Emin Mahmudov "Neftçi"dən gedir? - "Gələcəyimlə bağlı fikirlərim..."
Bizi izləyin

İdman

Emin Mahmudov "Neftçi"dən gedir? - "Gələcəyimlə bağlı fikirlərim..."

Aprelin 26-da Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində “Neftçi” “Turan Tovuz”u qəbul edib. Səfərdə keçirilən ilk oyunda məğlub olan “ağ-qaralar” Bakıdakı görüşün son dəqiqələrində vurduğu qollarla qələbə qazanaraq (2:0) finala adlayıb.

Oyundan sonra paytaxt təmsilçisnin kapitanı Emin Mahmudov Publika.az-ın suallarını cavablandırıb.

- Öncə oyunla bağlı təəssüratlarını öyrənək...

- Çox xoşbəxtik, nəhayət finaldayıq. Bu qələbə bizim üçün çox vacib idi. Çünki uzun illərdi “Neftçi” final oynamırdı. Ona görə də əsas fikrimiz qalib gəlmək idi.

- Rəqib çox ciddi müqavimət göstərirdi. Oyunun gedişində inamsızlıq yaranmırdı ki?

- Əslində oyuna yaxşı başladıq. Birinci hissə xeyli qol epizodlarımız oldu. Mənim də qol şansım oldu. Ancaq heç birindən yararlana bilmədik. Bununla belə inanırdıq ki, qələbə qazana bilərik.

- Top 2 dəfə tirə dəydi, 2 dəfə də VAR qolunuzu ləğv etdi. Bunlar sizi gərginləşdirirdi?

- Əlbəttə, çətin idi. Məncə, qeydə alınmayan birinci qolda oyundankənar vəziyyəti müzakirə etmək yersizdir. Ancaq sayılmayan ikinci qolda qayda pozuntusu yox idi. Hakimlə mübahisə etməyə vaxtımız yox idi. Fikrimizi yayındırmaq istəmirdik. Bizə dayanmamaq və epizod yaratmaq lazım idi.

- Qolu cərimə zərbəsindən vurdun. Həmin anda hansı hissləri keçirirdin?

- Cərimə zərbələrim bəzən pis alınmır. Xeyli vaxt bu mövqedən cərimə zərbəsi olmamışdı. Fikirləşdim ki, baxım, nə edirəm, uzun müddətdir vurmuram (gülür). Şadam ki, son anda belə qolla komandama kömək edə bildim.

- Yəqin ki, ikinci qolun vurulacağını gözləmirdiniz...

- Məncə, ikinci qolu xarakterlə, mübarizə apararaq vurduq. Son saniyələrdə bizə inam gəldi ki, oyunun taleyini elə əsas vaxtda həll edə bilərik. Yeqor Boqomolski oyuna çox yaxşı qoşuldu. “Zirə” ilə görüşdə olduğu kimi bu dəfə də komandaya kömək etdi. Kenni də sona qədər mübarizə aparıb lazımı qolu vurdu.

- “Turan Tovuz”a ilk oyundan sonra gərginlik var idi. Azarkeşlər və futbol ictimaiyyəti “Neftçi”ni tənqid edirdi...

- Məncə, hər şey normaldır. “Neftçi”də oynayırsansa, bunlara hazır olmalısan. Hər oyun qələbə qazanmaq barədə fikirləşməlisən. Tənqidlər normaldır, çünki çempionatda üçüncüyük. Biz də bunu gözləmirdik. Bu yer “Neftçi”yə layiq deyil. yıki, daha yaxşı yerlərdə olaq. Azarkeşlərin təzyiqi də normaldır. Finala çıxdıq, çalışacağıq ki, həmin oyunda onları qələbə ilə sevindirək.

- Finalla bağlı düşüncələrin necədir? Hansı komandaya rəqib olmaq istəyirsən?

- Finalda məqsədimiz ancaq və ancaq qələbədir. Kuboku qazanmalıyıq. “Səbail” də, “Qəbələ” də yaxşı komandadır. Məncə, “Qəbələ” bir az üstündür. Çünki birinci oyunu yaxşı oynadılar, həm də son vaxtlar formadadılar. Ancaq “Səbail” evində, süni örtükdə rəqibinə çətinlik yarada bilər.

- Qışdan bəri müqavilə məsələsi müzakirə olunur. Vəziyyət hazırda nə yerdədir? Qərar vermisən, yoxsa mövsümün sonunu gözləyirsən?

- İndi bütün diqqətim oyunlara yönəlib. Mövsümün sonunda bu barədə fikirləşəcəm.

- 6 ildir “Neftçi”dəsən. Azarkeşlər səni sevir. Məsələnin mənəvi olduğu qədər, maddi tərəfləri də var...

- Maddiyatla bağlı heç bir məsələ yoxdur. “Neftçi” ilə danışıqlar çox rahat keçir. Maddi məsələ öndə deyil. Bu, heç vaxt önəmli olmayıb. Ancaq gələcəyimlə bağlı fikirlərim nəyisə dəyişə bilər. İndiki halda nə olacağını dəqiqliklə deyə bilmərəm.

- Gedəcəyin halda azarkeşlərin səndən inciyəcəyini düşünmüsən?

- Çox şadam ki, məni sevirlər. Onlar üçün əlimdən gələni edirəm. Məncə, qollarıma görə yox, elə buna görə sevirlər. İstəmərəm ki, məndən küssünlər.

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm