Qurban Qurbanov: Güclü rəqibə qarşı sonadək mübarizə aparacağıq
Bizi izləyin

İdman

Qurban Qurbanov: Güclü rəqibə qarşı sonadək mübarizə aparacağıq

“Sevilya” kimi komandanın Bakıya gəlməsi hamı üçün sevindiricidir. Bir ilə yaxın idi ki, azarkeşlərimiz belə güclü rəqibə qarşı stadionda oyun izləmirdilər. Düşünürəm ki, sabah meydanda sonadək mübarizə aparan yaxşı bir kollektiv görəcəyik.

Publika.az xəbər verir ki, bu fikirləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində İspaniyanın “Sevilya” klubu ilə keçiriləcək oyun ərəfəsində təşkil olunmuş mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, rəqibin ad-sanına baxmayaraq, Ağdam təmsilçisi öz futbolunu oynamağa çalışacaq: “Düşünürəm ki, “Sevilya” Çempionlar Liqasında oynamağa layiq komandadır. Biz öz meydançamızda oynayırıq və maksimum nəticə göstərməyə çalışacağıq. İstədiyimiz kimi oynaya bilsək, yaxşı nəticə qazana bilərik. Rəqibi kifayət qədər yaxşı tanıyırıq”.

Təcrübəli məşqçi “Sevilya”ya rəhbərlik edən Xulen Lopetegi barədə də fikirlərini bölüşüb: “Onunla şəxsi tanışlığım yoxdur. “Real Madrid”də və İspaniya millisində işləməsi hər şeydən xəbər verir. Əsl İspaniya futboluna üstünlük verən mütəxəssisdir. Mənim də İspaniya futboluna marağım böyükdür. Ən çox izlədiyim çempionat İspaniya La Liqasıdır. “Sevilya”nın heyəti barədə danışmağa ehtiyac yoxdur. Hamısının adını çəkmək olar. Sabah layiqli mübarizə aparacağıq və çalışacağıq ki, azarkeşlər oyunumuzdan razı qalsın. Məlumdur ki, onlar da matça ciddi hazırlaşırlar. Ola bilər ki, “Atletiko” ilə oyunlarımızdakı nəticələr onları buna vadar edir”.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq. Qrupdakı digər qarşılaşma Kiprin APOEL və Lüksemburqun “Düdelanj” komandaları arasında oynanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm