Ailənin tək qızı: “Valideynlərim bu sahədə mənə dəstək olsaydılar...”
Bizi izləyin

İdman

Ailənin tək qızı: “Valideynlərim bu sahədə mənə dəstək olsaydılar...”

Sevinc Əhmədova azərbaycanlı futbolçudur.

Ölkəmizdə qızlardan ibarət futbol klubunun yaradılmasını çox istəyir. Çünki Sevinc bu idmanı seçməklə özünü tamamladığını düşünür.

Azərbaycanlı xanım futbolçunun Publika.az-a müsahibəsini təqdim edirik:

“Ailəm razı deyil”

- İlk olaraq özünüzü təqdim edin.

- Bakıda anadan olmuşam. Natiq Tağıyev adına 212 nömrəli məktəbi bitirmişəm. Orta təhsilliyəm. Universitetə gələn il başlamağa qərar vermişəm.

Ailəmə gəldikdə, sadə bir ailəyə sahibəm. Anam dayədir, atamın işiylə hələ də maraqlanmamışam. Bir sözlə, çox yaxşı bir ailənin övladı, evin tək qızıyam.

- Futbola nə zaman başladın? Kim apardı?

- Futbola keçən ilin aprelindən başladım və sonadək davam etmək fikrindəyəm. Məktəbdə paralel siniflərdən futbolla məşğul olanlar vardı, mən də lap kiçik yaşlarımdan idmanla maraqlanırdım. Eşitdim ki, qızlardan ibarət futbol klubu fəaliyyət göstərir. Bu sahədə olan qızları tapdım. İndi eyni komandada oynadığım Ayşən Əhmədova məni ilk dəfə məşqlərə apardı və o gündən futbola daha çox bağlandım.

- Ailən bu qərarını necə qarşıladı?

-
Hələ də yaxşı qarşılamırlar.

- Niyə?

- Fikirləşirlər ki, mənə yaraşmayan bir idman növüdür.

- Bəs ailəni necə razı salmağa çalışırsan?

- Sadəcə, onlara demişəm ki, stadionda özümü çox rahat hiss edirəm. Məni yalniz hansısa bir ağır zədə uzaqlaşdıra bilər, hərdən başa düşürlər, amma yenə də narazıdırlar... Təəssüf ki, hazırda millidə deyiləm. Amma çox arzulayıram ki, mən də millidə oynayım.

- Məşqləri necə edirsən, harada çalışırsan?

- Məşqlərdə həvəslə çalışıram. Çünki özümə güvənirəm. Bilirəm ki, bu sahəyə ürəklə yanaşsam, sonunda nəsə yaxşı bir nailiyyətim olacaq. Buna çox inanıram. Məşqçilərim isə Vüqar müəllim və Əli müəllimdir. Klubumuzun adı hazırda “Binəqədi” FK-dır. Onlar da orda məşqçilərdir... Məqsədim sadəcə futbol oynamaqdır. Sadəcə, futbolda uğur qazanmağı hədəfə almışam. Sonrasına baxarıq (gülür). Hələ ki, əlimdə bu imkan var, davam edirəm.

“Ailəm dəstək olmur”

- Ailən heç oyununa baxmağa gəlibmi? Dəvət edibsənmi?

- Xeyr, gəlməyiblər. Düzünü desəm, dəvət də etməmişəm. Əgər mənə bu sahədə dayaq olsaydılar, düşünürəm ki, baxıb maraqlanmaq istəyərdilər... Keçən il klubun adı “UGİM 9” idi, Zaqatala ilə oyunumuz vardı. Evdəkilərə xəbər vermişdim, baxıblar. Evə medal, diplom gətirərkən çox sevinirdilər, amma heç vaxt stadiona gəlib oyuna baxmayıblar.

- Futbol sənə nə öyrədib?

- Səbirli olmağı, məğlub olmaqla barışmağı, qələbə qazanmağı, futbolçunun cinsinin şərt olmadığını... Əsas olan ürəkli olmaqdır.

“Etiraf edim ki, dalaşmışam”

- Futbol zamanı mübahisələrin olurmu?

- Bu günə qədər çalışıram hər kəslə stabil münasibət qurum. Bəli, yalan deməyəcəm mübahisələrim olub. Amma məşqə, ya da oyuna çıxanda həmişə bunu unutmuşam. Çünki mən öz yerimə oynayıram. Qalan 10 nəfərin yerinə oyun göstərə bilmərəm. Ona görə 2 saat ərzində sadəcə... kiminləsə küsülü, ya da davalı qalmağı heç xoşlamıram.

- İdman sayəsində hansi dostları qazanıbsan?

- Futbolda dostum yoxdur. Kimisi yaxşıdır, kimisi sadəcə mənimlə münasibəti dost səviyyəsinə yüksəltmək arzusunda deyil. Amma millidən Aysun Əliyeva, Nigar Cəlilli, Leyla Solmaz, Sevinc Qurbanova, Sevinc Cəfərzadə, Şəfəq Nəsirova, Aliyə Vəliyeva ilə yaxşı münasibətlərim var.

- Onlarla necə tanış olubsan?

- Aysunla eyni stadionda məşq edirəm, Sevinc Cəfərzadə ilə “Facebook”da tanış oldum. Sonra görüşüb, danışıb yaxından tanış olduq. Qalanları ilə yenə də “Facebook”la, ya da “Instagram”la...

- Onlar səndən öncə futbola gəliblər. Milliyə seçiliblər. Sənə seçiminlə bağlı nə deyirlər?

- Bu barədə Sevinc Cəfərzadə ilə danışdım, mənə daim dayaq olurdu. Deyirdi ki, “Başı aşağı məşqini et. Heç kimə fikir vermə”. Mənə dayaq olduğu üçün ona təşəkkür edirəm. Aysunun da az köməyi dəyməyib...

“Bir az kobudluğum var”

- Deyirlər, futbol qızlari kobudlaşdırır. Xasiyyətini dəyişdirir. Sənə necə, təsir edibmi?

- Mənim xasiyyətimdə onsuz da bir az kobudluq var (gülür). Eşitmişəm, futbol qızları çox kobudlaşdırır. Amma bu da onların öz həyatıdır. Özləri bilər, pis də olsa, yaxşı da...

- Valideyinlərin sənin dəyişdiyini deyirmi?

- Bəli, məşqdən gələndə olur ki, anam “hər dəfə yorğun gəldiyin üçün çox əsəbləşirəm” deyir.

- Çıxış etdiyin klub sənə nə isə ödəyirmi?

- Xeyr, qazancım, hələ ki, yoxdur.

- Tək sənə ödəmirlər?

- Klubdakı heç kimə...

- Xüsusi pərəstiş etdiyin futbolçu varmı?

- Xeyr, kumirim yoxdur.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm