Belçikalı futbolçunun “Qəbələ”yə transferi dəqiqləşdi
Bizi izləyin

İdman

Belçikalı futbolçunun “Qəbələ”yə transferi dəqiqləşdi

Mərakeş əsilli belçikalı futbolçu Ayyub Allaşın karyerasını “Qəbələ”də davam etdirəcəyi dəqiqləşib.

Publika.az xəbər verir ki, məlumatına görə, bunu “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Təcrübəli mütəxəssis Premyer Liqanın XXI turunda “Zirə” ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra 25 yaşlı yarımmüdafiəçi ilə anlaşdıqlarını söyləyib. O, hazırda Qəbələdə olan pleymeykerə böyük ümidlər bəsləyir: “Allaş ötən ilin yayından bəyəndiyim futbolçudur. İnanıram ki, çıxışı ilə komandamıza əlavə rəng qatacaq”.

“Zirə” ilə matça toxunan baş məşqçi yüksək keyfiyyətli mübarizə alındığını sözlərinə əlavə edib: “Maraqlı və intensiv oyun oldu. Hər iki komanda qələbəyə layiq idi. Belə görüşlər nə qədər çox olsa, çempionatımızda da keyfiyyət artacaq”.

Baxşıyev yarımmüdafiəçi İsnik Aliminin əvəzləndikdən sonra birbaşa paltardəyişmə otağına yollanmasının səbəbini də açıqlayıb: “Futbolçular məndən küsə bilməzlər. Bir-birimizin hörmətini saxlayırıq. Əvəzlənərkən ona özüm dedim ki, paltardəyişmə otağına getsin. Çünki sağlamlığı qaydasında deyildi”.

Qeyd edək ki, Ayyub Allaşın son klubu Belçika təmsilçisi “Virton” olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm