Güləşçimiz dünya çempionatının finalında
Bizi izləyin

İdman

Güləşçimiz dünya çempionatının finalında

Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından Publika.az-a verilən məlumata görə, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72 və 82 kq-da mübarizə baş tutub.

Eldəniz Əzizli ilk görüşdə hindistanlı rəqibinə vaxtından əvvəl qalib gəlib. Dünya çempionu 1/4 finalda cəmi 1 dəqiqə 21 saniyəyə monqolustanlı həmkarını devirərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında yerli pəhləvana məğlub olan titullu güləşçimiz ümidini bürünc medala bağlayıb.
Elman Muxtarov startda erməni rəqibinə uduzub.

Sənan Süleymanov debütdə Xorvatiya idmançısını üstələyib. Həmyerlimiz 1/8 finalda əzmkar qələbə qazanıb. Gürcüstan güləşçisiylə görüşdə 3:5 hesabıyla geridə olsa da, möhtəşəm geridönüş edib. Ancaq 1/4 finalda macar rəqibiylə bacarmayıb.

Rafiq Hüseynov təsnifat mərhələsində Moldova təmsilçisini məğlub edib. Ukrayna idmançısı da yığmamızın üzvünə müqavimət göstərə bilməyib. Təcrübəli pəhləvanımız 1/4 finalda yerli güləşçini də məyus edərək adını yarımfinala yazdırıb. Yarımfinalda İran pəhləvanıyla qarşılaşma dramatik keçib. Son dəqiqədə əsl əzmkarlıq nümayiş etdirən Rafiq uğurlu fəndlə qələbə qazanaraq karyerasında ilk dəfə dünya çempionatının finalına vəsiqə qazanıb.

Qeyd edək ki, bu çəkilərdə medal görüşləri sentyabrın 15-də axşam seansında keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm