Adil Əliyev: “Bizə qarşı böyük haqsızlıq oldu”
Bizi izləyin

İdman

Adil Əliyev: “Bizə qarşı böyük haqsızlıq oldu”

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Avroliqanın "İnter"lə son oyununda "Qarabağ" futbol klubunun hakim haqsızlığı ilə üzləşməsinə münasibət bildirib.

Deputat A.Əliyev Publika.az-a açıqlamasında “Qarabağ” futbol klubuna qarşı böyük haqsızlıq olduğunu deyib: “Bunu stadionda öz gözlərimizlə gördük. Çox istərdik ki, haqq yerini alsın. Ancaq çox təəssüf ki, həmin hakimə qarşı hər hansı cəza tədbiri görə və oyunun nəticəsini dəyişdirə bilmirik. Ümumiyyətlə, indiyədək baş hakimin oyunun taleyi ilə verdiyi hər hansı qərarın dəyişdirilməsi ilə bağlı təcrübə yoxdur. Qərar verilirsə, onun nə üçün və hansı səbəbdən olması artıq əhəmiyyət daşımır. Sadəcə olaraq, biz lazım olan məqamda növbəti mərhələyə addımlaya bilmədik. Buna görə də biz çox üzgünük. Bizim hazırda əlimizdən heç nə gəlmir. Bu, təkcə bizə aid deyil. İndiyədək oxşar haqsızlıqlarla qarşılaşanların heç biri istədiklərini əldə edə bilməyib. Burada maksimum UEFA tərəfindən həmin hakim cəzalandırıla bilər. Bu cəzalandırma da həmin hakimin bir neçə oyuna buraxılmaması ilə yekunlaşa bilər. Bununla da hər şey bitəcək və heç bir səmərəli dəyişiklik olmayacaq”.

Xatırladaq ki, dekabrın 11-də İtaliyanın “İnter” futbol komandası ilə keçirilən oyunda “Qarabağ” komandasının vurduğu qol Çexiyadan olan hakim tərəfindən qeydə alınmayıb.

Adil Əliyev dekabrın 20-də Bakı Tennis Akademiyasında peşəkar kikboksinq üzrə Azərbaycan və Türkiyə komandaları arasında beynəlxalq yarış təşkil olunacağını da dedi.

Onun sözlərinə görə, yarış ulu öndər Heydər Əliyevin anım gününə həsr olunacaq. A.Əliyev deyib ki, hazırda Azərbaycan komandası həmin yarışa çox ciddi hazırlaşır: “Bu, ulu öndər Heydər Əliyevin adına daşıyan böyük bir tədbirdir. Buna görə də biz bu yarışa çox ciddi hazırlaşırıq. Çox yaxşı döyüşlər olacaq. Bizim bütün güclü kikboksinqçilərimiz bu yarışda iştirak edəcək. Hər tərəfdən 10 idmançı öz gücünü sınayacaq. Bütövlükdə 10 görüş olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm