Siyavuş Novruzov: “Cəmil Həsənli zəif və təsadüfi futbolçudur”
Bizi izləyin

İdman

Siyavuş Novruzov: “Cəmil Həsənli zəif və təsadüfi futbolçudur”

Siyavuş Novruzov: “Cəmil Həsənli zəif və təsadüfü futbolçudu”

Birmənalı olaraq rəqibləri onu komandasının unikal oyunçusu hesab edir. Özünəməxsus oyun tərzi var.

Elə vaxt driblinqlər göstərər ki, təəccübünü gizlədə bilməzsən. Bəlkə də buna ehtiyac yoxdur, sadəcə, o, belə istəyir. Futbolçuları qıcıqlandıracaq tryuklara daha çox üstünlük verir.

Kimi onun meydanda və meydandan kənar hərəkətlərindən məsti-xumar olur, kimi əsəbləşir, kimi də “belə də olmalıdır, komandasının oyunu bunu tələb edir” deyib üstündən keçir.

Söhbət Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat, sərbəst güləş üzrə SSRİ çempionu, Qarabağ müharibəsi veteranı Siyavuş Novruzovdan gedir.

- Siyavuş müəllim, əksəriyyət sizi komandanızın unikal oyunçusu hesab edir...

- Gənclik vaxtımız oyunların ən qızğın dövrünə düşüb. Bizim şüurlu fəaliyyətimiz Azərbaycanın müstəqilliyinin əldə olunması və ondan sonrakı zamana təsadüf etdiyinə görə, 20 ildən artıqdır ki, meydandayıq.

- Zərbələrinizin dəqiqliyinə, yoxsa mükəmməliyinə önəm verirsiz?

- Zərbə mükəmməl olmalıdı.

- Dəqiqlik o qədər önəmli deyil?

- Mükəmməl zərbə qapıya getməsə də, gözəldi. Ola bilər ki, hədəfi dəqiq nişan almaqla toru silkələyəsən. Ancaq bu zərbə gücə deyil, sadəcə, qol vurmağa hesablanıbsa, insanı o qədər də valeh etmir. Mükəmməl vurulan zərbənin özündə bir möhtəşəmlik var.

- Bir daha dünyaya gəlsəniz, yenə bu cür futbolçu olardız?

- Təbii.

- Meydana çıxanda qəlbinizin dərinliyində hansı hisləri keçirirsiz?

- Hər bir meydan çətindi. Oyuna çıxanda tək özünü yox, komandanı düşünməlisən. Elə etməlisən ki, sənin hərəkətlərindən yoldaşların əziyyət çəkməsin. Bu baxımdan meydana çıxmaq çox məsuliyyətlidi.

- Bir futbolçunun arzuladığı hansı kuboku ala bilməmisiz?

- Hələ qarşıda alınası kuboklar var. Onları əldə etmək üçün gələcək fəaliyyətimizi davam etdiririk.

- Yaxşı oynaya bilməyəndə baş məşqçiylə aranızda problem yaranmır?

- Təbii ki, tövsiyyələr olur. Ancaq problem yaşanmır.

- Cəmil Həsənli necə futbolçudu?

- Zəif və təsadüfi futbolçudu, həm də legionerdi. Əsl komandada oynamır.

- Ancaq 2013-cü ildə onunla üz-üzə gələndə həyəcanlı olduğunuz görünürdü...

- Həyəcan yox idi. Sadəcə, məni təəccübləndirən bir futbolçunun 180 dərəcə dəyişməsi idi.

- FİFA və UEFA komandanızla bağlı ciddi qərarlar çıxaranda, sanksiyalar təyin edəndə çox əsəbləşirsiz?

- FİFA-nın, UEFA-nın qərarları ikili standartlı və ədalətsizdi. Görürsən ki, zəif bir komandanı irəli çıxartmaq, yaxud güclü komandanı əzmək üçün hansısa addımlar atırlar. Hesab edirəm ki, bu qurumlar ikili standartlardan uzaqlaşmalı, ədalətli qərarlar çıxarmalıdırlar.

- Bu qurumların tənqidləri, tövsiyyələri artan xətt üzrə davam etsə, onların bayraqları altında keçirilən yarışlardan imtina edəcəksiz?

- Yox, sona qədər mübarizəmizi davam etdirəcəyik. Çünki bu meydan haqq, ədalət uğrundadı. Ancaq FİFA və UEFA-nın, o cümlədən başqa təşkilatların bizə qarşı maraqları başqadı. Söhbət Azərbaycanın təbii sərvətlərini güzəştli şəkildə əldə olunmasından gedir. Biz ayrı ünvanlarda da keçirilən çempionatlarda onların ikiüzlülüyünün şahidiyik. Bütün bunlar əsas verir ki, FİFA-nın, UEFA-nın qərarlarının obyektivliyinə inanmamayaq.

- Sizinlə Messini birləşdirən hansı ortaq dəyər var?

- Messi komandanı irəli apara bilən oyunçudu. Hesab edirəm ki, biz də bu sahədə çalışırıq. İstəyirik uğur gətirək, məğlubiyyətlərə uğramayaq.

- Həyatınızda neçə dəfə ofsayda düşmüsüz?

- Bir neçə dəfə olub. Ancaq sarı vərəqə almamışam.

- Ofsayda görə sarı vərəqə vermirlər...

- Yox, vermirlər.

- Olubmu ki, oyundankənar vəziyyətə düşəndə hakimlər bilərəkdən bunu qeydə almasınlar?

- Yox, əksinə. Bəlkə də ofsayd olmayıb, sadəcə, hakimlər belə təqdim ediblər.

- YAP-ın ən güclü rəqibi hansı komandadır?

- YAP elə bir zirvədədir ki, onun rəqibi yoxdur. Biz həm komanda şəkilində oynayırıq, həm də favoritik.

- Heç kimi özünüzə güclü rəqib saymırsızsa, nədən çempionat keçirirsiz? Elə hər dəfə meydana çıxmadan çempionluğu bayram edin, məsələ bitsin...

- Hər dəfə çempionat keçirilməlidi və bu, qaydadı.

- Deməli, qaydalar xatirinə bunu edirsiz...

- Belə qəbul olunub və biz də buna riayət etməliyik.

- Şimali Koreyanın prezidenti Kim Çen Inın oynundan razısız?

- Yox. Orada başqa bir oyun gedir. O komandanın futbolçularının əksəriyyəti qırmızı vərəqəyə layiqdi.

- Bəs, bizim çempionatda? Hər şey qaydalar çərçivəsində olur?

- Təbii.

- Komanda yoldaşlarınız Rüstəm İbrahimbəyovdan, deyəsən, çox qorxur?

- Sonuncu Dünya Çempionatında Braziliya yığma komandasının heyətinə diqqət yetirsək, görərik ki, əksər futbolçular Avropanın ayrı-ayrı klublarında çıxış edir. Halk adlı oyunçu isə Rusiyanın “Zenit”ində top qovur. Komanda yoldaşları Braziliya üçün nəsə edirdi, çalışırdı, vuruşurdu. Onun “Zenit”dən öyrəndiyi isə qapının yanına çatanda topu yuxarı vurmaqdan ibarət idi. 100 faizlik qolların heç birini qapıdan keçirə bilmədi. Rusiyanın komandalarında oynayan futbolçular bu cürdü. Onlar oyun nədir bilmirlər.

- 90 dəqiqə meydanda olmaq sizi hövsələdən çıxartmır?

- Yox. Sadəcə, 90 dəqiqəyə məsələni həll etmək lazımdır ki, əlavə vaxta ehtiyac qalmasın.

- Oyun əlavə vaxta gedəndə siz və komanda yoldaşlarınız fiziki və psixoloji baxımdan hazır olursuz?

- Təbii. Futbolçu meydanda hər şeyi düşünməlidi.

- Komandanızın kapitanı kimdi?

- Kapitanımız bəllidi.

- Bəs, baş məşqçi?

- Başqa baş məşqçilər də var. Ancaq əsas komandanın kapitanıdı.

- Kapitanla tez-tez mübahisələriniz düşür?

- Qətiyyən.

- Küncdən vurulan zərbələri anındaca dəf edə bilərsiz?

- Bizim qapıya küncdən zərbələr vurulmur. Bu, baş verəndə belə qapımızın əhatəsinə düşmür. Çünki dərhal qarşısı alınır.

- Meydana çıxmazdan öncə kitab oxuyursuz, yoxsa musiqi dinləyirsiz?

- Müəyyən hallarda musiqiyə üstünlük verirəm. Sakit, simfonik musiqilərə.

- Kimləri dinləyirsiz?

- Baxı, Bethoveni, Motsartı, o cümlədən Azərbaycandan da dinləyirəm.

- “40-cı simfoniya” ilə oyunun 40-cı dəqiqəsi arasında hansı oxşarlıq var?

- Hər ikisi yekuna doğru gedir. Oyunun taleyinin həll olunmasında əsas addım məhz birinci hissədə atılmalıdı. Qələbəni səciyyələndirən qol vurulmalıdı. Leninin belə bir sözü var: Proletarların hakimiyyətə gəlməsi inqilabi çıxışlarından bəlli idi.

- Zidanın oyunu gözəl idi, yoxsa 2006-ci il Dünya Çempionatında Materratsiyə vurduğu başla zərbə?

- Zidanın başla vurduğu zərbə çox ədalətli idi. Tarixdə qalacaq. Etik çərçivədən gərək heç kim kənara çıxmasın.

- Deməli, sizə qarşı da kimsə etik çərçivəni aşarsa, Zidan kimi hərəkət edərsiz. Yəni, başınızı topa deyil, ona vurarsız...

- Eləmək olar.

- İsa bulağında nəvaxtsa çempionluğu bayram edəcəksiz?

- Növbəti yayların birində mükafatlandırma mərasimi orada olacaq.

- Necə?

- Proseslər gedir.

- Azarkeşlərdən razısız?

- Çox razıyıq. Onların bizə dəstəyi böyükdü.

- Ancaq meydanda bu, hiss olunmur. Əksinə, rəqiblərinizin azarkeşləri az da olsa, stadionlardadı...

- Görünməyən əllər çoxdur.

- Azarkeşlərinizə meydanda deyil, televiziya qarşısında ehtiyac duyursuz?

- İstənilən stadiona baxsaq, azarkeşlərin 80-90 faizinin bizi dəstəklədiklərini görərik.

- Siyavuş Novruzov “Qızıl top”u alıb?

- Yox.

- Nəyi gözləyirsiz?

- Hələ zaman var.

(Futbolinfo.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm