FHN-in karate komandasının idmançıları beynəlxalq turnirdə uğur qazandı - FOTO
Bizi izləyin

İdman

FHN-in karate komandasının idmançıları beynəlxalq turnirdə uğur qazandı - FOTO

24-25 aprel 2021-ci il tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Unmei Cup” beynəlxalq turniri keçirilib.

Publika.az-a bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Turnirdə 7 ölkədən 450-dən çox idmançı mübarizə aparıb. Turnirdə FHN-in İdman-sağlamlıq klubunun karate komandasının 3 idmançısı, beynəlxalq və respublika əhəmiyyətli yarışların qalibi olmuş Nicat Kərimli, Nihad Kərimzadə və Xəyal Məmmədov da iştirak edib. Komandanın üzvü Nicat Kərimli 61 kq çəki dərəcəsində komanda kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medal və şəxsi yarışlarda isə gümüş medal qazanıb. Digər idmançımız Nihad Kərimzadə 70 kq çəki dərəcəsində şəxsi yarışlarda 2-ci yer tutaraq gümüş medalla kifayətlənib.

İdmançıların ilk məşqçiləri əməkdar məşqçilər və 6-cı dan qara kəmər sahibləri Akif Kərimov və Rafael Məmmədov, hazırki şəxsi məşqçiləri isə əməkdar idman ustası, əməkdar məşqçi, 2 qat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

28 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev beynəlxalq turnirdə iştirak etmiş idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, idmançıların hər üçü Azərbaycan Milli Karate Federasiyasının milli komandasının üzvləridirlər.

Karateçilərimiz iyun ayında Kiprdə keçiriləcək Dünya Karate Federasiyasının rəsmi yarışlarından olan Gənclər liqası turnirində də iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm