“Bunu yoxlama görüşündə sınamalıyıq, seçmə mərhələdə yox”
Bizi izləyin

İdman

“Bunu yoxlama görüşündə sınamalıyıq, seçmə mərhələdə yox”

“Avro-2016”-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da 8-ci kilometr stadionunda millimiz Norveç yığması ilə qarşılaşacaq.

Noyabrın 4-dən etibarən Bakıda Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunub.

Publika.az-a Norveçlə keçiriləcək oyunla bağlı danışan millimizin baş məşqçisi Mahmud Qurbanov komandaya yaxşı formada olan futbolçuları dəvət etdiyini dedi:

“Mən Norveçlə oyunda baş məşqçi kimi millini bir oyunluq meydana çıxaracağam. Düşündüm ki, bir oyuna görə ciddi dəyişikliklər etməyə ehtiyac yoxdur. Dəvət etdiyim futbolçuların əksəriyyəti əvvəldən yığmada olanlardır. Düzdür, geniş tərkibli heyət açıqlamışdım. Ancaq düşündük ki, bunu yoxlama oyunu zamanı etmək daha düzgün olar. Seçmə mərhələdə yox… Norveçlə görüşdə qələbə qazanmalı, nəticə əldə etməliyik. Futbolçuları yoxlamaq lazım deyil. Hesab edirəm ki, yaxşı formada olan futbolçuların hamısını milliyə cəlb etmişik. İndi isə hədəfimiz Norveçlə görüşdən qələbə ilə ayrılmaqdır. Uğursuzluğa son qoymaq fikrindəyik. Buna görə də hücum futbolu sərgiləyəcəyik.

Ancaq oyuna proqnoz vermək çətindir. Dediyim kimi, məqsədimiz yaxşı oyun göstərməkdir. Əlimizdən gələni edəcəyik ki, azarkeşləri sevindirək”.

Xatırladaq ki, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin rəqibi olan Norveç yığması yoldaşlıq görüşündə Estoniyaya məğlub olub. Baş məşqçi Per-Matias Hoqmo oyundan sonra fikirlərini açıqlayıb.

Təcrübəli mütəxəssis 0:1 hesablı məğlubiyyəti belə şərh edib: "Bu oyun bizim üçün çox faydalı idi. Matç başlayan kimi 0:1 hesabı ilə geri düşdük. Bundan sonra hər iki mövqedə, müdafiədə və hücumda eyni oyunu göstərə bilmədik. Belə olan halda, qarşılıqlı mübarizələrdən qalib kimi ayrıla bilmədik. Bu, Azərbaycanla oyun öncəsi bir sınaq idi. Müəyyən mənada oyuna nəzarət edə bildik. Yaxşı oyun göstərdik və əla qol imkanlarımız oldu. Mən çox razıyam. Bilirdik ki, Estoniyanı məğlub etmək çətin olacaq. Buna görə də, bu oyun bizə faydalı oldu. İndi Azərbaycanla oyunu gözləyirik. Bu məğlubiyyətin qisasını Azərbaycandan almağa çalışacağıq".

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm