AVRO-2020: Türkiyə millisi qrupda qaldı, Uels 1/8 finalda - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

AVRO-2020: Türkiyə millisi qrupda qaldı, Uels 1/8 finalda - (YENİLƏNDİ)

Futbol üzrə Avropa çempionatının A qrupunda mübarizəyə yekun vurulub.

Publika.az xəbər verir ki, III turun hər iki oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Türkiyə millisi Bakı Olimpiya Stadionunda İsveçrə yığması ilə qarşılaşıb. Görüş “ay-ulduzlular”ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Oyuna yaxşı başlayan türklər 4-cü dəqiqədə qola yaxın olublar. Lakin Kaan Ayhanın qüvvətli zərbəsini isveçrəli qapıçı Yan Zommer çətinliklə də olsa, dəf edə bilib. 2 dəqiqə sonra isə isveçrəlilər hesabı açıblar. Haris Seferoviç dəqiq zərbə ilə komandasını önə çıxarıb. 15-ci dəqiqədə Ozan Tufan uzaq məsafədən qapını nişan alsa da, Zommer bu dəfə də inamlı oynayıb. 26-cı dəqiqədə Türkiyə millisi 2-ci topu buraxıb. Bu dəfə Cerdan Şakiri uzaq məsafədən baxımlı qola imza atıb. Az sonra Şakiri türkiyəli qapıçı Uğurcan Çakırla üzbəüz qalsa da, bu dəfə qolkiper onun dubl etməsinə mane olub. İlk hissənin sonlarına doğru “ay-ulduzlular”ın heyətində sol cinah müdafiəçisi Mert Müldür 2 dəfə diqqət mərkəzinə düşüb. İtaliyanın “Sassuolo” klubunda oynayan futbolçu əvvəlcə cərimə meydançasının kənarından qüvvətli zərbə ilə bəxtini sınayıb. Lakin qolkiper yenə qapısını toxunulmaz saxlayıb. Müldür 43-cü dəqiqədə daha əlverişli vəziyyət yaxalasa da, yenə Zommer səddinə “ilişib”. Beləliklə, “ay-ulduzlular” fasiləyə 2 top fərqi ilə geridə yollanıblar.

İkinci hissəyə daha fəal başlayan tərəf isə İsveçrə yığması olub. Vladimir Petkoviçin başçılıq etdiyi komanda əvvəlcə Bril Embolo, ardınca isə Şakirinin ifasında rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin hər iki epizodda top qapının üstündən keçib. 60-cı dəqiqədə Seferoviç bir neçə müdafiəçini geridə qoyub zərbə endirsə də, Çakır son anda topun qapıya getməsinə imkan verməyib. 62-ci dəqiqədə Türkiyə yığması fərqi minimuma endirib. İrfan Can Kahveci uzaq məsafədən qüvvətli zərbə ilə komandasının həm bu oyundakı, həm də turnirdəki yeganə qolunun müəllifi olub. Lakin türklərin sevinci cəmi 6 dəqiqə çəkib. Sürətli əks-hücuma çıxan İsveçrə yığması Şakirinin qolu ilə fərqi yenidən 2 topa çatdırıb. 77-ci dəqiqədə Qranit Cakanın cərimə zərbəsindən vurduğu top qapı dirəyindən geri dönüb. Az sonra Cengiz Ünderin zərbəsində azacıq dəqiqlik çatmayıb. Qarşılaşmada başqa qol olmayıb və Türkiyə millisi Avropa çempionatı ilə xalsız vidalaşıb.

Bu qrupun digər oyununda isə 1/8 finala vəsiqəni ötən tur təmin etmiş İtaliya millisi Uels yığmasını sınağa çəkib. Romadakı “Olimpiko“ stadionunda keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 39-cu dəqiqədə Matteo Pessina vurub. İsveçrə ilə xallar bərabər olsa da, daha az qol buraxan britaniyalılar pley-offa adlayıblar. İsveçrəlilər isə son turun digər oyunlarının nəticəsindən asılı olaraq, ən yaxşı qrup 3-cüsü kimi 1/8 finala yüksələ bilərlər.

xxx

21:42

Türkiyə millisi İsveçrə ilə Avropa çempionatının A qrupunun III tur matçında 3-cü qolu buraxıb.

Publika.az xəbər verir ki, Cerdan Şakiri 68-ci dəqiqədə dubl edib.

xxx

21:22

İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında hesab dəyişib.

Publika.az xəbər verir ki, 62-ci dəqiqədə İrfancan Kahveci baxımlı qol vuraraq, fərqi minimuma endirib.

xxx

20:06

İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında hesab açılıb.

Publika.az xəbər verir ki, 6-cı dəqiqədə fərqlənən Haris Seferoviç isveçrəliləri önə keçirib.

xxx

20:00

Futbol üzrə İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçı start götürüb.

Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:00-da başlayıb.

Oyunu sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.

Qeyd edək ki, ilk iki turdan sonra xalı olmayan "ay-ulduzlular" sonuncu sırada qərarlaşıb. İsveçrə seçməsi isə 1 xalla üçüncüdür.

xxx

19:13

İsveçrə və Türkiyə yığmaları arasında Bakıda keçiriləcək AVRO-2020-nin A qrupunun III tur matçı üçün start heyətləri açıqlanıb.

Publika.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar...

İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranik Caka (K), 13. Rikardo Rodriges, 14. Stiven Tsuber, 23. Cerdan Şakiri

Ehtiyat oyunçular: 12. İvon Mvoqo, 21. Yonas Omlin, 2. Kevin Mbabu, 13. Loris Benito, 6. Denis Zakariya, 11. Ruben Varqas, 15. Cibril Sou, 16. Kristian Fassnaxt, 17. Loris Benito, 18. Admir Mehmedi, 19. Mario Qavranoviç, 22. Fabian Şer, 25. Eray Cömert

Baş məşqçi: Vladimir Petkoviç

Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 10. Hakan Çalhanoğlu, 17. Burak Yılmaz (k), 21. İrfan Can Kahveci, 22. Kaan Ayhan, 25. Mert Müldür

Ehtiyat oyunçular: 1. Mert Günok, 12. Altay Bayındır, 5. Okay Yokuşlu, 8. Dorukhan Toköz, 9. Kenan Karaman, 11. yusuf Yazıcı, 14. Taylan Antalyalı, 15. Ozan Kabak, 18. Rıdvan Yılmaz, 19. Orkun Kökçü, 26. Halil Dervişoğlu

Baş məşqçi: Şenol Güneş

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.

xxx

03:43

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda qrup mərhələsinin üçüncü oyunu keçiriləcək.

Publika.az xəbər verir ki, saat 20:00-da Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən Türkiyə və İsveçrə milliləri qarşılacaq.

Qeyd edək ki, iyunun 12-də Bakıda keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. İyunun 16-da Türkiyə Uelsə 2-0 hesabı ilə məğlub olmuşdu.

Bu oyunlardan başqa, Bakıda iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçilir. Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm