9 il Naxçıvanda futbolun olmaması... - Baş məşqçi
Bizi izləyin

İdman

9 il Naxçıvanda futbolun olmaması... - Baş məşqçi

"Araz-Naxçıvan" Futbol Klubunun baş məşqçisi Azər Bağırov klubun 55 illik yubileyi münasibətilə təşkil olunan "Bir uşaq-Bir top" futbol festivalından öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Publika.az">Publika.az xəbər verir ki, A.Bağırov klubun hədəflərindən danışıb:

"Bu maraqlı layihənin iştirakçısı kimi məni görmək istədilər, tərəddüd etmədən razılaşdım. Rəhbərliklə görüşəndən sonra tam fərqli düşüncədə olduqlarını hiss etdim. Münasibətlərimizdə tam səmimiyyətin olması xoş oldu. Naxçıvanda görülən işlər göz qabağındadır. Bu gün I Divizondayıqsa, orada özümüzü Premyer Liqadakı kimi göstərməliyik. Qaydalardan da üstün olmalıyıq ki, elitaya namizədliyimizi qəbul etsinlər. Fikirləşdiyimiz işlər çoxdur. Əlavə stadionlarımız tikiləcək. Bununla bağlı rəhbərlik sözünü deyib. Tezliklə bu işlərə başlanacaq. Hər bir şeyi düşünürük. Uzaq bir yola çıxmışıq. Çalışacağıq ki, axsamayaq, irəliləyək".

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın bütün regionları öz döyüşkənliyi ilə seçilib, Naxçıvan da onların içindədir:

"Burada fərdi döyüş növləri üzrə nəticələr çox yüksək səviyyədədir. Məşqçinin istədiyi döyüşkənlikdir. Naxçıvanda bu var. Onu çərçivəyə salıb futbola laızm olan keyfiyyətləri üzə çıxaracağıq. Burada yetəri qədər 13-14 yaşlı futbolçular var. İnanıram ki, onlardan bir neçəsini yaxın vaxtlarda öz komandamızda, millilərdə görəcəyik. Ümumi planlarımız var. Türkiyədə 20 günlük təlim-məşq toplanışımız olacaq. Futbolun inkişafı üçün nə lazımdırsa, daha artığını edəcəyik".

Baş məşqçi rəhbərliyin klubun qarşısında qoyduğu konkret məqsədlərdən danışıb: "Rəhbər elə təkliflər irəli sürüb ki, heç vaxt belə qaydalarla qarşılaşmamışam. Heç bir halda çempionluq hədəfi yoxdur, məqsəd gələcəyin komandasını qurmaqdır. Bu, məşqçi üçün də çağırışdır. Çünki gələcəyin komandasını qurmaq üçün də nəticə verməlisən. Mən həmişə nəticə vermək istəmişəm. Çalışacağıq, ən yaxşı nədirsə, onun uğrunda mübarizə aparaq. Premyer Liqaya çıxarıqsa, ilk “4-lüy”ə düşməyimiz indiki halda bir az da qeyri-peşəkarlıq ola bilər. Çünki oradan birdən düşə bilərik. Amma biz hər gün bir addım irəli getmək istəyirik. Çalışacağıq ki, yaxın vaxtlarda milli komandanın üzvlərindən də istifadə edək. Azarkeşlərimizi, rəhbərliyi qələbələrlə sevindirmək istəyirik. Naxçıvan elə regiondadır ki, yaxın ölkələrin - İran və Türkiyənin klubları ilə əməkdaşlıq edə bilərik. Futbolçunun inkişafı üçün səfərlər önəmlidir. Bizi daha yaxşı şeylərin gözlədiyini düşünürəm".

A.Bağırov qeyd edib ki, 9 il Naxçıvanda futbolun olmaması bu sahəyə böyük zərbələr vurub: "İntizam və texniki baxımdan axsaqlıqlar var idi. Region Liqasının sonuna yaxın yanaşma xeyli fərqli idi və məni sevindirirdi. Onlarda daha yuxarı qalxmaq üçün potensial olub-olmayacağını zaman göstərəcək. İnanıram ki, yaxın vaxtlarda Naxçıvanda bacarıqlı uşaqlar üzə çıxacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm