“Qarabağ”ın nəticələrinə fikir vermirik - "Neftçi"nin baş məşqçisi
Bizi izləyin

İdman

“Qarabağ”ın nəticələrinə fikir vermirik - "Neftçi"nin baş məşqçisi

"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının XX turunda "Sabah"ı 4:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.

Publika.az xəbər verir ki, 43 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:

- Asan oyun olmadı. Çətin matç idi. Əsas da ilk hissə ağır oldu. Bu cür futbolu gözləyirdik. Oyunçular tapşırıqları maksimum yetinə yetirməyə çalışdılar. Güclü, keyfiyyətli komandaya qarşı oynadıq.

Keçən matç da pis çıxış etməmişdik. Qolları vura bilmədik deyə xal itirdik. Belə olanda rəqib toparlanır və bir səhvdən top buraxırsan.

Bu gün azarkeşlərimizi sevindirmək istəyirdik. Futbolçulara belə oyuna görə təşəkkür edirəm. Çox ciddi hazırlaşmışdıq, həftəboyu bunu görürdüm. Həmişə ciddi hazırlaşırıq. Ancaq qol olmayanda təzyiq artır. Ötən oyun bunun ağrısını yaşadıq.

- “Neftçi”nin nəticələri gözlə görüləcək dərəcədə yaxşılaşıb. Komandadaxili bütün narazılıq və narahatlıqlar həll olunubmu?

- Baş məşqçi kimi futbolçuların inamını, onların performansını çox bəyənirəm. Günü-gündən yaxşılaşırıq.

Komanda daxilində heç bir problem yoxdur. Bəzən gərginlik olur. Ancaq bu, ab-havanın pis olması demək deyil. Gərginlik, atmosferin pis olması deyə bir şey yoxdur. Bütün futbolçular məşqçilərin tapşırıqlarını sevərək yerinə yetirirlər.

- Aqil Məmmədovun durumu necədir?

- Onun yanında idim, durumu sabitdir. Həkimlər dedilər ki, həyəcandan sıxıntı olub. Hər şey normaldır. Aqil evlərinə yollandı. Həkim müayinəsindən sonra hər şeyi dəqiqliyi ilə biləcəyik. Çox şükür, qorxulu bir şey yoxdur.

- 4 qol vurdunuz, amma tribunalarda susqunluq var idi.

- Azarkeşlər bizi sonadək dəstəklədilər. Onlara təşəkkür edirəm.

- Hər dəfə qələbədən sonra kapitan komandanı azarkeşlərin yanına aparırdı.

- Bu barədə çox danışmışıq. Kapitan özü olmasa da, komandanı ora yolladı. Biz azarkeşlərimizə təşəkkür etdik.

- Ötən tur sizdən əvvəl “Qarabağ” xal itirmişdi və bunu bilərək meydana çıxmışdınız. Onların nəticələri sizə nə dərəcədə təsir edir?

- Heç bir şablon cavab verməyəcəm. “Qarabağ”ın nəticələrinə fikir vermirik. Keçən turdakı oyuna baxandan sonra futbolçulara deməyə söz tapmırdım. Səhvlər var idi, ani diqqətsizlik olmuşdu.

Sevinirəm ki, qol epizodları yaradırıq, amma sonluğu da qoymaq lazımdır. Yaxşı oyun olduğu zaman nəticə də olacaq. Hazırda əsas məsələ çalışdığım komandanın həm hücumda, həm müdafiədə düzgün oynamasıdır.

İrəli xətdə keyfiyyətli futbolçularımız var. Amma topu vura bilməyəndə belə hallar yaranır.

- Keçən turdan sonra qapı xəttində dəyişiklik etməyi düşünürdünüz?

- 92-ci dəqiqədə yaranan epizodda qapıçının səhvi var idi. Onu analiz etdik. Aqillə danışmışdıq. O, bu oyuna çox yaxşı hazırlaşmışdı. U-21 millisinin qapıçısı da bizdədir.

Bütün qapıçılarımız keyfiyyətlidir. Bir səhvə görə futbolçunu silə bilmərik. Bu gün də göstərdik ki, futbolçularımızın arxasındayıq.

- Aqil Məmmədov milliyə namizədlər siyahısındadır. Bunu milliyə futbolçu qazandırmaq mənasında fəaliyyətiniz olduğunu düşünürsünüz?

- Milliyə oyunçu verdikdə çox sevinirik. Namiq Ələsgərov da əsas heyət üzvünə çevrilib. İmkan olduqca bunu etməyə çalışırıq. Milli bizimdir, yığmaya xeyrimizin dəyməsini istəyirik. Aqilə görə də sevinirik.//Report.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm