Banişevskinin nəvəsi babasının dostlarından niyə narazıdır?
Bizi izləyin

İdman

Banişevskinin nəvəsi babasının dostlarından niyə narazıdır?

Banişevskinin nəvəsi babasının dostlarından niyə narazıdı?

Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevskinin nəvəsi Əli Babayev də futbolla məşğul olur.

Publika.az xəbər verir ki, Əli birinci dəstədə mübarizə aparan “Şuşa”nın şərəfini qoruyur. Futbolçu mətbuata verdiyi müsahibədə bir sıra maraqlı məqamlara toxunub. Müsahibəni qısa ixtisarla təqdim edirik.

Əli Babayev Baniveşskinin 2-ci qızı Marinanın övladıdır. Onunla nənəsigildə – Banişevskinin həyat yoldaşı İnna Banişevskayanın evində görüşdüm. Söhbətə futbola gəlişi ilə başladı.

– İlk məşqçim Roma Cəfərov olub. Futbolda ilk addımlarımı onun yanında atmışam. Futbolçu kimi yetişməyimdə Dimitri Kramarenkonun da böyük əməyi var. “Simurq”da olarkən onun sayəsində xeyli “artırdım”. İmkan olan kimi mənimlə fərdi məşqlər edirdi. Daim mənə nəzarət edirdi, məsləhətlər verirdi. Dimitri dayının atası Sergey Kramarenko babamla yaxın dost olub. Ailəvi gediş-gəlişləri var idi. Hər ikisi rəhmətə gedəndən sonra münasibətlər kəsilmədi. İndi də tez-tez əlaqə saxlayırıq. Dmitri Kramarenko “Qəbələ”yə keçəndən sonra elə bil yaxın bir adamımı itirdim.

– Baban kimi sən də hücumçusan?

– “Şuşa”ya gələnə kimi hücumda oynayırdım. Amma Nadir müəllim məni daha çox yarımmüdafiənin cinahlarında sınayır.

– Nadir müəllim babanla yaxın dost olub. O səni seçdi, ya sən onu?

– Hə, Nadir müəllim həqiqətən babamla bir evli kimi olub. “Şuşa”da peyda olmağıma gəlincə, əlbəttə, Nadir müəllim məni seçdi. İstəməsəydi, dəvət etməzdi. Mən hələ o qədər yüksək səviyyəli futbolçu deyiləm ki, kimisə seçim. Bəlkə də bunu babama görə etdi. Hər halda, himayəsinə götürdüyünə görə ona minnətdaram.

– U-19 millisinin son toplanışına çağırılmışdın. Yaxşı oynadığın üçün, yoxsa, Banişevskinin nəvəsi olduğuna görə?

– Yəqin ki, özümə görə. Sağ olsunlar, bir dəfə dəvət elədilər. Məncə, toplanışda özümü göstərə bildim. Yenidən dəvət eləsələr, deməli, oyunum məşqçiləri qane edib. Çox istərdim yenidən milliyə dəvət alım. Şans versələr, nəyə qadir olduğumu göstərə bilərəm.

– Əli, baban yaxşı hücumçu olub, yoxsa sən?

– Əlbəttə babam (gülür). Bilirəm, bu sualı zarafatla verdin, məni yoxlamaq istəyirsən. Babam hərtərəfli futbolçu olub. Başla, hər iki ayağı ilə yaxşı oynayıb, meydanı görmək qabiliyyəti var idi, sürət də öz yerində.

O rəhmətə gedəndə mənim cəmi 1 yaşım var idi. Yadımda qalmayıb. Amma ağlım kəsəndən onun videolarına baxmışam, qəzetlərdə haqqında yazılan məqalələri oxumuşam. Babamın istedadının 5 faizi məndə olsa, sevinərəm.

– Banişevskinin nəvəsi olmağın hansı üstünlükləri var?

– Yaxşı futbolçu olmaq istəyirəmsə, özümə güvənməliyəm. Düzdür, tanıyanlar həmişə hörmət ediblər. Amma bir şeyi etiraf edim – mənə elə gəlir ki, çoxları onu unudublar. Ad çəkmək düzgün olmaz, sağlığında dost deyənlərin çoxları indi heç ailəsi ilə maraqlanmırlar. Təbii ki, söhbət maddiyyatdan getmir. Ad günündə və ya dünyasını dəyişdiyi gün xatırlamaqla iş bitmir.

– “Şuşa”da nə qədər qalmaq fikrin var? Ümumiyyətlə, Əli Babayev gələcəkdə hansı səviyyəli futbolçu ola bilər?

– Əsas məqsədim Azərbaycan futbolunun adına yaxşı işlər görməkdir. Düzdür, bunu babam səviyyəsində edə bilmərəm. Yenə də çalışacam. İndidən nəsə söyləyə bilmərəm. Necə futbolçu olacağımı zaman göstərəcək. Qarşıma qoyduğum ilk məqsəd Premyer Liqa klublarından birində çıxış etməkdir. Alınmasa, ölkə xaricində çıxış etmək imkanı var. Adını soruşmayın, deməyəcəm. Bu yaxınlarda əcnəbi klublardan birindən dəvət almışdım.

– Özündə hansı xüsusiyyətdən narazısan?

– Bir az tənbələm.

– Futbolda işlərin düz getmədi, hansısa sənət sahibi olacaqsan?

– Mütləq futbolçu olacam. Başqa sənət haqqında heç düşünməmişəm.

Söhbətin sonunda bizi kənardan izləyən nənəsi – Banişevskinin həyat yoldaşı İnna xanımdan nəvəsi haqqında fikirlərini soruşdum. İnna xanım nəvəsinin Banişveskinin yolunu davam etdirdiyinə görə çox sevindiyini söylədi:

“Əlinin futbola sevgisi 3 yaşıdan başlayıb. Bir dəqiqə də olsun topsuz dayanmırdı. Yoldaşım rəhmətə gedəndə onun 1 yaşı təzəcə tamam olmuşdu. Ailəmizdə həmişə futbol ab-havası hökm sürüb. Banişevskidən sonra onun futbolla məşğul olması həmin ab-havanı yenidən qaytardı. Necə futbolçu olacağını deyə bilmərəm. Bunu Nadir müəllimdən soruşsanız daha yaxşı olar. Amma bir az tənbəldi. Hərdən səhər məşqə getməmək üçün bəhanələr uydurur. Harasınınsa ağrıdığını deyərək Nadir müəllimə zəng etməmi istəyir. Məni aldatmaq olmaz. Axı, futbolçunun həyat yoldaşı olmuşam. Özü də necə futbolçunun”.

“Şuşa”nın baş məşqçisi Nadir Qasımovdan da Əli haqqında fikirlərini öyrəndim. Nadir müəllim də İnna xanım kimi Əlinin tənbəlliyindən gileyləndi:

“Banişevskinin yadigarı olduğu üçün hər birimizin ona diqqət ayırması vacibdir. Azərbaycan futbolunda ad qoymuş dahinin nəvəsidir. Amma bu onun əlini yanına salıb məşqlərə səthi yanaşmasına əsas vermir. Əli hələ gəncdir. Bir neçə aydır ki, yanımdadır. Əvvəllər hücumçu kimi oynayıb. “Şuşa”da onu daha çox yarımmüdafiənin sağ cinahında sınayıram. Bu da onun fiziki cəhətdən bir qədər zəif olmasına görədir. Bir qədər arıq uşaqdır. Hücumçu üçün müəyyən keyfiyyətlərə yiyələnməlidir. Amma yaxşı sürəti var. Qısası, yaxşı futbolçudur, üzərində işləmək lazımdır. Əgər yaxşı çalışsa, verilən tapşırıqları yerinə yetirsə, yaxın 2-3 ildə Premyer Liqa klublarında oynaya bilər. Biz də buna çalışırıq”.

(“Het-trik news” qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm