“Qarabasma” dünyanı heyrətə gətirdi - İnsan, yoxsa ruh? - VİDEO + FOTOLAR
Bizi izləyin

İdman

“Qarabasma” dünyanı heyrətə gətirdi - İnsan, yoxsa ruh? - VİDEO + FOTOLAR

“Qarabasma” dünyanı heyrətə gətirdi - İnsan, yoxsa ruh? - VİDEO + FOTOLAR

Morihey Ueşiba Yapon hərb sənətinin banisi olub. Belə ki o, Aikido adlı müdafiə etmə sənətinin qurucusudur. “O-Sensei” (Böyük Ustad) adı ilə tanınıb.

O, “bani” Kaiso, Osensei, “Böyük Müəllim” ləqəbləri ilə də xatırlanıb. Həmçinin onu cəldliyinə görə “qarabasma” da adlandırıblar.

Rus –Yapon (1904) müharibəsi onun həyatında önəmli rol oynayıb. Çünki bu müharibə ona real vəziyyətdə özünü əqli və fiziki cəhətdən inkişaf etdirməyə yardım edib. Və bu da Ueşibanın döyüş sənətinə hazırlıqları zamanı öyrəndiklərinə əlavə olub.

Publika.az “II taym” layihəsi çərçivəsində bu dəfə öz təlimini bütün dünyaya yayan Aikidonunun yaradıcısı Morihey Ueşiba haqqında məlumat veriləcək.

O, qısa müddət ərzində inadkarlıq, güclü iradə sayəsində təlimini Yaponiyanın qabaqcıl təlimləri sırasına qatıb. Ueşiba tutulduğu ağır xəstəlikdən özü-özünü xilas edib.

Ueişaba cılız və xəstə uşaq olub

Morihey Ueşiba 14 dekabr 1883-cü ildə Yaponiyanın Vakayama bölgəsində Tanabedə dünyaya gəlib. Morihey Yuki və Yoroku cütlüyünün 5 uşaqdan tək oğlan övladı olaraq seçmə bir məkanda böyüyüb. Atası taxta-şalban və balıq ticarəti edən, zəngin ərazi sahibi, aktiv siyasi fəaliyyətlə məşğul olan şəxs idi.

Ueşiba olduqca zəif və nasaz uşaq olub. O, davadan çox kitabsevər bir uşaq idi.

Gənc yaşda atası onu sumo güləşinə və üzgüçülüyə həvəsləndirib, dövrün çox güclü samurayı olan “böyük ata” Kiçiemon hekayələrinə maraq oyadıb.

Çətin şərayitdə keçən əsgərlik

Ueşiba müharibə illərində (Rus –Yapon-1904) əsgərliyinin əsas hissəsini Şimali Mancuriyanın sərt iqlimində keçirib. Bu səbəbdən müharibənin sonuna yaxın onun səhhəti tamamilə pisləşib. Ona xas olan enerji ilə özünü saatlarla açıq havada çalışmaqla həyata qaytarıb. Tezliklə Ueşibaya hökümət tərəfindən Hokkaydoya (Yaponiyanın şimalında yerləşən ada) yollanan bir qrup mühacirlərə başçılıq etmək tapşırılır.

Başqa bir cəsarətli gənc də Hokkaydoya yollanıb və onun adı Sokaku Takeda idi. O, Takedalar ailəsinin başçısı idi. Ueşiba və Takeda 1905-ci ildə görüşüblər. Ueşiba Takeda Senseyin “Dayto Ryu Aiki-Citsu” təlimini mənimsəməyə başlayıb.

Bundan başqa o, Tokioda öyrəndiyi “Kencitsu “və “Ciu-citsu”döyüş növlərini təcrübədən keçirməkdə davam edib.

Doğma kəndini tərk edir

Ueşiba gəncliyində bir çox döyüş sənəti ilə məşğul olub. Hələ 1898-ci ildə Ueşiba Osaka yaxınlığındakı doğma kəndini tərk edib, döyüş sənətlərinin sirlərini öyrənmək niyyəti ilə Tokioya gedib.

Xəstə atasına baş çəkmək üçün evə yollanan Ueşiba “Omotokio” dininin başçısı olan Onisaburo Dequçiyə rast gəlib. Dequçi Ueşibaya böyük təsir bağışlayıb və Ueşiba dərhal dini öyrənməyə başlayıb. Bu işə qoşulmasının gələcəkdə onun əqli inkişafına olan təsirinə baxmayaraq, o döyüş sənətini də əldən buraxmayıb.

Məşğul olduğu döyüş sənətləri

Ueişaba haqqında yazılan qaynaqlarda bildirilir ki, o, 1901-ci ildə Tokioda qısa müddətdə Tozava Tokusaburo altında “Tenjin Şinyo-ryu jujutsu”, Nakai Masakatsı ilə “Goto-ha Yagyu Şingan-ryu (1903 – 1908 Sakayi şəhərində) və 1911-ci ildə Tanabedə Kiyoiçi Takagi altında “cüdo” ilə məşğul olub.

“Böyük ustad”ın mənimsədikləri

Bir çox döyüş sənətini öyrənsə də, yalnız üçündə ixtisaslaşa bilir: “Yaqyi Şin Kageryu” adlanan qılıncla döyüş, “Hozoin-ryu” kimi tanınan taxta(Jo) ilə döyüş növü və “Tenin-Şinyo Ciu-citsu”.

1925-ci ildə Ueşiba əsasən özünün mənəvi və fiziki inkişafı üçün “Aiki-Ciucitsu” stilini yaradır. O, arvadı ilə birlikdə Hokkaydo adasının şimalına köç edir. Bundan sonra onun döyüş sənəti əsas dərinliyinə varır. 30 yaşlarında Sokaku Takedanın rəhbərliyi ilə “Daito-ryu” öyrənir. 1930-cu illərin ortalarında çalışmalarının ilk addımlarında, Ueşiba Takeda Sokakudan öyrəndiyi təlimlə dərs keçməyə başlayır.

Ueşibanın tələbələri olan Tomiki Kenci, Miçizuki Minori, Şioda Qozo, Koiçi Tohiey və başqaları indiki Müasir Aikidonun (Modern Aikido) əsasını qoymaqda çox fəal iştirak edirlər. Lakin “Böyük ustad” istəyinə nail ola bilməyib. Çünki, o xüsusi Budo ruhunda olan əsl hərbi (Martial Arts) döyüş növünün axtarışında idi.

Aikidonu yaradır

Bu axtarışlarda o, Dodzonu tərk edib fermada işləməyə başladı. Təbiətə yaxın olaraq öz təlimini burada davam etdirib. Özünün mənəvi və fiziki qabiliyyətlərini cəmləşdirməyə çalışıb.

1950-ci ildə Ueşiba inkişaf etdirdiyi, Aikido adlandırdığı döyüş sənəti ilə Tokio Dodzosuna qayıdıb.

Bildirək ki, aikido uzun müddət sirr qalır və yalnız məhdud dairələrə məlum olub.

Ueşiba öyrəndiyi texnikaları yenidən işləyib.

Onları sintez edib elə bir formaya salır ki, güc və zülmkarlığa yox, ahəng və məhəbbətə daha çox çağırıb. Bu yolla o, öz mənəvi etiqadlarını və güclü texniki peşəkarlığını inteqrasiya etməyə nail olub. Ueşiba elan edib ki, həqiqi budo üsulu sülh, barışıq üsuludur.

Ueşiba ona rast gələn hər bir insanın hörmətini qazanıb. Ueşibanın yaratdığı Aikido qılınc və nizə kimi döyüş sənətlərinin praktiki özünümüdafiə fəndlərini, “Ciu-cutsu”, “Aiki-cutsu” və digər daha qədim döyüş sənətlərini fiziki və mənəvi kamilləşməni unikal sistemdə birləşdirib.

Sülhsevər şəxsiyyət

“Böyük ustad” ömrünün sonlarına qədər öz tədrisini davam etdirib. Ölümündən bir neçə il əvvəl o, “Müasir Aikido”nun banisi kimi, dövlət mükafatına layiq görülüb.

Müharibə dövründə yaratdığı təlimdən sonra sülhsevər və mərhəmətli insan kimi ictimai rəğbət qazanıb.

Onun diqqəti və enerjisi tələbələrinin həyatına toxunan kimi aikidonun bir neçə üslubu canlanırdı. Bu üslubların diqqətə layiqləri Yoşinkan, Tomiki, Aikikai, Şinşin Toitsu və s. Bu üsulların banilərinin hamısı sənətkar Ueşibanın idealarından bəhrələnən yetişmələrdir.

Hər birinin “O-Sensey” təliminin xüsusi elementlərini işləyib. Belə ki, hər bir üsul başqalarından əsas elementlərini qoruyub saxlanılması ilə fərqlənib.

Ueşibanın “Aikido”su beynəlxalq səviyyədə geniş yayılmış digər yapon döyüş sənətlərindən özünün aydın ifadə olunan müdafiə xarakteri, dərin fəlsəfəsi, yarışların olmaması, yaş, cins və fiziki imkanlar fərqindən asılı olmayan məşq sistemi ilə fərqlənib.

Aikido bir çox ənənəvi yapon döyüş sənətlərinin sintezi və özünümüdafiə fəndlərinin tam və işlək sistemidir.

Aikidonun mənası

Aikido sözünün yazılışında 3 heroqlifdən istifadə olunur:

“Ai” – məhəbbət, harmoniya;

“Ki” – daxili, mənəvi enerji;

“Do”- yol.

Bu heroqliflərdən çıxan məna – “daxili enerjinin harmoniyasına aparan yol”dur

“Axtarışda olan şagirdlər olduq”

Uesiba ilk məşqləri və kəşfləri ilə bağlı mətbuata danışıb. O işçiləri ilə birgə özlərini axtarışda olan şagirdlər adlandırıb:

“Təxminən 14 və ya 15 yaşlarında Tokusaburo Tozava Senseydən “Tenjin Şinyo-ryu Ciu-citsu”nu öyrəndim, sonra “Kito-ryu”, “Yagyu-ryu”, “Aioi-ryu”, “Şinkage-ryu”, Ciu-citsu formalarını öyrəndim. Amma, “Budo”nun doğru bir formasının başqa bir yerdə olduğunu düşünürdüm. Növbəti illərdə “Hozoin-ryu sojitsu” və “kendo”nu sınadım. Lakin bütün bu sənətlər sadəcə bir döyüş forması ilə əlaqəli idi və məni qane etmirdi. Buna bir çarə axtarmaq üçün ölkəmin bir çox yerini gəzdim, amma hamısı boş idi. Doğru “Budo”nu tapmaq üçün bir çox yerə getmişdim. Təxminən 30 yaşımda, Hokkaydoda yaşamağa başladım. Daha sonra şansım gətirdi, Sensey Sokaku Takeda ilə tanış oldum. O, “Daito-ryu Ciu-citsu” dərsi verirdi. 30 gün ərzində ondan öyrəndiklərim mənim üçün sanki bir ilham pərisi olmuşdu. Daha sonra, o müəllimi evimə dəvət etdim və 15- 16 işçimlə birgə budonun əsaslarını axtaran şagirdlər olduq”.

Jurnalistin “Aikidoyu Sokaku Takedanın rəhbərliyi ilə “Daito-ryu” öyrənərkənmi kəşf etdiniz?”- sualına:

“Xeyr, tam olaraq elə də deyil. Belə deyərdim, Sokaku Takeda Sensey budo üçün gözlərimi açdı”-deyə cavab verib.

Bədbəxt ailə faciəsi

1969-cu ildə Morihey Ueşiba ağır xərçəng xəstəliyinə tutulur. 1969-cu il aprelin 26-da xərçəng xəstəliyi onun ölümünə səbəb olur. İki ay sonra, həyat yoldaşı Hatsu ölür. 1999-cu ildə də oğulu Kisşomaru Ueşiba dünyasını dəyişir.

“Böyük ustad” haqqında yaranan rəvayətlər

Ueşibanın döyüş texnikaları haqqında bir çox hekayələr, rəvayətlər var.

Məsələn, bir gün məşq zamanı Ueşibanın ətrafı tələbələrlə əhatə olunur. O, tələbələrinə ona hücum etmələrini tapşırır. Bir anda hücuma keçən tələbələrin arasından heç bir xəsarət almadan xilas olur.

Onun tələbələri sonralar danışır ki, həmin vaxt müəllimin bu hərəkəti onlar üçün təəccüb doğurmuşdu. Çünki onun cəld hərəkətlərlə yanlarından necə ötüb keçdiyini görə bilməyiblər. Sanki gözə görünməz varlıq imiş.

Aikido dünyasında yayılan həyəcanverici bu əhvalatlarla bağlı həmişə böyük müzakirələr yaranıb:

Bəzi insanlar bütün bunların əfsanələrdən ibarət olduğunu deyir. Belə bir döyüş sənətinin varlığını rədd edirlər. Amma çox adam Morihey Ueşibanın həqiqətən belə qəhrəmanlıqları bacarmış olduğuna inanır.

Sonralar Şoji Nişionun adlı bir ustanın danışdığına görə, Sodeyama Senseyin rəhbərliyi altında məşq edirmiş. Həmin vaxtlarda müəllimi ona Ueşiba haqqında danışıb. Müəllimi deyirmiş: “Sanki qarabasma kimi biri ilə tanış oldum. Ona bir dəfə belə vura bilmədim”.

Şoji Nişio qeyd edib ki, Sodeyama Sensey kimi birinin kiməsə bir dəfə belə vura bilməməsindən heyrətə düşüb.

4 nəsil şagird

Ueşibanın təxminən dörd nəsil şagirdi var. Bir qismi aşağıdakılardır:

Birinci (döyüş-əvvəli) nəsil

(1921-1935)

İkinci (döyüş) nəsil

(1936-1945)

Üçüncüsü (döyüş-sonrası) nəsil

(1946-1955)

Dördüncü (və sonuncu) nəsil

(1956-1969)

Kino aktyoru kimi məşhurlaşmış aikidoçu Steven Seqal da onun 4-cü nəsil tələbələrindəndir. O, “Böyük ustad”ın təlimlərini yaxından mənimsəyən şəxslərdən olub. Steven Seqal “7 Dan” qara kəmər ustasıdır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm