Azərbaycan millisi qrupda sonuncu oyununa çıxır
Bizi izləyin

İdman

Azərbaycan millisi qrupda sonuncu oyununa çıxır

Avqustun 29-da qadın voleybolçulardan ibarət Azərbaycan millisi saat 17:30-da Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi etdiyi Avropa çempionatında növbəti oyununu keçirəcək.

C qrupunda mübarizə aparan millimiz beşinci turda Rumıniya yığması ilə qarşılaşacaq.

Millimiz ötən turlarda Xorvatiyanı 3:2, Macarıstanı 3:0, Estoniyanı 3:2 hesabı ilə məğlub edib, Hollandiya seçməsinə isə uduzub - 0:3.

Hesabında 12 xal olan Hollandiya qrupda birinci pillədə yer alıb. Xorvatiya 10 xalla ikinci, Azərbaycan 7 xalla üçüncü, Rumıniya 6 xalla dördüncü, Macarıstan isə 3 xalla beşincidir. Estoniya millisi isə 1 xalla qrupda sonuncu yerdədir.

C qrupunun oyunları Budapeştdə təşkil olunub.

Azərbaycan millisinin heyətində Yana Əzimova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Ayşən Abduləzimova, Olena Həsənova, Kseniya Pavlenko, Mariya Kirilyuk, Anastasiya Qurbanova, Odina Əliyeva, Yelizaveta Səmədova, Anastasiya Bessonova, Polina Rəhimova, Marqarita Əzizova və Bəyaz Əliyeva yer alıb.

Millimiz Avropa çempionatlarında 2005-ci ildə debüt edib. Xorvatiyada təşkil olunan qitə birinciliyində Azərbaycan millisi dördüncü olub. Səkkizinci dəfə Avropa birinciliyində gücünü sınayan yığmamız öncəki çempionatlarda mükafatçılar sırasına düşə bilməyib.

Qadınların yarışında final matçı Türkiyədə, kişilərin mübarizəsində isə həlledici qarşılaşma Fransada təşkil olunacaq.

Xatırladaq ki, iki il əvvəl Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi ilə keçirilən 30-cu Avropa çempionatında qızıl medalları Serbiya voleybolçuları qazanıblar. Sonrakı yerlərdə Hollandiya, Türkiyə və Azərbaycan komandaları qərarlaşıb.

Çempionata sentyabrın 8-də yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm