İtaliya mətbuatı da “Qarabağ”dan yazdı - “Qol hesaba alınarsa...”
Bizi izləyin

İdman

İtaliya mətbuatı da “Qarabağ”dan yazdı - “Qol hesaba alınarsa...”

İtaliyanın bir sıra idman saytlarında Ağdamın "Qarabağ” futbol klubunun yaranma tarixindən, əldə etdiyi uğurlardan və üzləşdiyi çətinliklərdən bəhs edən məqalələr yerləşdirilib.

Məqalələrdən birində qeyd olunur ki, iki dəfə Azərbaycan çempionu olan "Qarabağ” digər futbol klublarına bənzəmir: "Bu klub uzun illərdir oyunlarını doğma meydandan kənarda, Dağlıq Qarabağ münaqişəsi zamanı qanlı toqquşmaların baş verdiyi Ağdam şəhərindən uzaqda keçirir. 1993-cü ilədək "Qarabağ”ın oyunlarının keçirildiyi Ağdamdakı "İmarət” stadionu ermənilər tərəfindən dağıdılıb. Komanda bu doğma məkanda son oyununu 1993-cü il mayın 12-də keçirib”.

Yazıda qeyd olunur ki, artıq dünyada ruhlar şəhəri kimi tanınan Ağdam uğrunda gedən döyüşlərdə xeyli sayda azərbaycanlı həyatını itirib: "Ağdam döyüşü bir aya yaxın davam edib və 1993-cü il iyulun 23-də şəhər ermənilər tərəfindən işğal olunub”.

Müəllif yazır ki, 21 ildən sonra Qarabağ yenidən Azərbaycan çempionu oldu. Bu komandanın oyunçuları arasında həmin münaqişədən zərər çəkənlər də var. Klubun keçmiş üzvü, futbolçu Allahverdi Bağırov bu münaqişədə şəhid olan Azərbaycan idmançılarından biridir.

Bu gün hamımız UEFA-dan ədalətli qərar gözləyirik. "Qarabağ"ın türkiyəli vəkili Gurur Gaye Günal Publika.az-a açıqlamasında Avropa Futbol Qurumunun məhkəmə tələbini qəbul etməsini müsbət hal kimi dəyərləndirib. Məktubda iki məsələylə bağlı iddia qaldırıldığını söyləyən xanım vəkil UEFA-nın fevralın 5-də şikayətə baxacağını rəsmən təsdiqləyib. Həmin gün hansı qərarların qəbul ediləcəyini heç kim əvvəlcədən söyləyə bilməz. Əsas odu ki, “qolun qaydalar çərçivəsində vurulması” və “hakimin oyunu vaxtından əvvəl başa vurması” iddiaları ən tutarlı səbəblərdi.

Hər halda, UEFA-nın müraciəti qəbul etməsi adi qəbul olunmamalıdı. Əgər məhkəmə tələbi qəbul olunubsa, deməli, məktub Avropa futbol qurumunu maraqlandırıb. UEFA hər məsələyə baxmır. Onların Avroliqayla bağlı işləri çoxdur.

Vəkilin sözlərinə görə şikayətin hansı formada təmin ediləcəyini indi söyləmək çox çətindir: "Sözsüz, biz qolun hesaba alınmasını istəmişik. Digər tərəfdən matçın hakimi oyunu tez başa vurub. Azərbaycanda olan narahatlığı anlayıram. Biz çalışırıq ədalət yerini tutsun. UEFA bütün işlərinə ciddi yanaşır. Bu işdə uğur qazanacağımıza ümidimiz var. Lakin fevralın 5-ni gözləməkdən başqa əlacımız yoxdur".

Avropa Liqasında artıq püşk atılıb. 1/16 final mərhələsində "Dnepr"in rəqibi Yunanıstanın "Olimpiakos" klubu olacaq. Bu halda UEFA "Qarabağ"ın pley-offda iştirakını bərpa edə bilərmi? Bildiyiniz kimi turnirdə növbəti matçlar fevralın 19-da olacaq. Məhkəmə isə fevralın 5-nə təyin edilib. Yəni arada iki həftə vaxt var. Burada əsasnaməyə əsasən oyunun yenidən keçirilməsi müzakirə obyekti ola bilər. Hakim səhvini etiraf edəcəyi halda onların hansı qərarı qəbul edəcəkləri məlum deyil. Qolun sayılması çox şeyə təsir edə bilər.

Son illərdə qısa müddətdə klubların yer dəyişməsinə tez-tez rast gəlmişik. Məsələn, elə cari mövsümdə Çempionlar Liqasınin 3-cü təsnifat mərhələsində “Legiya”nın heyətində cəzalı oyunçu oynadığı üçün “Seltik”ə texniki qələbə verilmiş pley-offa şotlandlar vəsiqə qazanmışdı.

Və yaxud ötən il danışılmış oyunlara görə Avroliqanın qrup mərhələsində “Beşiktaş”la “Fənərbaxça”nın yerini müvafiq olaraq, APOEL və “Tromse” tutmuşdu.

Düzdü, bu səbəblərin “Qarabağ”la heç bir bağlılığı olmasa da, bir məqamı qeyd etmək yerinə düşər. UEFA istəsə, ədalətli qərar çıxarsa, Riçard Almeydanın qolunu saysa və ən nəhayət, 1/16 finala məhz “Köhlən atlar”ın yüksəldiyini təsdiqləsə, “Olimpiakos”la oyuna iki həftə nədi, lap bir həftəyə də hazırlaşmaq olar. Vaxt problem deyil, təki ümudlərimiz puça çıxmasın. Necə deyərlər, ümid sonda ölür!!!

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm