Avropa çempionatında komandamıza Şəhriyarla Teymur başçılıq edəcək
Bizi izləyin

İdman

Avropa çempionatında komandamıza Şəhriyarla Teymur başçılıq edəcək

Qrossmeysterlərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət komandasına rəhbərlik edəcəklər.

Publika.az xəbər verir ki, şahmat üzrə Avropa çempionatı noyabrın 11-21-də Terme-Çatejdə (Sloveniya) keçiriləcək.

Kişi və qadın komandalarımız çempionat üçün heyətlərini açıqlayıblar. Şəhriyar (2765) və Teymurdan (2763) başqa, komandada həmçinin Rauf Məmmədov (2673), Qadir Hüseynov (2665) və Nicat Abbasov (2638) yer alıblar.

Azərbaycanın kişilərdən ibarət komandası orta reytinqdə ikinci start mpvqeyinə malikdir. 2722 xala malik komandamız Sergey Karyakinin başçılıq etdiyi Rusiya komandasından cəmi beş xal geri qalır. Start siyahısının üçüncüsü 2708 xalla Fransadır. Maraqlıdır ki, bu komandanın tərkibində illər öncə öz ölkəsi üçün oynamaqdan imtina etmiş iranlıı Alireza Firuzca debüt edəcək.

Onu da qeyd edək ki, ölkəsindən imtina edən daha bir şahmatçı Levon Aronyandır. O, Ermənistanı tərk edib, ABŞ-a köçüb.

Sloveniyada kişilərdən ibarət komandamız üçqat Avropa çempionu kimi (2009, 2013, 2017) çıxış edəcək.

Qadınlar arasında isə Azərbaycanı Günay Məmmədzadə (2459), Gülnar Məmmədova (2395), Xanım Balacayeva (2369), Ülviyyə Fətəliyeva (2309) və Gövhər Beydullayeva (2304) təmsil edəcəklər.

Orta reytinqinə görə qızlardan ibarət komandamız beşincidir (2383). Birinci isə, kişilərdə olduğu kimi 2539 xalla Rusiyadır. Sonrakı pillələri Gürcüstan (2474), Polşa (2403) və Ukrayna (2399) tutur. Qadın komandamız Avropa çempionatında iki dəfə (1992 və 2019-cu illərdə) bürünc medal qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm