İstefa verib, yenə qayıdacaq?
Bizi izləyin

İdman

İstefa verib, yenə qayıdacaq?

İstefa verib, yenə qayıdacaq?

İndiki kimi yadımdadı, 2000-ci il idi.

Sponsorların klublara yiyə durmadıqları, futbolçuların peraşki yeyərək oyunlara çıxdıqları, hər hansı klubumuzda ən səviyyəsiz legioneri belə gördüyümüzdə papağımızı göyə atdığımız dövrlər idi.

O vaxtlar klublarımızdan Avropa kuboklarında mərhələ keçməkdən çox, qələbə qazanmağı, heç olmasa kiçik hesabla uduzmağı gözləyirdik. Bütün klublarımızın Tofiq Bəhramov adına stadiona toplaşdığı dövr idi o dövrlər. Klublarımızın geyinməyə forma, formanın da üzərinə emblem vurmağa pul tapmadığı dövrlər idi. “Neftçi”nin azarkeşlərinin sevimli klublarını heç cür sarı formadan çıxardıb ənənəvi ağ-qara forma geyindirə bilmədikləri dövr idi.

Sanki bu klubdan Avrokuboklarda mərhələ keçməyi gözləyən azarkeşlərin gözünün kökü saraldığı kimi, klubun da formasının ağı saralmışdı. Məhz həmin il UEFA kubokunun ilkin mərhələsində Sloveniyanın “Hit-Qoritsa” klubu ilə qarşılaşmalı idi "flaqman"ımız. Demək olar ki, yerli oyunçulardan təşkil edilmiş komanda Sloveniyanın sponsorlu klubu ilə qarşılaşacaqdı.

İndiki kimi yadımdadı, dondurma yeyə-yeyə baxdığım oyunun birinci dəqiqəsində Müşfiq Hüseynovun vurduğu qola necə sevindiyim. Oyunun qalan vaxtında başqa qol vurulmasa da, elə 1-0-lıq qələbə cavab görüşünədək yetərincə sevinməyimə bəs etmişdi.

İndiki kimi yadımdadı, Sloveniya klubunu kiçik hesabla məğlub etdiyinə görə, mətbuat nümayəndələrinin “Neftçi”nin o vaxtkı baş məşqçisi Asəf Namazovu necə tənqid etdikləri. Sevincimiz bir həftə çəkmişdi. Bir həftə sonra "flaqman" sloveniyalılara səfərdə 1-3 hesabı ilə məğlub olaraq ikinci mərhələdə Tottili “Roma” ilə qarşılaşmaq imkanını əldən verdi.

Növbəti il yenə həmin “Hit-Qoritsa” ilə qarşılaşsaq da yenə ümumi hesabda sloveniyalılar (evdə 0-0, səfərdə 0-1 hesabları qeydə alınmışdı) qalib gələrək mərhələ adlayan tərəf olmuşdu. O vaxtlar komandamızın heyətində heç olmasa 2-3 səviyyəli legionerin olmamasına görə çox təəssüflənmişdim.

Elə o vaxtlardan klublarımızın (əsasən də “Neftçi”nin) daha yaxşı maddi vəzyyətinin olacağı günləri gözləyə-gözləyə ili ilə qatdım. Nəhayət Fuad Musayevin AFFA-dan getməsindən sonra gözlədiyim gün gəldi. Artıq "flaqman" tarixi ağ-qara rəngəlrinə boyanmışdı. Formada nəinki klubun emblemi, hətta sponsor reklamı da yerləşdirilirdi.

Artıq bir vaxtlar şamla axtarılan legionerlərin əlindən yerli futbolçulara əsas heyətdə yer tapılmırdı. İnsafən Avropa kuboklarında da əvvəlkindən qat-qat yaxşı nəticələr qazanmağa başlamışdıq (ən azından mərhələ keçməyi öyrənmişdik). Ötən mövsüm “Skenderbeu” məğlubiyyətini isə təsadüfi bir uğursuzluq kimi qiymətləndirmişdim.

Və bu il Avrokuboklardakı rəqibimizin yenə Sloveniya təmsilçisi olduğunu eşidəndə sevincim ikiqat artmışdı. Nəhayət hər cür imkana sahib olan "flaqman"ımız sloveniyalıları yerində oturtmalı idi. Hər şey hazır idi. Bircə qalırdı legionerlərlə doldurulmuş, büdcəsinə görə rəqibini 10 dəfə geridə qoyan “Neftçi”nin rəqibin dərsini meydandaca verməsi. Ancaq olmadı.

Nə vaxtsa 2000-ci ilin “Neftçi”si üçün darıxacağımı heç ağlıma da gətirməzdim. Amma sağ olsun “Koper” qarşısına çıxan “Neftçi”. Bunu reallaşdırdı. Bir anlıq Flavinyonun yerində Vadim Vasilyevin, Nforun yerində Müşfiq Hüseynovun, müdafiədə kobud səhvlər buraxan yerli futbolçuların, bahalı legionerlərin yerində Tərlan Əhmədovun, ucuz legioner Poşexontsevin, baş məşqçi Böyükağa Hacıyevin əvəzinə o vaxt tənqid olunan Asəf Namazovun olmasını arzuladım.

İndi məni bircə sual düşündürür, istefa verəcəyini bildirən Böyükağa Hacıyev “Neftçi”nin bir ildən sonrakı avrokubok oyunundan əvvəl yenə qayıtmayacaq ki?

Elnur Həmidov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm