“Qara bazar”da izdiham: “Qardaş, bazar olsun” – Reportaj – VİDEO
Bizi izləyin

İdman

“Qara bazar”da izdiham: “Qardaş, bazar olsun” – Reportaj – VİDEO

“Qarabağ” biletlərin “qara bazara” çıxarılması ilə bağlı mübarizə apardığını bildirmişdi. Hətta kassalarda ilk dəfə klub tərəfindən dəyəri 2 manatdan başlayan biletlər satışa çıxarılmışdı. Klub bəyan etmişdi ki, bu da azarkeşlərin daha rahat bilet əldə etməsi üçündür.

Məlumdur ki, iki manatlıq biletlər satışa çıxdığı zaman "qara bazar" alverçiləri dərhal müxtəlif yollarla həmin biletləri əldə edib, özləri üçün "bazar" yaradırlar. Bununla belə, klub biletlərin “qara bazar”da satılmasının qarşısını ala bilməyib.

Dünən oyunun başlamasına 1-2 saat qalmış “qara bazar” artıq fəaliyyətə başlamışdı. Maraqlıdır ki, kassanın qarşısında olanlardan daha çox “qara bazar”ın satıcıları ətrafında izdiham yaranmışdı.

Bilet ala bilməyənlər “Qarabağ”-“Dnepr” oyununa baxa bilmək üçün onlara müraciət edirdi.

Doğurdan da, bu bazarda alıcılar heç də az deyil. Çünki satışa çıxarılan 10 bilet ən geci 5 dəqiqə içərisində alınırdı.

Oyunun başlamasına 1 saat qalmışdı. Dayanıb bu bazarın “fəaliyyətinə” baxdım. Ən utandırıcı tərəfi bilet satanların bir-birinə gülə-gülə “Qardaş, bazar olsun” ifadələrini işlətməsi idi.

Hələ bu azmış kimi, 10-11 yaşlı bir uşağın “qabiliyyəti” də diqqətimi çəkdi. Bu uşaq, deyəsən, “çörəkpulu”nu “qara bazar”dan çıxarmaq istəyirdi.

Uşaq 20 bileti çıxarıb: “Gəlin, 30-biletdən 20-si qaldı” deməsi ilə qarışqa mürəbbəyə toplaşan kimi hamı onun ətrafına yığışdı. Kassada bilet almağa ərinənlər bu bazardan biletləri 5 dəqiqə içərisində elə aldılar ki, bir dənəsi də qalmadı.

Xatırladaq ki, "qara bazar" "Qarabağ" - "Zalsburq" görüşündə də özünü göstərmişdi. Mərkəzi sektorlara yüzlərlə bilet əvvəlcədən kassadan alınaraq oyun günü satışa çıxarılmışdı. Nəticədə, oyun günü həmin biletlər dəyərindən 2-3 dəfə baha satıldı. Bu haldan narazı olan azarkeşlər də məcbur olub həmin biletləri alırdı. Çünki "Qarabağ"ın oyununa stadiondan baxmaq istəyirdilər.

Onu da bildirək ki, ötən oyunlarda “qara bazar”la bağlı klubdan belə açıqlama verilmişdi: "Qara bazar"ın qarşısını almaq üçün insanlara maksimum 2, ya 3 bilet satılmasına icazə veririk”.

Bileti ucuz alıb baha satanların fəaliyyəti ilə bağlı görüntüləri də lentə ala bildik. Onu diqqətinizə çatdırırıq:

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm