Futbolun ədaləti
Bizi izləyin

İdman

Futbolun ədaləti

Dünya idman aləmində sözünü deyən futbol getdikcə həyəcanını pula çevirməkdədir. Deyərdim ki, artıq, bu proses də çoxdan keçilib. Azarkeşlər, fanatlar sevimli futbol komandalarına totalizatordan gələn qara pulların hesabına dəstək olur, futbola xəyanət edirlər. Son vaxtlar futbol biznesə çevrilməkdədir. Pərdə arxasında çox böyük qara pulların yuyulması, oyunların qabaqcadan satılması müşahidə olunur. Buna baxmayaraq futbola maraq səngimir...

Uşaq vaxtlarımdan futbola böyük maraq göstərir, hətta hər gün meydançamızda matçlar keçirir, dizlərim yara-xora içində evə gedərdim. Həmişə də anam danlayar, futbol çıxardanın atasına lənət oxuyardı. İlk baxdığım futbol qarşılaşması 2000-ci ilin mayında UEFA kubokunun finalı olub. Yəqin, xatırlayırsınız - “Qalatasaray”ın unudulmaz zəfəri, çempionluğu... Türk şərhçi Levent Özçeliğin həyəcanlı səs tembri, sözləri hələ də qulaqlarımda cingildəyir. “Tanrı bizim kuboku almamığızı istəyir”. “Aman Allahım.” Bu tarixi frazaların müəllifi məhz Levent abi idi. Həmin gecədən etibarən “Qalatasaray” nəinki mənim, bütün insanlarımızın rəğbətini, sevgisini qazandı. Türkün səsini Avropaya duyurdu. Uşaqlığımın ilk həyəcanının, duyğusunu yaşamışdım. O gündən “cimbom” sevimli komandama çevrildi.

İllər keçdikcə futbol matçlarında fırıldaqçılıq, hakimin cibinə pul soxuşdurmaq, oyun satmaq kimi hallar çoxalmağa başladı. Yadıma düşür, Almaniya bundesliqasında bir neçə hakim, futbol menecerləri həbs olundu. İtaliyada “Yuventus” klubu B divizionunadək gerilədi. Səbəb kimi oyun alqı-satqısı göstərilirdi. Bu cür hallar futbola, idmana ən böyük xəyanətdir. Burjuaziya kirli əlləri ilə futbolu da ləkələmişdi.

Yenə yaddaşımda beynimi narahat edən futbol qalmaqalı var. Qardaş Türkiyəmiz də bu virusa yoluxdu. İstanbulun “Fənərbağça” da daxil olmaqla klubu türklər demiş, “şike yaptı”. Böyük futbol camiəsində xaos yarandı, həbslər başlandı. Prezident Aziz Yıldırıma oyun satmaq, hakim almaq kimi ittihamlar irəli sürüldü. Amma “Fənər”in prezidenti bir neçə aydan sonra azad olundu. Klub 2 il UEFAn cəzalandırılaraq beynəlxalq yarışlardan kənarlaşdırıldı...

Atam beynəlxalq futbol çempionatlarına tamaşa edərdi. Həmişə kasıb, iqtisadi cəhətdən zəif ölkələrə daha çox azarkeşlik edərdi və bu sevgini bizə də aşılayardı. Heç unutmaram, daha çox Afrika ölkələrinin tərəfində olardı; Qana, Kamerun, Seneqal, Fildişi Sahili, Anqola və s. Bir də yadımdan çıxmayan bir cümləsi var: “Kasıbların futbolu da kasıb olur!”.

İndi futbol haqqında xatirələrim yaddaşımda rəqs edərkən düşünürəm ki, burjuaziya öz kirli əlləri ilə futbolun həyəcanını pula bulaşdırdı. Mənə elə gəlir, uşaqlığımla bərabər, saf, təmiz, unudulmaz futbol da həyatımdan çıxıb getdi...

Oğuz Ayxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm