Premyer Liqa: "Qarabağ" "Zirə"ni, "Sabah" "Sumqayıt"ı qəbul edəcək
Bizi izləyin

İdman

Premyer Liqa: "Qarabağ" "Zirə"ni, "Sabah" "Sumqayıt"ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun son iki görüşü keçiriləcək.

"Report"un məlumatına görə, "Bank Respublika Arena"da "Sabah" - "Sumqayıt", Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ" - "Zirə" qarşılaşmaları oynanılacaq. Bu komandalardan "Qarabağ" vaxtından əvvəl qış çempionluğunu təmin etmək üçün mübarizə aparacaqsa, qalanları 4-cü yerə yüksəlməyə can atacaq.

Hazırda 26 xalla 1-ci yerdə gedən ağdamlılar ötən gün "Neftçi"nin səfərdə "Keşlə"yə 1:2 hesablı məğlubiyyətindən sonra əlverişli fürsət yaxalayıblar. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Zaur Həşimovun rəhbərliyi altında qələbə sevinci yaşamayan "Zirə"ni yensə, xallarını 29-a yüksəldəcək. Bununla da "Qarabağ" ən yaxın izləyicisini 10 xal geridə qoyacaq.

İndiyədək iki komanda 17 dəfə qarşılaşıb. Bunların 13-də ağdamlılar qalib gəlibsə, 4 görüş heç-heçə ilə başa çatıb. Topların nisbəti də "Qarabağ"ın xeyinədir - 36:7. “Zirə” indiyədək rəqibinə qalib gəlməyib. “Qarabağ” isə son iki matçda üç qol vurub.

"Qartallar" səfər matçında xal itirsələr, 4-cü yerin yeni sahibi Masazırdakı görüşdən sonra müəyyənləşəcək. İlk oyun günündə səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzan "Səbail"in bu gün 4-cü pilləni əldən verəcəyi dəqiqdir. "Sumqayıt" səfər matçında hətta heç-heçə edəcəyi təqdirdə, 12 xalla 4-cü pilləyə yiyələnəcək. Əks halda, həmin pillə xallarını 13-ə çatdıracaq "Sabah"a qismət ola bilər. Hazırda 10 xalla 6-cı pillədə gedən paytaxt klubu "gənclik şəhəri" təmsilçisinən 1 xal və 1 pillə geri qalır.

İndiyədək iki komanda 5 oyun keçirib. "Sabah" 1, "Sumqayıt" 3 qələbə qazanıb, 1 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "gənclik şəhəri" təmsilçisi öndədir. “Sumqayıt” üç matçdır uduzmur. “Sabah”ın ev oyunlarında hər iki komanda qol vurur.

Azərbaycan Premyer Liqası, XI tur

10 noyabr (bazar)

16:30. “Sabah” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Bank Respublika Arena”

19:00. “Qarabağ” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Səbail"i 3:0, "Keşlə" "Neftçi"ni 2:1 hesabı ilə yenib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm