olaraq nə dərəcədə hazır olduğumuzu deyə bilmərəm, amma çox yaxşı komandamız var".

Bunları Kiprin APOEL komandasının baş məşqçisi Tomas Doll "Qarabağ"a qarşı Bakıda keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü haqda danışarkən söyləyib.

53 yaşlı almaniyalı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan mətbuat konfransında bildirib ki, komandada yenidir və cəmi 4 məşq keçib: "Sabah özümüzə inamla oynayacağıq. İki qol vurmalıyıq. Ümumilikdə 4 məşqimiz olub. Futbolçulardan razıyam. Təəssüf ki, onlar ilk görüşdə bacardıqlarını tam şəkildə nümayiş etdirə bilməyiblər. Önəmli olan ilk matçla müqayisədə daha yaxşı oynamaqdır. Sabah fərqli performans ortaya qoymalıyıq. Futbolçularla söhbətim olub. Hiss edirəm ki, şansımız var. Çox güclü rəqibə qalib gələ bilərik. Fərqli performansın nədən ibarət olduğu deyə bilməyəcəyəm (gülür). Matçda görəcəksiniz".

Dollun sözlərinə görə, heyətdəki bəzi itkilər komandanın oyununa təsir etməməlidir: "Əsas inamdır. Futbolda zədələrin olması normaldır. Çox yaxşı heyətimiz var. Ona görə də itkilərin öhdəsindən gələcəyik. Əlimizdəki futbolçularla nəsə etməyə çalışacağıq. Emosiyanal adamam. Ona görə referi məni texniki zonadan uzaqlaşdıra da bilər (gülür). Ancaq artıq 53 yaşım var, nisbətən sakitləşmişəm. İlk matça baxmışam. Bəzi məqamaları müşahidə etdim. Sabah daha çox şanslar yaradacağıq. Uşaqlar nə etmək lazım olduğunu bilirlər".

Qeyd edək ki, "Qarabağ" ötən həftə Nikosiyada keçirilən ilk oyunda 2:1 hesabı ilə qalib gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab matçı sabah saat 20:30-da start götürəcək (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm