Nazir bəyəndi, onlar isə narazı qaldı - “Çox şişirtmək lazım deyil”
Bizi izləyin

İdman

Nazir bəyəndi, onlar isə narazı qaldı - “Çox şişirtmək lazım deyil”

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın doğma meydanda "Dnepr"ə 1:2 hesabı ilə uduzması barədə xəbər vermişdik.

Publika.az bu dəfə oyunla bağlı deyilən maraqlı fikirləri diqqətinizə çatdırır.

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qalib gələn (2:1) “Dnepr” klubunun baş məşqçisi Miron Markeviç oyun haqda fikirlərini bildirib:

“Qarabağ” adi komanda deyil. Kiyevdəki oyundan sonra "Qarabağ"ın xoşuma gəldiyini açıqlamışdım. Onlara qalib gəlmək asan deyildi. Bu komanda hətta Çempionlar Liqasının qrup mərhələsinə düşməyə də çox yaxın idi. Təşkilatlanmış komandadır. Bunu bu gün keçirilən qarşılaşma da bir daha sübut etdi. Biz bu dəfə Kiyevdəkindən daha yaxşı oynadıq. Gərgin oyun alındı.

İstənilən komanda belə böyük azarkeş ordusu qarşısında çıxış edəndə fərqli duyğular yaşayır. Bizə öz meydanımızda və ya Lvovda çıxış etməyə imkan vermədilər. Kiyevdə boş tribunalar qarşısında oynamaq çətin idi. Bu gün isə çoxlu azarkeş qarşısında daha yaxşı oynamağı bacardıq.

Kiyevdəki oyunda məğlubiyyətə layiq idik. Bu gün isə layiqli olaraq qələbə qazandıq. Çünki vurduğumuz qollardan başqa da qol epizodlarımız oldu".

“Dnepr" klubunun kapitanı Ruslan Rotan Avropa Liqasının qrup mərhələsində Bakıda "Qarabağ"a qalib gəldikləri oyundan (2:1) sonra Ukrayna mətbuatına açıqlamasında belə deyib:

"Nəhayət ki, qrup mərhələsində qol vura bildik. "Qarabağ" çox yaxşı komandadır. Onlarla oynamaq çətindir. Hücum xəttində səviyyəli futbolçuları var. Yaxşı ki, əlimizə düşən qol imkanlarından yararlana bildik. Biz ancaq qələbəyə oynayırdıq. "Dinamo"ya məğlubiyyətdən sonra çox tənqid olunduq. Ancaq toparlana bildik. Əsl kollektiv belə olmalıdır. Bundan sonra qələbələrimizi sıralamalıyıq".

"Dnepr"in futbolçusu Bruno Qama "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini belə açıqlayıb:

“Bilirdik ki, qarşımızdakı adi komanda deyil. Onlar ustalıq səviyyəsi yüksək olan futbolçulara, komplektləşmiş heyətə malik idilər. Oyuna yaxşı hazırlaşmışdıq. Təəssüf ki, ev oyununda qələbə qazana bilmədik, amma bu oyunda istəyimizə çatdıq, qalib gəldik. Artıq biz də qrupdan çıxmaq uğrunda mübarizəyə qoşulduq. Stadiondakı belə atmosfer hər bir futbolçunu yaxşı motivasiya edir. Baxmayaraq ki, azarkeşlər rəqib komandaya azarkeşlik edirdilər. Dolu tribunalar qarşısında oynamaq əlavə həzzdir”.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında etdiyi açıqlamada “Kiyevdəki qələbəni şişirtmək lazım deyildi” deyib:

“"Meydana heç-heçə üçün çıxmamışdıq. İlk dəqiqələrdən biz heç-heçə haqda düşünmürdük. Biz düzgün oyun göstərmək və maksimum oyun nümayiş etdirmək istəyirdik. Düşünmədiyimiz səhvlər üzündən qol buraxdıq. Uşaqlara bir o qədər də iradım yoxdur. Kiyevdəki qələbəni çox şişirtmək lazım deyildi. Bu, uşaqlara təsir edə bilərdi. Amma indidən sonra qarşıdakı oyunlarda vəziyyətimizi düzəltməyə çalışacağıq.

Əvvəlcədən qarşımıza minimum 2-ci yeri hədəf qoymamışdıq. Bəlkə də, “Sent-Etyen”lə oyun bundan asan olacaq. Çünki “Dnepr”ə qələbədən sonra Bakıda hardasa məğlubiyyətə hazır idim. Çünki azarkeşlər Bakıda da qələbə gözləyirdilər. Bu da əlavə məsuliyyət formalaşdırırdı. Şanslarımız hələ qalıb. Qarşıdakı oyunlara baxacağıq".

“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov da məşqçisi ilə həm fikir olub. O “futbolçuları tərifləmək lazım deyildi” açıqlamasını verib:

“Futbolçuları çox tәriflәdilәr. Ona görә dә psixoloji baxımdan köklәnmәk çәtin oldu. Bunu şişirtmək lazım deyil. “Dnepr”dәn dә yazırdılar ki, guya onlar çempionat matçlarına oynayırlar və Avroliqaya fikir vermirlәr. Bu cür boş, ağılsız iddianın yeri yoxdur. Guya “Dnepr” “Şaxtyor”la oyuna hazırlaşırdı. Nə bilim... Vəziyyəti düzgün təhlil etməliyik. Biz də mərhələ adlamaq istəyirik. Ancaq tələsmək olmaz. Uşaqları boş yerə şişirtməyə ehtiyac yoxdur”.

Hətta dünən “Qarabağ”ın oyununu izləməyə gedən Gənclər və idman naziri Azad Rəhimov da oyundan razı qalıb.

O, “Qarabağ”ın paltardəyişmə otağına üz tutub. A. Rəhimov “Qarabağ”ın yaxşı oynadığını, komandanın sonadək meydanda layiqli mübarizə apardığını qeyd edib. Sonda nazir komandaya Avroliqadakı növbəti 2 oyunda uğurlar arzulayıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm