“Neftçi” qalib gəldi, Honda ilk qolunu vurdu
Bizi izləyin

İdman

“Neftçi” qalib gəldi, Honda ilk qolunu vurdu

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi "Neftçi"nin əsas komandası ilə yoxlama oyunu keçirib.

Publika.az xəbər verir ki, "Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutan qarşılaşma flaqmanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə bütün qollar ilk hissədə vurulub. Hesabı 6-cı dəqiqədə "ağ-qaralar"ın hücumçusu Mirabdulla Abbasov açıb. 24-cü dəqiqə "Neftçi"nin yeni transferi Keysuke Honda penaltidən 2-ci topu yığmanın qapısından keçirib. Bu, yaponiyalı ulduz yarımmüdafiəçinin paytaxt klubunda ilk qolu olub. 9 dəqiqə sonra 35 yaşlı pleymeyker növbəti dəfə diqqət mərkəzinə düşüb. Bu dəfə onun məhsuldar ötürməsini Sabir Buqrin qola çevirib. 38-ci dəqiqədə U-21 millisi Musa Qurbanlının 11 metrlik cərimə zərbəsindən vurduğu qolla fərqi azaldıb.

İkinci hissədə komandalar çox çalışsalar da, hesab dəyişməyib. Əvəzində 67-ci dəqiqədə "Neftçi"nin yarımmüdafiəçisi Bruno Teluşi ikinci sarı vərəqəni görərək meydandan qovulub. Lakin yoxlama matçı olduğundan albaniyalı futbolçunun əvəzinə oyuna Eltun Əlibəyli daxil olub.

Qeyd edək ki, U-21 yığması bundan əvvəl keçirdiyi yoxlama görüşündə "Qarabağ"a 4:2 hesabı ilə qalib gəlib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm