Prezident: “Bu idman cinayətini törətmiş hakim briqadası öz cəzasını almalıdır“
Bizi izləyin

İdman

Prezident: “Bu idman cinayətini törətmiş hakim briqadası öz cəzasını almalıdır“

Dekabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Qarabağ” futbol klubunun üzvlərini qəbul edib.

AzərTAc xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: “Mən sizi ürəkdən salamlayıram. “Qarabağ” futbol klubu ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edir. Neçə ildir ki, siz azarkeşləri sevindirirsiniz və Azərbaycan bayrağını uca tutursunuz. Bildiyiniz kimi, futbolun inkişafı Azərbaycanda dövlət siyasətidir, Dövlət Proqramı qəbul edilmişdir. Əminəm ki, gələcək illərdə Azərbaycanda futbol daha da sürətlə inkişaf edəcəkdir”.

Prezident qeyd edib ki, bütövlükdə Azərbaycan hazırda dünyada idman ölkəsi kimi tanınır: “Bütün mötəbər beynəlxalq idman qurumları Azərbaycanın uğurlarını yüksək qiymətləndirirlər. Bu yaxınlarda Avropa Olimpiya Komitəsinin Bakıda keçirilmiş Baş Assambleyasında Azərbaycanda idmanla bağlı olan inkişaf xüsusi qeyd edildi. Mötəbər qonaqlar - Beynəlxalq Olimpiya Komitəsinin prezidenti, Avropa Olimpiya Komitəsinin prezidenti Azərbaycanın uğurlarını qeyd etdilər. Həm idmançılarımızın uğurlu çıxışları, eyni zamanda, ölkəmizdə yaradılan infrastruktur və idmana dövlət tərəfindən qayğı əlbəttə ki, təqdirəlayiqdir. İdmançılarımız da bizi, Azərbaycan xalqını sevindirirlər. Azərbaycan 2012-ci il Olimpiya Oyunlarında komanda hesabında 30-cu yerə layiq görülmüşdü, Avropada isə 15-ci idi. Gözəl gənc nəsil yetişir. Onlar da öz növbəsində, həm bu gün, həm də gələcəkdə böyüklər arasında keçiriləcək yarışlarda ölkəmizi ləyaqətlə təmsil edəcəklər”.

Dövlət başçısı qeyd edib ki, bu il Çində yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 10-cu yerə qalxmışdır: “Təsəvvür edin, dünya miqyasında 200-ə yaxın ölkənin iştirakı ilə keçirilən bu Olimpiadada 10-cu yerə nail olmaq tarixi qələbədir. Yəni, bu gənc nəsil, müstəqillik dövründə yetişən uşaqlarımız görün, nə qədər böyük peşəkarlığa malikdirlər və eyni zamanda, onlarda vətənpərvərlik ruhu nə qədər yüksək səviyyədədir.

İdmanda, - əlbəttə, siz idmançılar bunu yaxşı bilirsiniz, - bir neçə amil hər bir idmançının, yaxud da ki, komandanın qələbəsini təmin edir. İlk növbədə peşəkarlıq, təlim-məşq toplanışları, əlbəttə ki, məşq prosesinin düzgün həyata keçirilməsi, məşqçilərlə idmançılar arasındakı ünsiyyət və eyni zamanda, qələbə əzmi, vətənpərvərlik hissləri - bunlar da çox vacib amillərdir.

İdmançılarımız bizi sevindirirlər, əminəm ki, gələcəkdə biz daha da böyük qələbələrə imza atacağıq”.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan dövləti də idmanın inkişafı ilə bağlı ardıcıl siyasət aparır, idman infrastrukturu yaradılır: “Son illər ərzində 50-dən çox Olimpiya mərkəzi tikilmişdir ki, onların 40-dan çoxu bölgələrdədir. Dediyim kimi, futbolun inkişafı ilə bağlı həm Dövlət Proqramı vardır, eyni zamanda, stadionlar da tikilir. Bizim Tofiq Bəhramov adına əsas stadionumuz əsaslı şəkildə təmir edilmişdir, Mərdəkanda “Dalğa” stadionu, “8-ci kilometr” stadionu inşa olunub, bölgələrdə stadionlar tikilir. Nəhayət, ən böyük Olimpiya Stadionumuz yaxın gələcəkdə açılacaq. Bu, bölgənin ən böyük, ən gözəl, ən müasir Olimpiya Stadionu olacaqdır. Orada çıxış etmək, oynamaq hər bir futbolçuya zövq verəcək. Həm stadionun özü, həm onun yerləşməsi, ətrafındakı infrastruktur ən yüksək səviyyədədir. Bununla paralel olaraq stadionun arxasındakı Böyükşor gölü indi xüsusi ekoloji layihə çərçivəsində təmizlənir və onun birinci mərhələsinin gələn il başa çatması da gözlənilir. Bu təmizləmə işlərinin getdiyi vaxtda artıq Böyükşor gölünə köçəri quşlar da qonur. Budur əsas göstərici, yəni, uzun illər ekoloji fəlakət mənbəyi olan bu göl indi təmizlənir və gözəl ekoloji bir sahə yaradılacaqdır.

Deyə bilmərəm ki, futbolçularımız bizi tez-tez sevindirirlər. Ancaq gözəl anlar da kifayət qədər çoxdur və “Qarabağ” futbol klubu o klublardandır ki, bu anları xalqımıza bəxş edir. Bu münasibətlə mən sizi həm təbrik etmək, həm də təşəkkürümü bildirmək istəyirəm. Çünki sizin uğurlu çıxışlarınız, qələbələriniz azarkeşləri ruhlandırır, sevindirir. Siz xalqımıza qələbə sevinci də bəxş edirsiniz. Xüsusilə son yarışlarda, Avroliqadakı yarışlarda sizin oyunlarınız ən yüksək qiymətə layiqdir. Sizin qrupunuzda yarışan klubların büdcəsi sizinkindən qat-qat böyükdür, bəlkə 10 dəfədən çoxdur. Ancaq həyatda, idmanda, siyasətdə maliyyə vəsaiti hər şeyi həll etmir. Sizdə vətənə olan bağlılıq, vətənpərvərlik, peşəkarlıq və iradə bax, bu qələbələri şərtləndirib. Siz bütün komandalarla çox uğurlu yarışmısınız, qələbələr qazanmısınız”.

Prezident bildirib ki, hər kəs – həm Azərbaycanda, həm də dünyada futbolla maraqlanan hər bir insan yaxşı görür və bilir ki, siz böyük qələbələrə layiq idiniz: “Ancaq bu qələbələr sizin əlinizdən vicdansızcasına alınmışdır. Bütün dünyanın gözü qarşısında bu qədər ədalətsizlik, bu qədər vicdansızlıq bəlkə də futbol tarixində nadir hallarda baş verir. Əlbəttə, bilirəm ki, siz də məyus olmusunuz, azarkeşlər də, Azərbaycan xalqı da. İlk növbədə, ona görə ki, siz bu qələbəyə layiq idiniz”.

Dövlət başçısı qeyd edib ki, bu sonuncu oyun - dekabrın 11-də “İnter” komandası ilə keçirilən oyun həlledici idi: “Bu oyunda siz çox gözəl mübarizə aparmısınız. Qələbəyə layiq idiniz və qələbəni əldə etmisiniz. Bütün dünyanın gözü qarşısında təmiz qol vurmusunuz. Ancaq hakim briqadasının qeyri-peşəkarlığı, ya da ki, qərəzli münasibəti ucbatından o qol sayılmadı və beləliklə, sizin qarşınıza bir sədd qoyuldu. Bu, böyük ədalətsizlikdir. Ədalətsizliklə barışmaq çox çətindir, həm həyatda, həm idmanda, həm də siyasətdə.

Əfsuslar olsun ki, ədalətsizlik hələ ki özünü müxtəlif sahələrdə büruzə verir, o cümlədən siyasi aləmdə. Biz - gənc, müstəqil Azərbaycan dövləti də bəzi hallarda ədalətsizliklə, ikili standartlarla, ayrı-seçkiliklə üzləşirik. Bizim uğurlu inkişafımızı həzm etməyən, uğurlarımıza kölgə salmaq istəyən bəzi xarici dairələr var ki, Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq üçün ardıcıl şəkildə səy göstərirlər. Ancaq bu səylərin heç bir nəticəsi yoxdur. Çünki Azərbaycan öz yolu, müstəqillik, azadlıq, inkişaf yolu ilə gedir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Ancaq belə cəhdlər var. İkili standartlar göz qabağındadır. Əfsuslar olsun ki, indi ikili standartlar dünya siyasətinin standartlarına çevrilmişdir. Biz isə öz yolumuzla gedirik. Amma bizim üstünlüyümüz ondan ibarətdir ki, başqa ölkələrlə, yaxud da ki, beynəlxalq təşkilatlarla münasibətlərimizi tənzimləyən heç bir hakim briqadası yoxdur. Biz bu mübarizədə öz sözümüzü deyirik və əksər hallarda qələbə bizimlə olur.

Bu gün Azərbaycan reallıqları göz qabağındadır. Lakin hər tərəf alovlanır. Bölgədə, Avropada iqtisadi, siyasi, hərbi böhran, toqquşmalar, davalar, qanlı müharibələr gedir. Azərbaycan sabitlik adasıdır, inkişaf məkanıdır. Biz buna Azərbaycan xalqının zəhməti hesabına nail ola bilmişik. Heç vaxt bu yoldan dönməyəcəyik”.

İlham Əliyev bildirib ki, idmanda isə əfsuslar olsun ki, bəzi hallarda hakimlərin ədalətsiz qərarı həlledici olur: “Mən idmanla yaxından maraqlanan, eyni zamanda, idmana rəhbərlik edən insan kimi dəfələrlə onun şahidi olmuşam ki, beynəlxalq yarışlarda, hətta fərdi idman növlərində də bizim idmançılarımıza qarşı ədalətsizlik göstərilmişdir. Yenə də deyirəm, qələbə qazanmaq olar, məğlub olmaq olar. Bu, idmandır, heç kim sığortalanmayıb ki, o, məğlub olmayacaq. Əgər siz ədalətli mübarizədə məğlub olsaydınız, yaxud da ki, o qolu vurmasaydınız, heç kim heç nə deməzdi. Lakin belə oldu, gələn dəfə daha da yaxşı oyun nümayiş etdirmək olardı. Ancaq təmiz, halal qələbəni komandanın əlindən almaq böyük ədalətsizlik və idman aləmində cinayətdir. Ona görə hesab edirəm ki, bu cinayəti, idman cinayətini törətmiş hakim briqadası öz cəzasını almalıdır. Əks təqdirdə, bu, başadüşülən olmayacaq.

Mən sizi, ilk növbədə, ona görə dəvət etmişəm ki, son illərdə göstərdiyiniz oyunlar əlbəttə, məni də, xalqımızı da sevindirir. Digər tərəfdən, bilirəm ki, komanda üçün indiki dövr o qədər də asan dövr deyil. Çünki sizin bütün fikirləriniz artıq növbəti mərhələdə idi. O mərhələdə siz çıxış etməli idiniz. Bu qələbə sizdən vicdansızcasına oğurlanıb. Ancaq həyat davam edir. Bu ədalətsizlik sizi ruhdan salmamalıdır. Əksinə, sizi daha da çox ruhlandırmalıdır ki, qələbə əzmi daha da güclü olsun, növbəti yarışlarda Avropa idman ailəsinə bir daha sübut edəsiniz ki, “Qarabağ” futbol klubu böyük uğurlara imza ata və Azərbaycan futbolunu ləyaqətlə təmsil edə bilər.

Klubun adı “Qarabağ”dır, bu da sizin üzərinizə əlavə məsuliyyət qoyur. Əminəm ki, gələcək illərdə siz bu gözəl adı şərəflə, ləyaqətlə daşıyacaqsınız və “Qarabağ” klubu Azərbaycan xalqını yeni qələbələrlə sevindirəcəkdir.

Sizə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, siz növbəti yarışlara yaxşı hazırlaşasınız. Bilirəm ki, klubda ab-hava da yaxşıdır. Məşqçi heyəti, klubun rəhbərliyi, oyunçular - siz bir ailə kimisiniz. Mən bunu da alqışlayıram.

Bir daha sizə göstərdiyiniz uğurlar və nəticələr münasibətilə Azərbaycan xalqı adından təşəkkürümü bildirir və yeni qələbələr arzulayıram. Sağ olun”.

Komandanın fəaliyyətinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən baş məşqçi Qurban Qurbanov dedi: “Cənab Prezident, mən də ilk növbədə bütün klub adından, bütün futbolçular adından Sizi salamlayıram. Çox sağ olun ki, bizim üçün vaxt ayırdınız. Həqiqətən, həmin oyundan sonra futbolçularda bir az üzgünlük vardı. Hər birimiz çox təəssüflənmişdik. İstəyirdik ki, başda Siz olmaqla, bütün Azərbaycan xalqına bu oyunda qələbə hədiyyə edək.

Amma Sizin söylədiyiniz kimi, qələbə əlimizdən alındı. Bunu Sizə hədiyyə etmək bizə nəsib olmadı. Amma Sizin bu görüşünüz, bizləri qəbul etməyiniz düşünürəm ki, gələcək işlərimiz üçün çox faydalı oldu. Biz o oyunu yaddan çıxarıb çalışmalıyıq ki, qarşıdakı yarışlarda daha da yaxşı, uğurlu nəticələr əldə edək.

Komandamızın bütün heyəti adından Sizə minnətdarlığımızı bildirirəm. Sizin Azərbaycan idmanına, Azərbaycan futboluna diqqət və qayğınız məsuliyyətimizi daha da artırır. Çalışırıq ki, işimizi düzgün qurub və uğurlu nəticələr əldə edək.

Siz qeyd etdiniz ki, futbolda uğurlarımız azdır. Həqiqətən bu, bizlərə təsir edir. Bunun üzərində daim çalışırıq və inanıram ki, gələcək oyunlarımızda, gələcək işlərimizdə Sizi və bütün Azərbaycan xalqını, o cümlədən bütün qarabağlıları, köçkünlərimizin hər birini sevindirəcəyik.

Bir daha Sizə “çox sağ olun” deyirəm. Çox şadıq ki, bizimlə belə bir görüş təşkil etdiniz. Çox sağ olun, minnətdarıq”.

Son oyunları ilə azarkeşlərin rəğbətini qazanan komandanın hakim ədalətsizliyinə baxmayaraq, ruhdan düşmədiyini bildirən “Qarabağ” futbol klubunun vitse-prezidenti Tahir Gözəl dedi: “Cənab Prezident, mən də “Qarabağ” futbol klubu, azarkeşlərimiz, “Qarabağ”ı sevən bütün Azərbaycan xalqı adından klubumuzun tarixinə yazılacaq bu gün üçün Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Doğrudan da, “Qarabağ” klubu Azərbaycan bayrağını Sizin də dediyiniz kimi, Avropada, dünyada ucaldıb. Cənab Prezident, biz bu günlərə Sizin dəstəyiniz, qayğınız, Sizdən aldığımız ruh və enerjini ürəyimizdə hiss edərək Azərbaycan xalqının mənəvi dəstəyi ilə çatmışıq.

“İnter”lə oyunumuzda təmiz qolumuzun sayılmamasına gəldikdə, cənab Prezident, çox maraqlı bir şey müşahidə etdik ki, dünyada, Avropada bizə nə qədər dəstək göstərildi. Ukraynanın “Dnepr” komandasının oyunçuları “Avropaya biz deyil, “Qarabağ” getməli idi” dedilər. Türkiyə, Rusiya, Avropa mediası Azərbaycanın, “Qarabağ”ın tərəfini tutaraq göstərdi ki, bu, təmiz qol idi. Cənab Prezident, biz bir daha gördük ki, Azərbaycan nə qədər ehtirama layiq, nə qədər sevilən, rəğbət bəslənilən, güclü bir ölkəyə çevrilib, insanların nəzərində imici nə qədər yüksəkdir. Biz bunun bir daha şahidi olduq. Bu, əlbəttə, cənab Prezident, Sizin diqqət və qayğınızın, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi əsasların bəhrəsidir. Biz bunlara görə Sizə dərin təşəkkür edirik. Çox sağ olun! Sizə kiçik hədiyyələrimiz var. İcazənizlə, onu Sizə təqdim etmək istəyirəm. Bu topun üzərində klubumuzun hər bir üzvünün imzası var. Doğrudan da, biz bir ailəyik. Bu mənəvi ailənin üzərində Sizin işığınız, dəstəyiniz var”.

Tahir Gözəl dövlətimizin başçısına klubun xatirə hədiyyələrini təqdim etdi.

Prezident İlham Əliyev dedi: “Mənə də məlumat verildi ki, doğrudan da, Avropada böyük narahatlıq hissi yaranıb. Bu ədalətsizliyə qarşı Avropa da öz səsini ucaltdı. Çünki bir daha demək istəyirəm ki, insanlar bir çox məsələ ilə - məhrumiyyətlərlə, yoxsulluqla barışa bilərlər. Amma ədalətsizliklə barışmaq mümkün deyil, özü də bu ədalətsizlik hamının gözü qarşısında baş verəndə. Əlbəttə, bu, insanları haqlı olaraq coşdururdu və şadam ki, burada, Avropanın idman aləmində də həmrəylik göstərilmişdir. Yəni, sizə olan mənəvi dəstəyi mən yüksək qiymətləndirirəm.

Bir məsələni də vurğulamaq istəyirəm. O hadisə oyunun son dəqiqələrində baş vermişdir. Ancaq mən oyunu izləyərkən bir məqama da diqqət yetirdim ki, komanda özünü necə ləyaqətlə aparmışdır. Çünki o anda emosiyaları, ehtirasları cilovlamaq o qədər də asan məsələ deyildi. O, sıravi bir oyun deyildi, həlledici oyun idi və hər kəs gözəl görürdü ki, təmiz qol vurulmuşdur. Ona görə burada idmana xas olan etik normalar çərçivəsində davranmaq böyük bir mədəniyyət tələb edirdi. Siz də bu mədəniyyəti göstərmisiniz, bütün Avropaya göstərmisiniz. Bir çox komandalar özlərini başqa cür aparardılar. Həm azarkeşlər, həm oyunçular. Ancaq Azərbaycan azarkeşləri də, “Qarabağ” futbol komandası da yüksək mədəniyyət, ləyaqət göstərmişdir. Bu, hər şeydən üstündür. Qələbələr olacaq və ədalətsizliklər aradan götürüləcək. Əminəm ki, ədalət bərpa olunacaq və növbəti yarışlarda siz qələbənizi əldə edəcəksiniz. Ancaq “Qarabağ” artıq tarixə ləyaqətli komanda kimi daxil oldu. Sizə olan hörmət və eyni zamanda, dünyada, Avropada Azərbaycana olan rəğbət daha da artacaq.

Biz, ümumiyyətlə, hər bir sahədə özümüzü ləyaqətlə aparırıq. Bu, əsas şərtdir. Məişətdə, həyatda, siyasətdə, idmanda ləyaqət hər bir insan üçün başucalığı gətirir. Bu isə insanın daxilində olmalıdır və eyni zamanda, bu, tərbiyə olunmalıdır. Bax, bu gün Azərbaycanda yaşanan gözəl ab-hava, xoş ictimai iqlim bu müsbət meyilləri daha gücləndirir. Bizim ölkəmiz dinamik inkişaf edir, dünyaya açıqdır, əməkdaşlığa açıqdır, öz taleyini özü həll edir. Ölkəmiz 23 ildir müstəqil dövlət kimi yaşayır və bütün dünyaya sübut edə bilib ki, müstəqil dövlət kimi yaxşı yaşaya bilir və öz taleyini öz əlində saxlayır və saxlayacaq”.

Prezident qeyd edib ki, idman indi dünyada ictimai fenomendir: “İdmanı ictimai həyatdan ayırmaq mümkün deyil və iqtisadi cəhətdən güclü olan ölkələrdə, adətən, idman da sürətlə inkişaf edir. Ona görə idman infrastrukturunun, idmançılara yaxşı şəraitin yaradılması və bütövlükdə idman siyasətini prioritet kimi qəbul etməyimiz bax, bugünkü imkanları yaradıb ki, dünyada Azərbaycan idman dövləti kimi tanınır. Təsadüfi deyil ki, birinci Avropa Oyunları gələn il Bakıda keçiriləcək. Böyük hazırlıq gedir. Əminəm ki, futbolçularımız da hazırlıq işlərində fəal iştirak etməlidirlər. 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. Həm Avropa, həm İslam Həmrəyliyi oyunlarını keçirəcək ikinci belə ölkə yoxdur və yəqin ki, olmayacaq. Azərbaycan həm Avropada böyük rəğbətə malikdir, həm də İslam aləmində çox böyük hörmətlə qarşılanır.

Əlbəttə ki, İslam Həmrəyliyi Oyunlarını, Avropa Oyunlarını keçirməklə biz sivilizasiyalararası dialoqu daha da möhkəmləndiririk. Çünki Bakı, Azərbaycan bu dialoq üçün mərkəz rolunu oynayır və 2020-ci ildə Avropa futbol çempionatı da Bakıda keçiriləcək. Bildiyiniz kimi, on üç şəhər seçilmişdir. Bakı onların arasındadır. On üç şəhərdən dördü seçilmişdir ki, dörddəbir yarışlar bu şəhərlərdə keçiriləcək. Onlardan biri Bakıdır. Bax, budur bugünkü Azərbaycan, gözəl Bakı şəhərimiz və bizim uğurlarımız.

Əlbəttə ki, hər birimiz, hər bir Azərbaycan vətəndaşı öz sahəsində fəal işləməli, ümumi işimizə öz töhfəsini verməlidir. Çalışmalıdır ki, ölkəmiz daha da çiçəklənsin, inkişaf etsin, xalqımız daha da yaxşı yaşasın, təhlükəsizlik, əmin-amanlıq olsun, insanlarımız rahat yaşasın və belə də olacaq.

Sizi qələbə münasibətilə bir daha təbrik edirəm. Mən hesab edirəm ki, siz həm dekabrın 11-də, həm də ümumiyyətlə, Avroliqada qələbə qazanmısınız. Sizə yeni qələbələr arzulayıram”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm