“Böyük oyun”da böyük qalmaqal ola bilərmi? – FOTOLAR
Bizi izləyin

İdman

“Böyük oyun”da böyük qalmaqal ola bilərmi? – FOTOLAR

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulacaq.

İkinci oyun günündə iki matç baş tutacaq. Turun mərkəzi oyunu "Dalğa Arena"da keçiriləcək və "Xəzər Lənkəran" "Neftçi" komandaları üz-üzə gələcək. Lənkəran şəhər stadionunun ot örtüyü hazır olmadığından, "Xəzər Lənkəran" əzəli rəqibini Mərdəkanda qəbul etməyə hazırlaşır. Hər iki komanda son turu uğursuzluqla bitirib.

"Xəzər Lənkəran" "İnter"ə 1:3, "Neftçi" "Simurq"a 0:1 hesabı ilə uduzub.

"Xəzər Lənkəran" "Neftçi"yə qalib gəlməklə birinci dövrədəki məğlubiyyətinin qisasını almalıdır. Bu matç lənkəranlıların baş məşqçisi üçün də çox vacibdir. Cənub komandasının ardıcıl iki oyunda məğlubiyyəti türk mütəxəssis Oğuz Çətinin postu üçün təhlükə yarada bilər.

"Neftçi" isə qələbə qazanmaqla həm ötən tur itirilən xalları sığortalamalı, həm də azarkeşlərini əzəli rəqib üzərindəki qələbə ilə sevindirməlidir.

Ancaq hələ də “Böyük oyun”da azarkeş qadağası davam edir.

“Xəzərə Lənkəran” azarkeşləri qədər “Neftçi” tərəfdarları da oyunu canlı izləmək istəyirlər.

Azarkeş qadağasına görə - (qonaq komandanın azarkeşlərinin stadionda olması qadağandır) matçı tribunadan izləyə bilməyəcək paytaxt təmsilçisi tərəfdarları növbəti məyusluğu televiziya üzündən yaşayıblar. Belə ki, oyun heç telekanallar vasitəsi ilə canlı yayımlanmayacaq.

Lakin oyunu “Xəzər Lənkəran”ın və “Neftçi”nin internet kanalı verəcək.

"Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Mərdəkanda yerləşən "Dalğa Arena" stadionunda keçiriləcək qarşılaşmaya azarkeşlərin rahat gəlməsi üçün klub tərəfindən avtobuslar ayrıldığını bildirib:

“Mərdəkanda yerləşən "Dalğa Arena" stadionunda keçiriləcək qarşılaşmaya azarkeşlərin rahat gəlməsi üçün klub tərəfindən avtobuslar ayrılacaq.

Azarkeşlərimiz saat 14.00-da “Gənclik” metrosunun yaxınlığında, T. Bəhramov adına Respublika stadionun qarşısında olmalıdırlar. Tərəfdarlar avtobuslara yerləşəndən sonra stadiona aparılacaqlar. Oyun bitdikdən sonra həmin avtobusla da “Gəncliy”ə geri qayıdacaqlar. Bildiyiniz kimi, giriş də pulsuzdur.

“Neftçi”nin azarkeşi içəri daxil ola bilər. Belə ki, stadiona girəndə pasportla yoxlanma olmur və heç bir sənəd də yoxdur ki, bu şəxs “Neftçi” azarkeşidir. Amma hər halda, 5-10 nəfər də gəlsə, inanmıram ki, orada nəsə etsinlər. Şüarlar səsləndirsələr, təbii, qarşıdurma yaranacaq.

Yenə deyirəm, əlbəttə, adi bir futbol azarkeşi kimi gəlib oyunu izləyə bilərlər.

Ancaq toplu halda bir yerdə oturub, komandaya şüarla dəstək versinlər, plakatlar açsınlar, bu olmayacaq”.

“Neftçi”nin fan klubu olan “Forza Neftçi” isə sosial şəbəkə vasitəsi ilə təpkilərini bildiriblər. Onlar bildiriblər:

“Stadionda biz buraxılmırıqsa, o oyun bizim üçün boş şeydi. “Xəzər Lənkəran”ın rəhbərliyi polisə tapşırıq verib ki, biz stadiona buraxılmayaq. Qorxaqlar!

1-ci gün "Böyük Oyun"?
“Neftçi” fanatları stadiona buraxılmır, budurmu "Böyük Oyun"?
Neytral meydanda oyunu keçirməyib, oyunu Bakıya salıb, bizi stadiona buraxmayan PFL bu oyuna "Böyük" deyir ?
400 polisi üstümüzə gətirirlər ki, biz heç stadiondan kənarda dəstək verə bilməyək, budur dediyiniz "Böyük Oyun" ? Suallar çoxdur, lap çox...

Qələbə qazansaq, saat 19:30 - 20:30 arası, “Xətai” metrosunun qarşısında toplaşacağıq! Qələbəmizi klubumuzla bir yerdə, “NEFTÇİ” bazada qeyd edəcəyik ! Hər kəs “NEFTÇİ” forma-şərfində gəlsin!”.

Hər dəfə “Böyük oyun”da böyük qalmaqallar yaşanıb.

Maraqlıdır, azarkeş təhlükəsizliyi necə təmin olunacaq?

Bu suala cavab tapmaq üçün Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Publika.az-ın sualını cavablandıran qurum rəsmisi güc strukturlarına bu barədə məlumat verdiklərini bildirdi:

“Ev sahibi komanda, həm də PFL güc strukturlarına məlumat verib. Rəqib komandanın azarkeşləri stadiona buraxılmayacaq. Bildiyiniz kimi, intizam komitəsinin qərarına əsasən, bu oyunlar qonaq komandanın azarkeşlərinin iştirakı olmadan keçirilir”.

Məlumat üçün bildirək ki, “böyük oyun” saat 17:00-da baş tutacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm